e99d85d5-d48e-40fc-8319-21457efbad8c..jpg

Məhkəmə ticarət mərkəzində cinayət törədən şəxslə bağlı qərar çıxardı

Baxış sayı: 700 dəfə baxılıb.

Məhkəmə ticarət mərkəzində cinayət törədən şəxslə bağlı qərar çıxardı

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada tanışını bıçaqlamaqda
təqsirləndirilən Yusif Səmədovun barəsindəki hökmdən verilən apellyasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Səmədov yeddi il müddətinə
azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli
cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 30 iyun 2021-ci il tarixdə, saat 19 radələrində Quba
şəhəri, H.Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi”nin ərazisində
qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Yusif Səmədov həmin ərazidəki kafedə spirtli
içki qəbul edib, sərxoş vəziyyətdə çölə çıxarkən yaxınlıqda tanışı, zərərçəkmiş
Təyyar Səfərovu və onun qohumu Elşənin birlikdə söhbət etdiklərini görüb. O,
həmin şəxslərə yaxınlaşıb. Təyyar isə ona şəxsi söhbətlərinin olduğunu deyib,
kənarlaşmasını istəyib. Lakin Yusif ona əhəmiyyət verməyib, onların yanından
çəkilməyib.

Daha sonra onların aralarında mübahisə yaranıb, zərərçəkmiş şəxs Yusifi
nalayiq ifadələrlə təhqir edib, üzərinə yeriyərkən onu itələyib yıxıb.
Təqsirləndirilən şəxs bundan hiddətlənərək ticarət mərkəzinin yaxınlığında
saxladığı avtomobilində gəzdirdiyi bıçağı götürüb geri qayıdıb. O, Təyyarı
təqib edərək ticarət mərkəzinin içində ona çatıb, kürək və qarın nahiyələrinə
üç zərbə endirib.

Hadisədən sonra Yusif Səmədov saxlanılıb və barəsində 126.2.4-cü (qəsdən
sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə)
maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə Yusif Səmədov ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli
bilib. O, ifadəsində göstərib ki, cinayət əməlini dörd aylıq körpə uşağına
qarşı istifadə olunmuş nalayiq ifadələrə görə törədib.

Source link