Bakıda qadını intim fotoları ilə şantaj etməkdə təqsirli bilinən Samir İsmayılzadə və Şəhriyar Abbasovun apellyasiya şikayət üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Abbasov səkkiz il, Samir İsmayılzadə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Əfsanə Məmmədova (ad və soyad şərti verilib – red.) “Instagram” sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.
Samir İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.
Məlum olub ki, Samir İsmayılzadə qadınla tanış olandan sonra onun intim video və fotolarını əldə edib. O, həmin foto və video ilə qadını şantaj edib.
Samir İsmayılzadə qadından pul alan zaman onunla birlikdə dostu Şəhriyar Abbasov da olub.
İki dost birlikdə Əfsanə Məmmədovanı şantaj ediblər. Ailəli olan qadını həmin görüntüləri ərinə göndərməklə də hədələyiblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.