Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Rafəddin Əsgərov azadlığa buraxılıb.
ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, müvafiq məhkəmə qərarı ilə R.Əsgərov cəzasının çəkilməmiş hissəsindən azad olunub.
O, bu gün 6 saylı Cəzaçəkmə Müəssisindən sərbəst buraxılıb.
Qeyd edək ki, R.Əsgərov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bibisi oğludur. O, 2010-cu ildə Ukraynanın Odessa şəhərində həbs edilib.
R.Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb, barəsində Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Fərhad Əliyev və “Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev 2005-ci il oktyabrın 19-da həbs olunub.
2007-ci ildə Fərhad Əliyev 10 il, Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Fərhad və Rafiq Əliyev qardaşları azadlığa buraxılıb.