ce5432c6-a499-4179-99dd-b0b7e32792e2..jpg

Mələkxanım Əyyubova: “Yoldaşım çox qısqanc idi, onu…” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 785 dəfə baxılıb.

Mələkxanım Əyyubova: “Yoldaşım çox qısqanc idi, onu…” – MÜSAHİBƏ + FOTO

“Tələbəlik illərimi də tələbə kimi keçirə bilmədim. Çünki elə həmin ildən
“İrs” folklor ansamblı yarandı və Qulu müəllimin köməyi ilə orada yeganə ifaçı
kimi fəaliyyət göstərdim”

Bu sözləri Kulis.az-a müsahibəsi zamanı xanəndə, muğam ifaçısı, Xalq artisti
Mələkxanım Əyyubova deyib.

– Siz İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmisiniz. Çoxları
bunu bilmir…

– Musiqili-komediya aktyorluğunu bitirmişəm. Onuncu sinfi bitirdikdən sonra
xanəndəlik üzrə Asəf Zeynallı adına musiqi məktəbinə getmək istədim. Evdə o
vaxt dedilər ki, o universitet sayılmır, universitetə get. Mən də sənədlərimi
universitetə verdim. Qəbul imtahanına gələndə gördüm ki, muğam şöbəsindən başqa
hər şey var.

– Estrada da yox idi?

– Yox. Estrada sonradan açıldı. Sonra artıq geri dönüş yox idi. İmtahanda etüd
göstərməli idim. Təsəvvür edin ki, ağlaya-ağlaya hazırlaşdım. Çünki
muğamlarımızı oxumağa hazırlaşırdım. O qədər əziyyət çəkmişdim. Muxtar İmanov,
kafedra müdiri gözəl vokalist Rəhilə Cabbarova, Aslan Aslanov, xanəndə Qulu
Əsgərov bizdən imtahan götürürdülər. “Arşın Mal Alan” filmindən “Gülçöhrənin
ariyası”nı elə oxudum ki…

– Özləri istədilər, yoxsa siz təklif etdiniz?

– Mən demişdim. Bu, ən zil diapazonda olan bir ariya idi. Bundan o yana not
yox idi. 3-4 dəfə təkrar oxutdurdular. Xoşlarına gəldiyi üçün hər imtahanda
cavab verə bilməsəm də, məni oxutdururdular.

– Aktyorluqla yanaşı musiqi təhsili də aldınız?

– Fakültədə tələbələr ancaq müəllimləri ilə birgə vokalla məşğul olurdular.
Mən də dərslərə çox həvəssiz gedirdim. Muğam oxumaq istəyirdim. 5 il burada nə
edəcəyimi düşünürdüm. Yoldaşımın qohumları hələ biz onunla yeni tanış olduğumuz
vaxtlarda mənə universitetə girməli olduğumu deyirdilər. Mən isə muğam oxumaq
istəyirdim. Bir gün öz çarəmi özüm tapdım. Kafedraya gəlib Qulu müəllimi
tapdım. Dedim ki, mənim səsim var, oxumaq istəyirəm.

Soruşdu ki, nə oxuya bilirsən? “Qatar” oxudum. “Qatar”da səs zilə qalxdığı
üçün səsim bütün universiteti götürmüşdü. Bu vaxt təsadüfən dəhlizdən Aslan
Aslanov keçirmiş. Ayaq saxlayıb fikirləşib ki, axı belə tələbə qəbul etməmişik.
Qapını açıb içəri girəndə donub qaldı. Dedi, ay qızım, bu nə oxumaqdır? Sən
bunları da bilirsən? Ağlamağa başladım. Dedim, Aslan müəllim, mən elə bunları
oxuyuram. O gündən məni vokaldan azad etdilər. Qulu müəllim yeganə muğam
tələbəsi kimi mənimlə məşğul olmağa başladı. Beləliklə, beş il onun tələbəsi
oldum. Vokalla məşğul olsaydım, muğam potensialımı itirə bilərdim.

