Vaqif Xaçatryana hökm oxundu – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vaqif Xaçatryana hökm oxunub.
Cixisyolu.com-ın məlumatına görə, o, məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan
məhrum edilib.
14:23
Məhkəmə prosesində Vaqif Xaçatryana son söz verilib.
Cixisyolu.com-ın məlumatına görə, o bildirib ki, Meşəli hadisələrində iştirak etməyib.
“Mən günahsızam. O qədər cinayətkar qalıb, amma mən mühakimə olunuram. Kim ki
bu cinayətləri törədib, Allah onların cəzasını verəcək”, – deyə o əlavə edib.
Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra Vaqif Xaçatryan barəsində hökm
oxunacaq.
14:18
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində müttəhimin vəkili
Radmila Abılova çıxış edib.
Cixisyolu.com-ın məlumatına əsasən, müdafiəçi Vaqif Xaçatryana qarşı ittiham aktı
barədə fikirlərini bildirib.
İttiham aktındakı məsələləri sadalayan Radmila Abılova deyib ki, Vaqif
Xaçatryan özünü təqsirli bilmir.
“Vaqif Xaçatryan erməni milliyyətindən olan Azərbaycan vətəndaşıdır. Ona görə
də onun barəsindəki istintaq Azərbaycan qanunlarına tövsif edilir. Vaqif
Xaçatryan bildirir ki, o, Meşəli qətliamında iştirak etməyib. Bunun özü cinayət
tərkibi olmadığını göstərir. Mən təklif edirəm ki, Xaçatryan haqqında bəraət
hökmü çıxarılsın”, – deyə o əlavə edib.
Dövlət ittihamçısı Cövdət Mehrəliyev isə bildirib ki, Vaqif Xaçatryanın Meşəli
qətliamında iştirakı təsdiqlənib.
11:07
Dövlət ittihamçısı Müqəddəs Sultanov Vaqif Xaçatryana cəza istəyib.
Cixisyolu.com-ın məlumatına əsasən, prokuror Vaqif Xaçatryana qarşı 15 il azadlıqdan
məhrumetmə cəzası tələb edib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşı 65-dən yuxarı şəxslərə
ömürlük həbs cəzası təyin edilmir.
V.Xaçatryanın 68 yaşı var.
Məhkəmədə saat 14:00-a qədər fasilə elan edilib.
Daha çox şəkil burada: PhotoStock.az
10:33
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı
Müqəddəs Sultanov çıxış edir.
Cixisyolu.com-ın məlumatına əsasən, Müqəddəs Sultanov bildirib ki, Vaqif Xaçatryanın
cinayət işi o qədər də sadə bir məsələ deyil.
“Biz Vaqif Xaçatryanın yaxalandığı andan etibarən istintaq prosesini diqqətlə
izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab
davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb.
Bu, Azərbaycan xalqının alicənablığıdır. Amma xatırlayırsınızsa, Ermənistanda
vaxtilə mühakimə edilmiş şəxslər hansı işgəncə və təzyiqlərlə üzləşiblər. Biz
isə Vaqif Xaçatryana yüksək alicənablıq göstərdik”, – deyə o əlavə edib.
10:21
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif
Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.
Cixisyolu.com xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati
binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə
araşdırılır.
Prosesdə dövlət ittihamçıları – baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli
dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev
təqsirləndirilən şəxsə cəza istəyəcəklər.
07:36
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun
Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən
Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
Cixisyolu.com xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati
binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə
araşdırılır.
Prosesdə dövlət ittihamçıları – Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli
dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev
çıxış edəcəklər. Onlar təqsirləndirilən şəxsə cəza istəyəcəklər.
Qeyd edək ki, noyabrın 6-da keçirilən prosesdə V.Xaçatryanın cinayət işi üzrə
məhkəmə istintaqının başa çatdığı elanolunub
Xatırladaq ki, ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda
yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən
ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində
Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli
azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma,
silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə
təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan
Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə
13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan barəsində Cinayət
Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri
Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib
və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili
İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı
Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı
Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın
sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin
tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş
ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə
cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə
Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı
məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini
bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.