Məhkəmə: “Şöbə rəisi dedi ki, yeyinti çoxdur, məndən 170 min manat istədi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin
sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə
Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə
idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin
sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə
keçirilən prosesdə N saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Faiq
Zeynalov ifadə verib.
Şahid deyib ki, hazırda hərbi hissələrin birində maliyyə xidmətinin rəisi
vəzifəsində çalışır:
“2018-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda 3 hərbi hissədə maliyyə
xidmətinin rəisi olmuşam. İşlədiyim hər üç hərbi hissədə də maliyyə yoxlamaları
aparılıb. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən hərbi hissənin
şəxsi heyətinə sərf olunması üçün olan vəsaitdən əlavə vəsaitlər istəmişəm. Bu
vəsait hesabıma köçürülüb. Amma baş idarədə bundan xəbərləri olmayıb. Daha
sonra təftiş zamanı bu pullar ortaya çıxıb. Həmin puldan 60 faizini təftişə
gələnlərə qaytarmışam”.
Faiq Zeynalov bildirib ki, onun tərəfindən ümumilikdə 3 hərbi hissədə maliyyə
yoxlaması zamanı 629 min manat ziyan müəyyən olunub, lakin həmin məbləğlə razı
olmayıb. Onun sözlərinə görə, sənədlər məhv edildiyi üçün bu məbləğin
azaldılması mümkün olmayıb: “Özüm ilk hərbi hissədən sənədlərin bir hissəni
taparaq maliyyəçilərə təqdim etdim. Onlar da araşdırandan sonra məbləğin həmin
hissəyə aid olan şişirdilmiş vəsaitlərini sildilər”.
Daha sonra şahid Faiq Zeynalov ifadəsinin davamında göstərib ki, ikinci xidmət
etdiyi hərbi hissədə ziyan 429 min manat yazılıb: “Bu məbləğlə bağlı sənədləri
taparaq yoxlamanı aparanlara verdim. 60 min manatını sübut edə bildim ki, hərbi
hissənin xərcləri olub. Araşdırılandan sonra 60 min manat qeyd olunan vəsaitdən
çıxarıldı. Yerdə qalan pulu isə mənimsəməyimlə bağlı yazıldı. Həmin vaxtı mənin
işimə təftişə Bayram Bayramov gəlmişdi. Bayram müəllim 2020-ci ilin dekabrında
yoxlamada oldu. Həmin vaxt Vətən müharibəsindən yeni çıxmışdıq. Bayram müəllim
fəaliyyətimi dərindən yoxlamadı. Ümumilikdə 200 min manat ziyan müəyyən edildi.
Onda Bayram müəllimlə yoxlamaya gələnlərə 80 min manat verdik. Bayram müəllim
isə özünə çatan pulu götürmədi”.
Faiq Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və
Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov, Hüseyn Paşayev və
İsrafil Rəsulzadə hərbi hissəyə təftişə gəliblər: “Onlar apardıqları təftişdə
yeyintini çox çıxarmışdılar. Rafael Xələfov məni Nizami müəllimlə hədələdi.
Mənə dedi ki, külli miqdarda yeyintiyə yol vermisən, yeyinti çoxdur,
terrorçususan. Həmin təftişlərin sonunda külli miqdarda yeyintinin olmasını
müəyyən etdilər. Mən 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim
etsəm də, bunu nəzərə almadılar. Rafael Xələfov məndən 170 min manat istədi.
Sonradan restoranda Rafael Xələfov, Bayram Bayramovla birlikdə görüşdük. Orada
içində 100 min manat olan çantanı Bayram müəllimin yanında stolun üstünə
qoydum. Daha sonra Bayram müəllim vasitəsilə 60 min manat vermişəm”.
Şahid deyib ki, sonuncu hərbi hissədə aparılan yoxlama zamanı 6 min 300 manat
ziyan müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə ittihamda göstərilən
vəsaitin 130-135 min manatı onun tərəfindən mənimsənilib. O bildirib ki,
dövlətə tərəfindən vurulmuş ziyanın ödənilməsinə çalışır və yaxın müddətdə bir
hissəsini ödəyəcək.
Daha sonra prosesdə iki şahid ifadə verib.
Məhkəmənin bu hissəsi qapalı keçirilib.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi
general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin
sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi
Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal
Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi,
polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat
İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar
idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi
Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə
ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon
manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə
külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli
sürülüb.