Tələbəlik illərimi də tələbə kimi keçirə bilmədim. Çünki elə həmin ildən “İrs”
folklor ansamblı yarandı və Qulu müəllimin köməyi ilə orada yeganə ifaçı kimi
fəaliyyət göstərdim. Heç kimə tanış olmayan səs və sima axtarırdılar. Bunu da
məndə tapdıqları üçün məni öz aralarına aldılar. Birinci kursdan “İrs” ansamblı
ilə efirlərə çıxmağa, xarici ölkələrə səfərlərə getməyə başladım.

– Qulu müəllimdən başqa, gənc müğənni kimi digər sənətkarlar tərəfindən necə
qarşılanırdınız?

– 1979-cu ildə bizdə qadın sənətkarlarımızın, Tükəzban xanımın, Sara
(Qədimova) xanımın, Şövkət (Ələkbərova) xanımın yaşlarının gözəl vaxtları idi.
Zeynəb Xanlarova, Elmira Rəhimova səhnədə idilər. O vaxt hər kəs qızını səhnəyə
buraxmırdı. Mən də “İrs” folklor ansamblında ilk dəfə milli paltar geyindim.
Qədim mahnılar ifa etməyə başladım. Sırf muğam burada da yox idi. Muğamlardan
kiçik parçalar ifa olunurdu. Ansambllar çox idi. Onlarda da xalq mahnıları çox
oxunmurdu. Milli ruhlu ifalar az idi.

Xalq Çalğı Alətləri Orkestrimiz var idi. “İrs”də bir il oxuduqdan sonra
Süleyman Ələsgərov səsimə görə məni bura gətirdi. Səsim həm opera, həm muğama
uyğun idi. “Gülçöhrənin ariyası”nı oxuyanda heç kim inanmazdı ki, mən həm də
klassik bəstəkarlarımızın lirik əsərlərini oxuya bilərəm. Orkestrə gələndə
Yalçın Rzazadə, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Elmira Rəhimova ilə
birlikdə işləməyə çalışırdım. Onlar da hər adamı özlərinə yaxın buraxmırdılar.
Bugünkü gündə həmin orkestrin solistiyəm.

Bəstəkarlarla işləməyə yeni-yeni mahnılar ifa etməyə başladım. Bir neçə ildən
sonra universiteti bitirdim. “İrs” folklor ansamblı müəyyən səbəblərə görə
dağıldı. Trio ilə məşğul olmağa başladım.

– Neçənci ildə?

– 1980-ci il olardı. O vaxt çox muğam konsertləri olmurdu. Əmir Hüseyn
Məcidovun dövlət televiziyasında klassik irsimizdən bəhs edən verilişi var idi.
Gənc ifaçı kimi orada həm ifa edir, həm də dəflə özümü müşayiət edirdim. Bayaq
adlarını çəkdiyim xanım sənətkarlarımızdan heç biri özünü dəfdə müşayiət
etmirdi. Uşaqlıqdan ritm duyumum güclü idi. Trioda çalışanda dəflə nağaraya
ehtiyac qalmırdı. Özüm özümü müşayiət edirdim.

– Əsas fəaliyyətə 80-ci illərdə başladınız ?

– Sırf 1993-cü ildən. Çünki 1988-ci ildən 1993-cü ilə qədər ölkəmizdə müharibə
şəraiti idi. Ancaq trio ilə gedib konsertlər verirdik. Kiçik heyət ansamblla
mümkün deyildi. Trio ilə ilk dəfə cəbhə bölgələrində konsertlər verirdik. Ondan
sonra da 1993-cü ildə musiqi mədəniyyətimizlə bağlı böyük bir tədbir keçirildi.
Orada çıxış etdim. 1995-ci ildə YUNESKO-da da trio ilə çıxış etdim. Məhəmməd
Füzulinin 500 illik yubileyi ilə əlaqədar İraqda da tədbirimiz oldu.

– Gözümüzü açandan Mələk xanım Eyyubova deyəndə, Möhlət Müslümov yadımıza
düşüb. O trio həmişə gözümüzün qabağına gəlib…

– Möhlət Müslümov məndən əvvəl trioda işləyib. Amma yadda qalmaq məsələsi var.
Mən sonra başqa triolarla çalışmışam. Əhməd Bakıxanovla də birgə işlərimiz
olub. Konsertlərdə iştirak etmişik.

