Məhkumlara azadlıq vədi verən şəxsə elektron qolbaq taxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Qəhrəmanovun
(ad, soyad şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən
apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə
qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Binəqədi
Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsə
təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası üç il müddətinə
azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. Samir
Qəhrəmanovun həbsdə saxlanıldığı 1 il 20 gün müddət, azadlıqdan məhrumetmə
cəzasının müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki
günü hesabı ilə hesablanmaqla 3 il müddətinə azadlığın məhdudlaşdırılması
cəzasından çıxılıb. Beləliklə o, qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın
məhdudlaşdırılması cəzasına məhkum edilib.
İttihama görə, Samir Qəhrəmanov zərərçəkmiş A.A.-nın (şərti) etibarından
sui-istifadə edərək, onun Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan
cinayət işi üzrə həbs edilmiş tanışlarını həbsdən azad etdirəcəyini yalan vəd
verib. Təqsirləndirilən şəxs bu yolla həmin şəxsdən ümumilikdə 35 000 manat
məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra vədinə əməl etməyən
Samir Qəhrəmanov cinayət məsuliyyətinə cəlb olunub.