28be39a3-791f-4253-9244-934f89132ab5.jpg

Məleykə Abbaszadənin adından istifadə edən sürücü həbs olundu

Baxış sayı: 155 dəfə baxılıb.

Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən şəxsin külli miqdarda dələduzluq
etməsi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Xəyal Abdıyev
özünü yüksəkvəzifəli şəxs kimi təqdim edərək bir neçə vətəndaşı aldadıb və
onlardan külli miqdarda pul alıb. Onun barəsində Cinayət Məcəlləsinin
178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, X.Abdıyev taksi kimi sürdüyü maşına
müştəri qismində əyləşmiş Nuranəni (şərti) Hövsandan Yasamal rayonundakı
xəstəxanaya aparıb. Yolda o özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının
direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu
bildirib.

Bundan sonra Abdıyev həmin qadınla ailəvi münasibət qurub. Onun həyat
yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, iki qohumunu gəmidə aşpaz
vəzifəsinə təyin etdirəcəyini, Nuranənin əri ilə Salyanda üzüm bağı salaraq
böyük gəlir əldə edəcəklərini və sair vədlər verərək qadının özündən və bir
neçə qohumundan külli miqdarda pul alıb. O, təkcə üzüm bağı salmaq adı ilə
qarşı tərəfdən 60 min manat pul alaraq ələ keçirib.

X.Abdıyev daha iki nəfəri aldadaraq onları məktəbə müəllim kimi işə
düzəldəcəyi və ali məktəbə qəbul olmaq üçün balını süni şəkildə artıracağına
vəd verərək hər birindən 10 min manat alıb. O, həmin şəxsləri buna anasının
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə xalaqızı
olmasını yalandan deyərək inandırıb.

Sonradan X.Abdıyevin yalan danışması, heç bir yerdə işləməməsi, M.Abbaszadə
ilə hər hansı qohumluğunun olmaması üzə çıxıb.

Zərərçəkmiş şəxslər taksi sürücüsündən polisə şikayət ediblər və onun
barəsində cinayət işi açılaraq həbs edilib. Onlar ifadələrində X.Abdıyevin
inandırıcı danışdığını və vədlərinə inandıqlarını deyiblər. X.Abdıyevin daha
əvvəl də dələduzluq əməlinə görə məhkum edilməsi üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Abdıyevə 7 il həbs cəzası
verilib.

Source link