– Səkinə xanımla söhbət edəndə, demişdi ki, Nəzakət xanım ona çox dəstək olub.
Bəs sizə qadın həmkarlarınızdan kim kömək olub? Yoxsa belə bir dəstəyə
ehtiyacınız olmayıb?

– O vaxt mənim dəstəyə, daha çox mənəvi dəstəyə ehtiyacım var idi. Bu, hər bir
gəncdə belədir. Adam böyük sənətkarların ürək-dirək verməsini istəyir. O
baxımdan orkestrdə çalışanda həmişə Şövkət xanım yanımda olub. Ona suallar
verirdim, çox gözəl cavablar alırdım. O, səhnəyə çıxmamış hələ adı çəkiləndə
böyük alqış gəlirdi. Bu, məni təəccübləndirirdi. Düşünürdüm, görəsən, mən də
elə ola biləcəyəm? Tamaşaçılar onun tək səhnədə oxumağını yox, yerişinə,
xanımlığına valeh olurdular. Bunları müşahidə edib özümə də arzulayırdım.
Şövkət xanımda həmişə həyəcan hiss edirdim. Deyirdi ki, bu, məsuliyyətdən
yaranır…

Sara xanımla da çox qastrol səfərlərində olmuşuq. O qədər gözəl insan idi ki.
Uşaq kimi qəlbi var idi. Hiss etmirdim ki, yanımda məndən yaşca böyük biri var.
Rübabə xanımla isə toyda olmuşam.

– Rübabə xanım ciddi və sərt qadın olub deyirlər.

– O ciddiliyin içində yumor da var idi.

– Çəkinirdiniz ondan?

– Gənclikdə özünü gözə soxmaq istəyirsən. Mən də mikrofon görən kimi götürüb
oxuyurdum ki, məni tanısınlar.

Üstündən 40 il keçməsinə baxmayaraq Səkinə xanımla bağlı yadımda daha çox şey
qalıb. Yaş fərqimiz az idi. Mən ondan 5-6 il sonra səhnəyə gəlmişdim. Səkinə
xanım öz qohumu ilə ailə qurmuşdu. Mənim taleyim onun həyatı ilə oxşar idi. Hər
dəfə həyat yoldaşı ilə gəlirdi. Qış, qar, çovğun demədən yoldaşı onu
gözləyirdi. O vaxt qohumum məni istəyəndə, Səkinə xanımdan məsləhət alırdım.
Həmin adam qısqanc idi.

Ondan soruşurdum necə olacaq? Ona “hə” desəm səhnə ilə bağlı problem
yaşayacağam? Səkinə xanım bildirirdi ki, əvvəl bir az çətinlik çəkəcəksən,
qısqanclıq olacaq, sonra isə inam-etibar yaranacaq, keçib gedəcək. O, mənə çox
mənəvi dəstək olurdu. Səkinə xanım geyimlərimə də yaxşı mənada çox müdaxilə
edirdi. Deyirdi paltarlarını özün tikdir. Belə olanda o paltardan ancaq səndə
olacaq, bu səni fərqli göstərəcək. Beləcə modelyerlə işləməyə başladım.
Geyimlərimdə və repertuarımda fərqliliyi sevirəm.

– Amma sizin bir klassik obrazınız var. Bu, dəyişməz olaraq qalır.

– O dəyişməməlidir. Yoxsa mən Mələkxanım olmaram.

– İndi bir çox xanımlar estetik əməliyyat etdirib bir-birinə bənzəyirlər.
Sizdə isə bunu görmürəm.

– Desəm ki, üzümdə botoks yoxdur, inanmayacaqlar. Gərək bunu görmək üçün sizin
kimi mənimlə üzbəüz otursunlar. Mən daha çox təbii maskalardan istifadə etməklə
dərimə qulluq edirəm.

Hərənin bir üslubu var. Əməliyyat etsəm, görünər də. Əleyhinə də deyiləm.
İstəsəm də, edə bilmərəm. Çünki zil diapazonda ifa edirəm. Üzümün ifadəsi
görünməlidir axı.

– İfa zamanı üz ifadəsi önəmlidir?

