5cd7a9ad-1e72-48a7-b231-7be68806f6a3..jpg

Məhkəmə Vətən müharibəsi iştirakçısını girov götürən dəstə üzvləri ilə bağlı qərar verdi

Baxış sayı: 622 dəfə baxılıb.

Məhkəmə Vətən müharibəsi iştirakçısını girov götürən dəstə üzvləri ilə bağlı
qərar verdi

Bakı Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri
– Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramov və Kamil
Qədimov barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə
başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayəti təmin
edilməyib.

Qeyd edək ki, dəstə üzvlərinin oğurladığı və qarşılığında atasından 30 min
manat alınan Mikayıl Mikayılovun Vətən müharibəsi iştirakçısı olması üzə çıxıb.
Belə ki, M.Mikayılov bibisi oğlu ilə birgə müharibəyə qatılıb. Döyüşlərin
gedişində bibisi oğlu şəhid olub, Mikayıl isə sonadək müharibədə iştirak edib.
O, bibisi oğlunun məclisində iştirak etmək üçün cəbhədən yaşadığı Göyçay
rayonunun Ləkiçılpaq kəndinə gələrkən özü ilə iki ədəd F-1 qumbarası və
alışdırıcılar gətirib, onları yaşadığı evin həyətində basdırıb. Daha sonra
hərbi xidmətini tam başa çatdırıb doğma kəndinə qayıdan Mikayıl dostu İsmayıla
onda 2 ədəd qumbara olduğunu və satmaq istədiyini deyib. İsmayıl isə Mikayılı
qorxutmaq və onu girov götürərək ailəsindən pul almaq məqsədilə plan qurub. O,
bu məqsədlə həmkəndlisi İslamdan kömək istəyib. İslam da məsələ barəsində
dostlarına bildirib. Beləliklə 5 nəfərdən ibarət qrup yaradılıb. Bundan sonra
qrup üzvləri Mikayılı onun azad edilməsində dostu İsmayıl və Bayramın müsbət
rolunun olmasına inandırıblar və həmin şəxslərə əlavə 20 min dollar verməsini
boynuna qoyublar. Lakin bir müddət sonra Mikayıl aldadıldığını başa düşüb və
hadisənin elə İsmayılla Bayram tərəfindən təşkil edilməsini öyrənib, hadisə
barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət
Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər
tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu
yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə
ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 noyabr 2022-ci il
tarixli hökmü ilə Ruslan Əsgərov 11 il, İsmayıl Bədəlov 11 il, Elşən
Məmmədrzayev 11 il, İslam Bayramov 11 il və Kamil Qədimov 10 il 6 ay müddətinə
azadlıqdan mərhum ediliblər.

Bildirək ki, müharibədən qanunsuz silah gətirib satmağa çalışan Mikayıl
Mikayılov barəsində də əlavə araşdırmalar həyata keçirilib, cinayət işi açılıb.

Source link