Bakı Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov barəsində apellyasiya şikayətinə baxılıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, X.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası üç ilə endirilib.
Həmçinin, məhkəmə X.Məmmədova 12 min manat cərimə kəsib.
İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi X.Məmmədovu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.