– Əlbəttə. Güc tətbiq edirsən, səsi beyinə verirsənsə, üz ifadən dəyişməlidir.
Tamaşaçı bunu görməlidir.

– Gənclik illərinizə baxanda, ovaxtkı enerjinizə həsəd aparırsınız?

– O vaxt da yorulurdum, tanınmaq üçün əziyyət çəkirdim, özünü təsdiqləmə
məsələsi var idi. Enerjim çatmırdı bəzən. Çox zəif, arıq, çəlimsiz bir qız
idim. Ayaq üstə yatırdım. Yolum şəhərə uzaq idi. O vaxt taksi ilə getməyə də
pis baxırdılar.

– Pul qazanan xanımın üstünlüyü nədir?

– Uşaqlıqdan pul qazanan olmuşam. Rayona getmişəm, hansısa toyda oxuyanda
xoşlarına gəlib, pulu töküblər başımdan. Və yaxud hansısa qonaqlıqda oxumuşam,
bəyənib pul veriblər. Mənim üçün maddiyyat problemi olmayıb. Ayda 30 toy
oxuyurdum. Bir gün iki toya gedirdim. Amma qazandığım pulu istədiyim kimi
xərcləyə bilmirdim. Cavan qız uşağı olduğum üçün ev, maşın ala bilməzdim.
Məcbur qalıb ancaq pal-paltara verirdim.

– Pulunuz olması sizdə özünə inam yaradırdı?

– Bəli. Sənətçinin pul sıxıntısı olmamalıdır. Yaxşı geyinməli, özünə
baxmalıdır. 1980-ci illərdə xaricə gedirdim. Oradan rahatlıqla özümə geyimlər,
bəzək əşyaları alırdım. Heç vaxt maddi korluq çəkməmişəm. Həm də Allahın
verdiyi istedadla bərabər insanda naxışın da olması yaxşıdır. Qarşıma həmişə
yaxşı insanlar çıxıb.

– O vaxt sizin nəsil çox saf olub. Ancaq sənətlə məşğul olublar…

– Biz elə indi də safıq. Sənətçi başqa nə etməlidir? Oturub qeybət qırası
deyildik ki. Bildiyimizi bir-birimizə öyrədirdik. İndinin özündə də gedib
məndən sonra bu sənətə gələn kimisə dindirsəniz, deyəcək Mələkxanımın bizə
hansısa dəstəyi olub. Heç vaxt paxıllıq etməmişəm, əlimi uzatmışam. Gənclərə,
tələbələrimə də bunu öyrətməyə çalışıram.

– İndi gələn uşaqlar necədirlər?

– Təəssüf ki, indi sənətə gələn gənclərimiz ilk növbədə maddiyyat düşünürlər.
Yadıma gəlir, o vaxt biz dövlət sənətçisi olduğumuz üçün toylara gedəndə
utanırdıq. Bir var pul sənətə görə lazım olsun, bir də var sənət pula görə.
İkincini seçən adamlar heç vaxt irəli gedə bilməzlər. Ona görə gərək yarıbayarı
olsun.

Siz balansı qoruyursunuz?

– Əlbəttə. Hər efirə də getmirəm. 40 ildir sənətdəyəm, hər dəfə efirə çıxanda
xüsusi hazırlaşıram. Efirə həmişə eyni tərzdə çıxmaq həm özünə, həm də
tamaşaçıya hörmətsizlikdir. Bir gün hiss etsəm ki, səhnədə monoton görünürəm,
deməli, o gün bitmişəm. Hər detala fikir verirəm. Bəzən bir şəklimi maksimum
yaxınlaşdırıb baxıram. Qızım Nərgiz deyir ki, bəsdir, bu qədər xırdalığa getmə.

– Gənclər bundan yorulmurlar?

– Yox, əksinə, onlar başa düşürlər ki, məsuliyyətdən belə edirəm. Yüzlərlə
insanın qarşısına çıxmaq üçün bu vacibdir.

– Həyatınızda sevginizin rolu necədir? Sevgi sizə nə verir?

– Sevgisiz yaşaya bilmərəm. Məni ailəmin, övladlarımın, xalqın sevgisi
yaşadır. O enerjini almasam, ötürə bilmərəm.

