3b9b443e-97c6-42e7-bbdc-f584e3861436..jpg

“Məktəblərdə təhsilin səviyyəsi qaldırılmalı, repetitorluq ləğv edilməlidir” – FOTO

Baxış sayı: 668 dəfə baxılıb.

“Məktəblərdə təhsilin səviyyəsi qaldırılmalı, repetitorluq ləğv edilməlidir” –
FOTO

Bu il DİM tərəfindən keçirilmiş buraxılış imtahanlarında maksimal nəticənin
(300 bal) qeydə alınmaması ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bir çox
ekspertlərin fikrincə, imtahan nəticələrinin ürəkaçan olmaması təhsilin
keyfiyyətinin aşağı düşməsindən irəli gəlir.

Bəs, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri bu barədə nə düşünürlər?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev
bildirib ki, imtahanda abituriyentlərin yüksək nəticə əldə edə bilməməsi
təhsilin səviyyəsinin aşağı olması mənasına gəlmir:

“Fikrimcə, maksimal bal sayılan 700 balı təhsilin keyfiyyət göstəricisi kimi
qiymətləndirmək doğru olmaz. Cəmiyyətdə elə fikir yaranıb ki, 700 bal toplayan
abituriyent yoxdursa, deməli təhsilin səviyyəsi aşağıdır. Məncə, əsas 600-dən
yuxarı bal toplayan abituriyentlərin sayının enməməsi, 0-100 bal arası nəticə
göstərən abituriyentlərin sayının artmamasıdır. Amma təəssüf ki, biz son
illərdə 0-100, 0-200 bal toplayan abituriyentlərin artımını müşahidə edirik.
Bu, funksional savadsızlıq deməkdir. Düşünürəm ki, əsas faktor bunlardır. Ola
bilər, abituriyent imtahan zamanı verilən suallardan bir, yaxud ikisini yanlış
cavablandırdığına görə maksimal nəticə toplaya bilməsin. Amma bütün hallarda o
abituriyentləri də həvəsdən salmaq olmaz. Əsas 600-700 bal arası nəticələrin
müsbətə doğru irəliləməsidir. Digər tərəfdən hər il DİM sədri Məleykə Abbaszadə
qəbul prosesindən sonra statistik təhlil aparır. Orada maraqlı məsələlərə
toxunulur. Məsələn, hansı rayonlar üzrə əlaçı attestatı verilən
abituriyentlərin bilikləri qəbul zamanı özünü doğrultmayıb? Hansı abituriyentə
əlaçı attestatı verilib, amma o, imtahanda 0-200 bal arası nəticə göstərir. Bu
çox ciddi məqamdır. Fikrimcə, bu məsələyə ciddi diqqət göstərmək lazımdır”.

Deputatın sözlərinə görə, abituriyentlərin 700 bal toplaya bilməməsinin səbəbi
repetitor və məktəb müəllimlərinin şagirdlərə verdiyi biliklər arasında
uyğunsuzluğun olmasıdır.

“Düşünürəm ki, repetitor və məktəb müəllimlərinin verdiyi biliklər arasındakı
uyğunsuzluq şagirdlərin maksimal nəticə əldə etməsinə ciddi təsir göstərir.
Uşaqlar ibtidai təhsil pilləsindən repetitor yanına gedirlər. Müəllimlər
onların valideynlərini inandırmağa çalışır ki, uşaq zəifdir və dərsləri sinifdə
lazımi səviyyədə başa düşə bilmir. Fikrimcə, bu yaxşı hal deyil. Uşağı ibtidai,
orta təhsil pilləsindən repetitor yanına göndərmək onda yorğunluğa səbəb olur.
Nəticədə onlar məktəblə repetitor arsında qalır. Amma mən bütün hallarda məktəb
təhsilinin keyfiyyətinin yaxşılaşdırılmalı olduğunu düşünürəm. Heç olmasa,
valideynlər repetitorlara xərclədiyi vəsaiti uşaqlarının sağlamlığına, geyiminə
və qidalanmasına xərcləyə bilsinlər”.

Deputat Ceyhun Məmmədov isə imtahan nəticələrinin zəif olmasının səbəbini
təhsilin səviyyəsinin aşağı düşməsində gördüyünü vurğulayıb:

“Hesab edirəm ki, bu il abituriyentlərin 300 bal toplaya bilməməsi bilavasitə
təhsilimizin səviyyəsinin getdikcə aşağı düşməsinin göstəricisidir. Bu
tendensiya özünü açıq şəkildə göstərir. Təəssüflə qeyd etmək lazımdır ki, biz
son dövrlərdə bu istiqamətdə hansısa ciddi keyfiyyət və məzmun artımını
görmürük. Direktor təyinatları, müəllimlərin dünya görüşü, repetitorluq
fəaliyyəti və dərslərin təşkili ilə bağlı bir çox məsələlər var ki, bunlar öz
həllini gözləyir. Ancaq bunların həlli ilə bağlı hər hansısa ciddi addım
atılmır. Fikrimcə, bu, bilavasitə bizim universitetlərdəki təhsilin
səviyyəsindən asılıdır. Ali təhsil müəssisələrində təhsilin səviyyəsi elə də
ürəkaçan deyil. Bu gün müəllimlərin bilik səviyyəsi, dünya görüşü və tədris
metodu ilə bağlı ali təhsil müəssisəslərində xeyli problemlər var. Bizim ali
təhsil müəssisələrimiz Azərbaycan məktəbləri üçün keyfiyyətli, savadlı və
yüksək intellektə malik müəllimlər təqdim edə bilmirlər. Problem var, ona görə
də, biz təhsilin keyfiyyətini artırmaq üçün kompleks addımlar atılmalıyıq.
Əslində bu, həmdə bizə ciddi mesajdır və proseslərdən ciddi nəticə
çıxarmalıyıq. Hər bir dövlətin inkişafı, irəli getməsi onun bilavasitə
təhsilindən asılıdır. Təhsillə bağlı məsələlərdə daha çox çalışmalı və səy
göstərməliyik ki, təhsilimizin keyfiyyətini və məzmununu artıraq. Qarşımıza
qoyduğumuz məqsədlərə nail ola bilək”.

Ceyhun Məmmədovun fikrincə, məktəblərdə təhsilin səviyyəsi qaldırılmalı və
repetitorluq ləğv edilməlidir.

“Hesab edirəm ki, repetitorluğun ləğvi üçün təhsilin səviyyəsinin artırılması
önəmlidir. Biz getdikcə insanları repetitorların yanından məktəbə qaytarmaq
əvəzinə təəssüf ki, əksinə məktəbdən repetitor yanına gedənlərin sayının
artdığını görürük. Qəbul imtahanlarında balları aşağı saldıqca, ali məktəbə
qəbul olan şagirdlərin səviyyəsi aşağı düşür. Bu da bütövlükdə təhsil
prosesində özünü açıq şəkildə göstərir. Ona görə də biz maksimum dərəcədə bu
məsələlərin həlli üçün işlər görməliyik. Ciddi addımlar atılmadıqca, yüksək
məzmundan və keyfiyyətdən danışa bilməyəcəyik”, – millət vəkili əlavə edib.

Source link