7fde0498-3bd7-43d8-a541-3d42659761fe..jpg

Məktəbdə başlanan sevgi şantaja çevrildi: Ata övladının intim şəkilləri yayılmasın deyə evini satdı

Baxış sayı: 997 dəfə baxılıb.

Məktəbdə başlanan sevgi şantaja çevrildi: Ata övladının intim şəkilləri
yayılmasın deyə evini satdı

Ali Məhkəmədə Abşeron rayonunda sevgi münasibətində olduğu qadını şantaj
edərək külli miqdarda pul almaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Rauf
Vəliyev barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, R.Vəliyev barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu
ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə)
maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırmalar zamanı məlum olub ki, qab-qacaq ticarəti ilə məşğul olan Rauf ilə
orta məktəbdə ondan bir sinif yuxarı oxumuş Ülviyyə Abdullayeva (ad və soyad
şərtidir) sevgili olublar. Daha sonra onların arasındakı sevgi münasibəti
universitetdə davam edib. Lakin 2002-ci ildə Raufun polis tərəfindən tutulması
və keçirdiyi həyat tərzi Ülviyyənin ondan uzaqlaşmasına səbəb olub və onların
ikisi də başqa şəxslərlə ailə quraraq yollarını ayırıblar.

Bundan təxminən 17 il sonra Rauf sosial şəbəkə vasitəsilə Ülviyyəni tapıb və
onlar yenidən münasibət yaradıblar. Aralarındakı sevgi münasibəti yenidən
alovlanandan sonra Raufun təkidi ilə Ülviyyə çılpaq fotolarını ona göndərib.
Həmin vaxt Rauf fotoları telefondan sildiyini bildirsə də, ekranın şəklini
çəkərək ona göndərilmiş çılpaq fotoları özündə saxlayıb. Bu müddət ərzində
onlar müxtəlif ünvanlarda görüşüblər.

Lakin daha sonra Rauf Ülviyyəni şantaj etməyə başlayıb. O, 100 min manat
verməyəcəyi təqdirdə Ülviyyənin çılpaq görüntülərini yayacağını, onu qohumları,
tanışları arasında rüsvay edəcəyini bildirib. Ülviyyə bu barədə atasına
dedikdən sonra işə onun valideyni qarışıb və o, Raufla görüşüb. Ülviyyənin
atası evini sataraq 50 min manatı 2020-ci ilin oktyabr ayının 15-də Novxanı
yolunda yerləşən “Alfa” adlı kafedə Raufa verib.

Bu görüş zamanı Rauf Ülviyyənin atasına bütün görüntüləri sildiyini və daha
onlardan əl çəkdiyini bildirib. Lakin beş ay sonra Rauf yenidən Ülviyyə və
atasını şantaj etməyə və daha 50 min manat tələb etməyə başlayıb. 2021-ci ilin
fevral ayının 27-də polisə Raufun əməlləri barədə məlumat verildikdən sonra o
tutulub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rauf Vəliyev bildirib
ki, tələbə vaxtı Ülviyyə ilə evlənmək istəyib. Həmin vaxt Ülviyyənin ailəsi
ondan Bakıda ev almasını tələb edib:

“Həmin vaxt Bakıda mənzil almaq üçün evimizi satdıq, amma paytaxtda ev ala
bilmədik. Pulumuz da batdı. Ülviyyədən 50 min manat tələb edib aldığımı etiraf
edirəm və bu əmələ görə çox peşmanam”.

Məhkəmədə sübut kimi Ülviyyə və Rauf arasında olmuş mesajlaşmalar elan edilib.
Həmin yazışmalarda üç uşaq atası olan Rauf Vəliyevin intim münasibətdə olduğu
Ülviyyəni hədələməsi, görüntüləri onun ərinə, oğluna və sair şəxslərə
göstərəcəyini deməsi qeyd edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Vəliyev Cinayət
Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Source link