– Xanım nə qədər güclü olsa da, güclü bir kişiyə ehtiyacı olur. O gücü hiss
etmisiniz?

– Bəli. Hiss etməsəydim, indi gördüyünüz Mələkxanım ola bilməzdim. Sənətlə
birlikdə evi də idarə etmək, dörd uşağı böyütmək, onlara təhsil vermək bunların
hamısı onun sayəsində olub.

– Qısqanclıq olub aranızda?

– Mənimki Səkinə xanımın yoldaşından da çox qısqanc idi. Onu yavaş-yavaş yola
gətirmişəm.

– Necə yola gətirdiniz?

– İnam qazanmaqla. 40 ildir səhnədəyəm. 34 ildir ki, evliyik. Bu heç də az
müddət deyil. 34 il problem olmayıbsa, bundan sonra da olmaz. Hər ikimiz evə
pul gətirmişik. Qadın gərək pul qazansa da, mənəm-mənəm deməsin. Biz həmişə
əl-ələ vermişik.

– Mənim pulum söhbəti olmayıb?

– Heç vaxt. Əgər olsa, o, ailə deyil. Həmişə deyirəm, ailə elə bir şeydir ki,
Allah ata-anaya yox, kiçik övlada ruzi verə bilər.

– Evdəki Mələkxanımla səhnədəki arasında hansı fərqlər var?

– Evdə kaprizim yoxdur. Təki hamının könlü xoş olsun, kefi açılsın prinsipi
ilə hərəkət edirəm. Ailəmdə bir az özümü qurban verməyi seçirəm. Qohumcanlı
biriyəm.

– Vasvasısınız?

– Çox. Evdəkilər əlimdən bezirlər. Çox vaxt küsürlər.

– Sonuncu dəfə nə vaxt mətbəxdə xörək bişirmisiniz?

– Elə bu gün. İmkan olan kimi özüm bişirirəm.

– Şirvan, Qarabağ, Bakı muğam məktəbi. Bu bölgü ilə razısınızmı?

– Bəli. Hamısı bir məktəbdir. Hərəsinin də öz koloriti var.

– Kimlərlə dostluq edirsiniz?

– Dostlarım səhnədə sənət yoldaşlarımdır. Nitq mərkəzi var. Onun rəhbəri
Təranə xanımla, sənət yoldaşlarımdan Səkinə xanımla, Simarə, Aybəniz, Gülyazla
illərin dostuyam. Ailəvi dostlarımız da var.

– Sənət dostlarınız həm də ailəvi dostunuz ola bilirlər, yoxsa məsafə var?

– Məsafə var. Ola bilər bu məsafəni onların özləri də yaradırlar. Mən
yaratmıram. Düşünürəm ki, onlar rəqabətə görə yaradırlar. Mənim üçünsə fərqi
yoxdur. Sənət yoldaşlarımla daha çox kənarda bir araya gəlirik.

– “Leyli və Məcnun”da Alim Qasımovla tərəf müqabili olmusunuz. Neçə il Leyli
olmusunuz?

– Bircə dəfə.

– Niyə bir dəfə?

– “İrs”də oxuyanda məni dəvət etdilər. Orkestr onlara lazım olduğumu bildirib
buraxmadılar. Məndən başqa orkestrdə ola biləcək gənc də yox idi.

– Qulu Əsgərov yadınızda necə qalıb?

– Heç yadımdan çıxmır. Hər beş ildən bir yubileyini keçirmişəm. Möhlət müəllim
də mənə dəstək olub. Bunu müəllimimə hörmət naminə etmişəm. Ailə qurandan sonra
bir il səhnədən uzaqlaşdım. Qulu müəllim də həmin ərəfədə dünyasını dəyişdi.
Ailəsi ilə indi də yaxınam.

– Ədəbiyyata münasibətiniz necədir?

– Oxuduğum qəzəllərin hamısını özüm seçirəm.

– Kitab oxuyursunuz?

– Evdə kitab çoxdur. Zəlimxan Yaqubu, Füzulini, Seyid Əzimi, “Quran”ı,
“İncil”i də oxuyuram. Uşaqlara da məsləhət görürəm ki, əlinizə keçəni oxuyun.

Source link