Məktəbəqədər təhsil bir yaşından başlaya bilər

Məktəbəqədər təhsil bir yaşından başlaya bilər

Baxış sayı: 2. 701 dəfə baxılıb.

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 2-də keçirilən iclasının gündəliyinə “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi salınıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, mövcud qanuna təklif olunan dəyişiklikdə göstərilir ki, 14.5.1-ci maddəyə “xüsusi uşaq bağçası” sözləri və “…digər məktəbəqədər təhsil müəssisələri” sözləri əlavə olunsun.

Həmçinin, 18.3-cü maddədəki “üç yaşından” sözlərinin “1-6 yaşlı uşaqları əhatə edir” sözləri ilə əvəzlənməsi təklif olunur.

Adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli adıçəkilən dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə parlamentə göndərildiyini və təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O qeyd edib ki, dəyişikliklər həm mövcud təhsil qanununa, həm də ölkənin təhsil ictimaiyyətinə, təhsilin inkişafına öz müsbət töhfəsini verəcək.

Komitə sədri ölkədə məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının sayının çoxaldığını, onların müasir standartlara cavab verə biləcək dərəcəyə çatdırılması istiqamətində mühüm addımların atıldığını deyib:

“Ölkə prezidentinin apardığı siyasət, inkişaf sayəsində Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının sayı artmaqda, genişlənməkdədir. Bu işlər hər birimizin gözü qarşısındadır.

Təhsil qanununa “Məktəbəqədər təhsil haqqında” qanunun qüvvəyə minməsi ilə bağlı mühüm dəyişikliklərin təklif olunması da bununla – inkişafımızla bağlıdır. Bu dəyişikliklər həm təhsil qanunumuzun zənginləşməsinə, həm də təhsil sahəsinin ikişafına öz töhfəsini verəcək”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com