38f61ffe-1f80-4d46-9a44-c24c74376b28..jpg

Məişət texnikası ilə bağlı düz bildiyimiz səhvlər – Ekspert məsləhətləri – FOTO

Baxış sayı: 1. 052 dəfə baxılıb.

Məişət texnikası ilə bağlı düz bildiyimiz səhvlər – Ekspert məsləhətləri – FOTO

Məişət texnikasında istifadə etdiyimiz elektrik məhsulların düzgün istifadə
qaydalarını bilmədikdə, həm canımıza, həm də cibimizə ziyan edirik. Yanlış
istehlak daha çox elektrik israfına səbəb olur və cihazın ömrünü azaldır.

Soyuducu, kondisioner, paltaryuyan, qabyuyan maşınlar, telefonlar, kompüterlər
hamımızın həyatını asanlaşdıran önəmli cihazlardandır. Lakin bu məhsulların
düzgün istifadə qaydalarını bilmədikdə, həm canımıza, həm də cibimizə ziyan
edirik. Yanlış istehlak daha çox elektrik israfına səbəb olur və cihazın ömrünü
azaldır. Sıradan çıxan cihaz isə evdə yanğına, partlayışa səbəb ola bilir.
Bununla təcrübədə də rastlaşmışıq.

Bəs evdəki elektrik əşyalarımızın istifadəsi ilə bağlı bu günə qədər düz
bildiyimiz səhvlər nələrdir?

“Kaspi”

qəzeti bu suala cavab tapmağa çalışıb.

Əvvəlcə soyuducudan başlayaq.

Soyuducular həddindən artıq ərzaqla doldurularsa…

Ən önəmli məsələlərdən biri, soyuducunun yerinin düzgün seçilməsidir.
Soyuducunu yerləşdirərkən onun pəncərədən və qaz pilətəsindən uzaq, soba ilə
arasında ən azı 10 sm məsafədə olmasına diqqət yetirməliyik. Həmçinin soyuducu
divara tam söykənməməlidir. Mütləq divarlar arasında boşluq buraxılmalıdır.

Elektrik mütəxəssisi, mühəndis Fuad Kərimov deyir ki, soyuducunu ekonom
rejimində istifadə etməyin ən vacib addımlarından biri ehtiyacınıza uyğun
məhsulları almaqdır: “Ehtiyacınızdan daha çox məhsul alsanız, enerji istehlakı
artacaq. Soyuducular həddindən artıq ərzaqla doldurularsa, yüklənəcək və daha
çox enerji sərf edərək işləyəcək”.

Bir dəfəyə çox paltar yumaq işimizi rahatlaşdırır?

Bu gün insanların ən sevdiyi ixtiralardan biri də paltaryuyan maşınlardır.
Lakin onlarla bağlı da düz bildiyimiz səhvlər çoxdur. Ən böyük səhvlərdən biri
paltaryuyan maşınların qapısını bağlı saxlamaqdır. Mütəxəssis deyir ki, paltar
yuyulduqdan sonra, nəmin buxarlanması üçün maşının qapısı açıq olmalıdır: “Qapı
bağlı qaldıqda, içəridə qalan nəm pis qoxuya səbəb olur. Daha sonra bu qoxu
növbəti yuyulmada paltarlara hopur. Soyuducu kimi paltaryuyan maşının da yük
götürmə dərəcəsi var. Əgər 3 kilo yuya bilmə gücü varsa, 6 kilo paltar yumağa
çalışdıqda, bu, mühərriki sıradan çıxarır. İnsanlar düşünür ki, bir dəfəyə çox
paltar yumaq onların işini rahatlaşdırır və qənaət edirlər. Amma bu, əksinədir.
Çünki maşın gərgin işləyəndə daha çox elektrik sərf edir. Bundan əlavə,
məişətdə istifadə olunan elektrikli avadanlıqlar iş bitdikdən sonra mənbədən
ayrılmalıdır. Birbaşa birləşmiş və daimi qoşulu qalan avadanlıqlar öz gücünə
uyğun naqillərlə və mühafizə açarları ilə qoşulmalıdır. Naqilində, korpusunda
birləşdirici başlığında nasazlıq olan heç bir avadanlığı təhlükəsizlik
baxımından işlətmək olmaz”.

