Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elxan Ağayevin Cinayət Məcəlləsinin 120.2.9-cu (aşkar sürətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddəsilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il mayın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində kriminal aləmdə “Yaşka Bakinski” kimi tanınan 1952-ci il təvəllüdlü Baləhməd Baləhmədov qətlə yetirilib.
Əməliyyat-axtarış tədbirlərini həyata keçirən Qaradağ RPİ və 10-cu polis bölməsinin əməkdaşları onun qohumu, əvvəllər üç dəfə məhkum olunan Elxan Ağayevi saxlayıblar. Sonuncu əməlini etiraf edib.
İstintaqın gedişatında məlum olub ki, qətldən bir ay əvvəl onların arasında münaqişə yaşanıb. Belə ki, Ağayev Baləhmədovun kriminal aləmdəki nüfuzunu artıq saymadığı bildirib. Bu isə Baləhmədin xoşuna gəlməyib və o, Elxanı bıçaqlayıb.
Ağayev “Yaşka Bakinski”dən intiqam almağı qərarlaşdırıb və bu planını mayın 22-də həyata keçirib. O, sərxoş vəziyyətdə Baləhmədovun evinə gəlib və yataq otağında bıçaqla zərbələr endirərək, onu qəsdən həyatdan məhrum edib.
Araşdırma zamanı aydınlaşdırılıb ki, öldürülən Baləhməd Baləhmədov üst-üstə 38 il məhkumluq həyatı yaşayıb. “Vladimirskiy Sentral” kimi həbsxanada, o cümlədən Tümen və Mahaçqalada islah əmək koloniyalarında çəza çəkib. “Qanuni oğru” titulunu alsa da, bir müddətdən sonra həmin addan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs, сəzasını ciddi rejimli Cəzaçəkmə Müəssəsində çəkməklə 18 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.
Məhkum apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, E.Ağayevin şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.
C.H.
www.ÇıxışYolu.Com