451b6824-743a-4302-a420-94e962cbb5d1..jpg

“Məhsul” stadionu ilə bağlı şok faktlar: “Zərərçəkmişdən 900 min manatı direktor alıb”

Baxış sayı: 575 dəfə baxılıb.

“Məhsul” stadionu ilə bağlı şok faktlar: “Zərərçəkmişdən 900 min manatı
direktor alıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar
İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət
işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid
Namazovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Nadir Əliyev ifadə
verib.

O bildirib ki, 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqlarının İdman
Təşkilatları Assosiasiyasının sədri olub.

Nadir Əliyev ifadəsində onunla birlikdə müttəhimlər kürsüsündə əyləşən Alik
Həsənovu ittiham edib. Deyib ki, stadion ərazisinin satılmasından, zərərçəkmiş
şəxslərdən pul alınmasından xəbəri olmayıb, pulları Alik Həsənov alıb.
Zərərçəkmiş Rauf İsmayılovdan 900 min manatı da Alik Həsənov alıb:

“Sonradan Rauf İsmayılov mənim yanıma gəldi. Söhbət zamanı məlum oldu ki,
pulları ondan Alik Həsənov alıb. Alikə zəng etdim, harada olduğunu soruşdum.
Dedi, xəstəxanadayam. Sonra söhbəti dəyişdi, görüşə gəlməkdən yayınmağa
başladı. Hər dəfə bir bəhanə gətirdi”.

Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki,
bu cinayət işinin başlanması bir oyun olub: “Bu, mənə və rəhbərliyimə qarşı
qurulan bir plan idi. Məqsəd bizə qarşı cinayət işini başlamaq, bizi həbs etmək
idi”.

Nadir Əliyev deyib ki, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları
Assosiasiyasının balansında olan stadionların satılması ilə bağlı sərəncam
olub. Bununla bağlı sahibkarlarla danışıqlar aparılıb, bütün qərar və
sərəncamları rəhbərlik verib.

Nadir Əliyev qeyd edib ki, Yasamal rayonunda yerləşən və 1,26 hektar torpaq
sahəsi olan “Məhsul” stadionu vəzifədə olduğu dövrdə sahibkarlara satılıb.
Stadion ərazisinin satılması üçün qərarı rəhbərlik verib. Bu işlədən xəbəri
olmayıb, heç bir təqsiri yoxdur: “Bütün işləri Alik Həsənov görüb. Onun
qanunsuz hərəkətlərindən mən xəbər tutdum və rəhbərliyə məruzə etdim. Bundan
sonra Alik Həsənov işdən çıxarıldı”.

Zərərçəkmiş Rauf İsmayılov bildirib ki, şifahi qaydada razılaşdırılmış vəsaiti
ödədikdən bir müddət sonra sənədləşmə prosesinin ləngidiyini görüb: “Bundan
narahat oldum. Nadir Əliyevlə bir neçə dəfə görüşdüm. Sonuncu görüşdə Nadir
Əliyev məni inandırdı ki, məsələ həllini tapacaq. Dedi ki, sənədləşmədə heç bir
problem yoxdur. Məsələ rəhbərliyə məruzə edilib. Sənədləşmə hazır olan kimi
sizə xəbər edəcəyik, gəlib sənədi götürərsiniz”.

Digər zərərçəkmiş Yusif Vəlixanov da çıxışında deyib ki, Rauf İsmayılovun
Nadir Əliyevlə görüşlərindən xəbərdar olub: “Bizdən bir nəfər nümayəndə gedib
Nadir Əliyevlə görüşməsi təklif olundu. Biz də Rauf müəllimi seçdik. Rauf
müəllim Nadir Əliyevlə görüşdən qayındada gülə-gülə dedi ki, məsələ həll
olunub, bizdən pulları Alik Həsənov alıb və rəhbərliyə çatdırıb. Biz də arxayın
olduq ki, sənədlərimiz düzələcək. Amma əksinə oldu. İndi burada vicdanları
varsa, düzünü danışsınlar”.

Bu zaman Nadir Əliyev “mənim vicdanım təmizdir” deyə zərərçəkmişə cavab verib.
Bildirib ki, istintaq dövründə də sərəncamların rəhbərliyin verdiyini deyib,
amma işlərin başında rəhbərliyin dayandığını gizlədib.

Vəkillərin suallarını cavablandıran Nadir Əliyev ibtidai istintaq zamanı
verdiyi ifadəsini təsdiqləməyib. Bildirib ki, zərərçəkmiş Elçin Rüstəmovdan
aldığı pulu konfederasiyanın rəhbərinə çatdırması barədə ibtidai istintaqa
verdiyi etirafedici ifadəsi təzyiq altında olub.

Bu səbəbdən vəkillər Nadir Əliyevin ibtidai istintaq zamanı verdiyi
ifadələrinin elan olunmasını istəyiblər. Hakim bildirib ki, növbəti iclasda
Nadir Əliyevin ifadələri elan olunacaq.

Nadir Əliyev həmçinin məhkəmədə deyib ki, konfederasiyasının balansında olan
bütün stadionlar bankda girovdadır. Stadionları banka Elçin Rüstəmov girov
qoyub.

Daha sonra Alik Həsənovun vəkili Nadir Əliyevin sahibkarlara qarşı dələduzluq
faktında birbaşa rol oynadığını sübut edən səsyazısının olduğunu deyib. Vəkil
səsyazısının dinlənilməsi barədə vəsatət verib.

Hakim vəsatətin baxılmamış saxlanılması barədə qərarı açıqlayıb. Deyib ki,
növbəti prosesdə Nadir Əliyevin ifadəsi elan olunduqdan sonra həmin
səsyazısının dinlənilməsi məsələsi müzakirə oluna bilər.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Yasamal rayonu ərazisində – metronun “İnşaatçılar” stansiyasının
yaxınlığında yerləşən “Məhsul” stadionunun direktoru Alik Həsənov həbs olunub.
O, stadion ərazisini satmaq adıyla sahibkarları aldatmaqda ittiham olunur.

Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində
yerləşən “Məhsul” stadionu “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində
olub. Alik Həsənov klubun direktoru vəzifəsini tutub.

Alik Həsənovla birlikdə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları
Assosiasiyasının sədri Nadir Əliyev də həbs edilib. İddia olunur ki, onlar
sahibkarları birlikdə aldadıblar.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların
tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə
satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də
konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

Bundan başqa, Alik Həsənovun özünün ayrıca daha bir sahibkarı aldadıb pulunu
ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir
sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli
şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360
min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli
miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə)
maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və
Yusif Vəlixanovdur.

Source link