Kondisionerlərin ideal temperaturu neçədir?

Bir çoxumuzun şikayəti yay aylarında elektrik sərfiyyatının çox olmasıdır.
Bunu kondisionerlə əlaqələndirib, yayda işıq pulu qəbzlərinə təəccüblənmirik.
Amma düzgün istifadə etməklə, sərfiyyatı az da olsa, azalda bilərik. Mütəxəssis
deyir ki, diqqət etməli olduğunuz ilk məqam kondisionerlərin işlədiyi
temperaturdur. Hər kəsin özünü rahat hiss etdiyi temperatur fərqli olsa da,
22-25 dərəcə arasındakı temperatur ideal mühit temperaturu kimi tanınır. Önəmli
olan çölün temperaturu ilə evin temperaturundakı balansı qorumaqdır. Məsələn,
çöldə 30 dərəcə isti olanda, eviniz daha tez soyusun deyə 18 dərəcəyə təyin
edilməsi, kondisionerinizin daha gərgin işləməsinə səbəb olur. Bu da elektrik
istehlakını artırır.

Tez-tez söndürüb-yandırmaq da ziyanlıdır

Həmsöhbətimizin sözlərinə görə, xüsusilə yay fəslində kondisionerləri tez-tez
söndürüb-yandırmaq da çox enerji sərfiyyatına səbəb olur: “Kondisionerinizi
daim yandırıb-söndürsəniz, cihazlarınız bütün sistemlərini yenidən işə
saldıqları üçün demək olar ki, bir neçə dəfə çox enerji sərf edirlər. Nəticə
etibarı ilə, elektrik enerjisi istehlakı yandırma və söndürmə tezliyindən asılı
olaraq daim artır. Bu səbəbdən gün ərzində ətraf mühitin temperaturu
sabitləşənə qədər kondisionerlərinizi mümkün qədər söndürməməyə və tək bir
temperaturda işlətməyinə diqqət etməlisiniz. Bundan əlavə, kondisioner öz
gücünə uyğun naqillə çəkilməli və avtomatla qoşulmalıdır”.

Telefonları ən az neçə faizdə şarj etməliyik?

İnformasiya Texnologiyaları üzrə ekspert Qafar Əhmədov deyir ki, telefonumuzu
söndürsək belə, batareya daim işləyir, keyfiyyətdən düşür. Amma bu prosesin
sürətini azalda bilərik: “Telefonun 0 faizə qədər enerjisini işlətdikdən sonra
şarj etmək batareyanın ömrünü azaldır. Çünki passivləşən batareya birdən-birə
bütün enerjini özünə çəkir. Bu da tam hərəkətsiz zərrəciklərin daha sürətlə yer
dəyişməsinə gətirib çıxarır, nəticədə batareyaya zərər dəyir. Bu 5 və 10 faizə
də aiddir. Minimal şarj həcmi 20 faiz götürülür, bu zaman batareya normal
şəkildə enerji yığmağa başlayır. Telefon 100 faiz enerji yığdıqdan sonra şarj
etməyi dayandırır. Bundan sonra cihazı şarjda saxlamaq məsləhət deyil”.

Bu zaman batareya partlaya bilər

Həmsöhbətimizin sözlərinə görə, cihazları həddən artıq soyuq və isti
temperaturda şarj alətinə qoşmaq olmaz. Bu prosesdə batareya bir neçə aya xarab
ola bilər: “Bu yeganə haldır ki, bu zaman batareya hətta partlaya bilər. Bu
hala daha çox avtomobildə rast gəlinir. Belə ki, telefon şarj alətinə taxılıb
şüşənin önünə qoyulur, üzərinə günəş şüaları düşür. Bunu etmək olmaz.
Ümumiyyətlə, cihazları soyuqda və istidə saxlamaq olmaz. Bundan əlavə,
telefonların dəstəkləmədiyi adapter başlıqları ilə şarj etməyin. Məsələn, “x”
firmanın məhsulunu “y” adapteri ilə şarj etmək telefonunuzun ömrünü azaldır”.

Source link