935a37d9-caf3-4af1-b79e-f82357a1c1e8..jpg

Məkrli planları pozan görüş – RƏYLƏR

Baxış sayı: 2. 734 dəfə baxılıb.

Məkrli planları pozan görüş – RƏYLƏR

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni əsilli sakinlərin
nümayəndələri ilə ilk rəsmi təmas reallaşdı. Ekspertlər də bu qənaətdədir ki,
məlum görüş rəsmi Bakının öz vətəndaşlarından heç vaxt imtina etmədiyi anlamına
gəlir.

“Kaspi”

qəzeti mövzunu inkişaf etdirərək yazır:

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycan bölgədə
sülh və sabitliyin təmin edilməsi, təhlükəsizliyimizə təhdid yaradan məqamların
sıradan çıxarılması istiqamətində hədəflərinə doğru qətiyyətlə addımlayır.
Artıq Azərbaycanın müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətindəki
ərazilərində suveren hüquqlarımızın təmin edilməsinə, burada məskunlaşmış
erməni sakinlərinin reinteqrasiya prosesinə rəsmən start verilib. Hətta Milli
Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində
yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
O, martın 1-də Xocalı şəhərində, Rusiya sülhməramlılarının müvəqqəti
qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
təmsilçiləri ilə görüşüb. Ekspertlər də bu qənaətdədir ki, məlum görüş rəsmi
Bakının öz vətəndaşlarından heç vaxt imtina etmədiyi anlamına gəlir.

“Suverenliyimizi tam təmin etməyə çox yaxınıq”

Milli Məclisin deputatı Elşad Mirbəşir “Kaspi”yə açıqlamasında bildirdi ki,
ərazimizdə yaşayan ermənilər yalnız Konstitusiyamıza tabe olaraq Azərbaycan
vətəndaşları statusunda mövcudluqlarını davam etdirə bilərlər: “Cənab
Prezidentin də hər zaman xüsusi vurğuladığı kimi, Azərbaycanın Qarabağ
ərazisindəki ermənilərin gələcək hüquqi vəziyyəti, təhlükəsizliyi məsələsi
daxili işimizdir və bunu digər subyektlərlə müzakirə etmək fikrində deyilik.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də dövlət başçısı Azərbaycan
ərazisində yaşayan ermənilərlə müzakirələrin aparılmasının mümkünlüyünü
bildirmişdi. Lakin cənab Prezident orada bir məqamı xüsusilə qeyd etdi: Biz bu
müzakirələri Azərbaycanın ermənilər yaşayan ərazisinə göndərilən kənar şəxslə,
yəni Vardanyanla deyil, Qarabağda doğulmuş, orada yaşayan, şəxslərlə apara
bilərik. Dövlət başçısının bu mövqeyindən bir neçə gün sonra Vardanyan
separatçı rejimindəki “vəzifə”sindən uzaqlaşdırıldı. Bu, bizim ermənilərin
yaşadığı Azərbaycan əraziləri üzərində suverenliyimizi tam təmin etməyə çox
yaxın olduğumuzu göstərir. Proseslər dövlətimizin siyasi rəhbərliyinin iradəsi
altında cərəyan etməkdədir. Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərlə
müəyyən təmaslar təcrübəsi artıq mövcuddur”.

Rəsmi Bakının mövqeyi dəyişməzdir

Deputat hesab edir ki, Qarabağ ərazisində yaşayan erməni sakinləri ilə
müzakirənin aparılması bir neçə mühüm məqamdan xəbər verir: “Birinci məqam
ondan ibarətdir ki, ermənilər artıq Azərbaycanın tələblərinə uyğun şəkildə ölkə
ərazisində mövcudluqlarını davam etdirə biləcəklərini anlayırlar. Bu tələb
Konstitusiyamıza, qanunlarımıza tabe olaraq Azərbaycan vətəndaşlığını qəbul
etməkdən ibarətdir. Eyni zamanda, rəsmi Bakının hər zamankı mövqeyi də dəyişməz
olaraq qalır. Separatçılarla heç bir halda hansısa məsələ müzakirə edilmir.
Danışıqlar yalnız Azərbaycan ərazisində yaşayan erməni sakinlərin təmsilçiləri
ilə aparılır. Yəni ərazimizdə separatizmi körükləyən, əli azərbaycanlı qanına
bulaşmış şəxslər danışıqlarda tərəf müqabilimiz ola bilməz. Martın 1-də
reallaşan görüş zamanı Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiya
məsələləri ətrafında da müzakirələrin aparıldığı bildirilir. Hesab edirəm bu,
bütövlükdə bizim haqlı mövqedən çıxış etdiyimizi bir daha nümayiş etdirir”.

“Separatizmə son qoyacağıq”

E.Mirbəşir vurğuladı ki, azərbaycanlı ekofəalların ermənilərin yaşadığı
ərazilərdə təbii sərvətlərimizin qeyri-qanuni istismarına son qoyulması
məqsədilə Laçın yolunda ötən il dekabr ayının 12-dən başlatdığı, bu gün də
davam edən aksiyaları öz nəticəsini verib: “Bununla da həmin ərazilərdə faydalı
qazıntıların çıxarıldığı mədənlərin monitorinqinin həyata keçirilməsi imkanı
təmin olunur. Ən başlıca məqam isə bu görüşlərin bizim gələcək
təhlükəsizliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət daşımasıdır.
Artıq Azərbaycan ərazisində separatizmin sonunun yaxınlaşdığının əlamətləri
görünməkdədir. Separatizmin mövcudluğu təhlükəsizliyimizə təhdiddir. Əgər
Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiyası istiqamətində
müzakirələr gedirsə, deməli, erməni separatizminə də son qoyacağıq. Bu görüşlər
bir daha ona dəlalət edir ki, Azərbaycan ərazisində ermənilərin təhlükəsiz,
dinc şəraitdə mövcudluqlarını davam etdirməsi üçün bütün imkanlar yaradılır.
Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri tam təhlükəsiz şəraitdə
yaşayırlar, ölkəmizdə etnomilli zəmində heç vaxt diskriminasiya halı müşahidə
edilməyib. Bu müzakirələr əsnasında belə məqamların diqqətə çatdırılması da
əhəmiyyətli olacaq”.

“Bu görüş məkrli planları pozdu”

Millət vəkili Ceyhun Məmmədovun da qənaətincə, belə görüşün keçirilməsi
Azərbaycanın növbəti uğurudur: “Məlum danışıqlar ayrı-ayrı dövlətlərin
Azərbaycanla bağlı məkrli planlarının pozulmasıdır. Bu görüş bütövlükdə
Azərbaycanın inkişafına ciddi və müsbət təsirini göstərəcək. Çünki rəsmi Bakı
bu məsələlərə yanaşmada prinsipial və qətiyyətli mövqe ortaya qoyub. Hər zaman
müəyyənləşdirdiyi hədəflərə çatıb, məqsədinə nail olub. Artıq prosesə
başlanılıb. Görünən odur ki, danışıqlar davam edəcək. Bu danışıqlar nəticəsində
biz yolunu azmış erməni vətəndaşlarımızı yenidən Azərbaycana reinteqrasiya edə
biləcəyik”.

Source link