1fd76eb0-1872-40dc-9453-ddbf25a03c39..jpg

Məmmədbağır Bağırzadənin oğlu: “Atam hər il oktyabrın 30-dan qorxurdu” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 602 dəfə baxılıb.

Məmmədbağır Bağırzadənin oğlu: “Atam hər il oktyabrın 30-dan qorxurdu” –
MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Anam dünyasını dəyişəndən sonra atamın yanında ən çox olan adam mən olmuşam.
O, geyiminə və xarici görünüşünə qarşı çox tələbkar idi”.

Bu sözləri Kulis.az-a müsahibəsində Məmmədbağır Bağırzadənin oğlu Rahim
Bağırzadə deyib.

– Məmmədbağır bakılı idi. Amma onda bakılılara xas xüsusiyyətlər o qədər də
nəzərə çarpmırdı.

– Atam ansamblının adını “Dilkeş” qoymuşdu, evdə də daha çox ərəb, türk
kanallarına baxırdıq. Bir dəfə bunların səbəbini atamdan soruşanda mənə dedi
ki, mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm.
Orada yaşayan azərbaycanlıların keçirdiyi hissləri keçirirəm. Atam uzun illər
Kərkükdəki insanların sevgisi, oraları görmək xiffəti ilə yaşayıb. O, dünyasını
dəyişəndən sonra arxiv idarəsində işləyən tanışımızdan xahiş etdim ki, bizim
nəslin şəcərəsini araşdırsın. Məlum oldu ki, atamın ulu babaları İraqda,
Kərkükdə doğulublar. O, öz şəcərəsini genetik olaraq hiss etmişdi. Bu gün
atamla bağlı bir çox şeylərə heyifsilənirəm. Mənim ağlıma da gəlməzdi ki, o,
həyatdan belə tezliklə köçəcək.

– Geyimə qarşı çox həssas, tələbkar adam olub.

– Anam dünyasını dəyişəndən sonra atamın yanında ən çox olan adam mən olmuşam.
O, geyiminə və xarici görünüşünə qarşı çox tələbkar idi. Hər yer üçün ayrıca
kostyumları olurdu. Aldığı kostyumların pencək ciblərinin tikişlərini
sökdürməzdi ki, birdən pencəyin cibləri sallanar, efirdə səliqəsiz görünər. Bir
dəfə dostlarından biri zarafatla demişdi ki, Məmmədbağır, deyəsən, sən maşınla
yox, piyada gəlirsən, paltarında bircə qırış da yoxdur. Adamlar onun səliqəsinə
heyrət edirdilər. Bəzən biz eyni vaxtda eyni libaslar alırdıq. Amma geyinəndən
sonra onunla mənim görünüşümün arasında yerlə-göy qədər fərq olurdu.

– Bayaq dediniz atanızla bağlı heyifsiləndiyiniz məqamlar olub. Nələrə görə
heyifsilənirsiniz?

– Atam evdə İran muğamlarını, ərəb, fars musiqilərini çox gözəl ifa edirdi.
Amma efirdə heç vaxt o mahnıları oxumadı. Ona heyifsilənirəm ki, nahaq onun
evdəki ifalarını, zəngulələrini kameraya çəkməmişəm. Özü razı olmasa belə,
gərək gizlicə həmin ifaları kamera ilə çəkərdim. Bir dəfə özünə dedim ki,
efirlərdə, səsyazma studiyalarında bu mahnılardan ifa et. Dedi, sən nə
danışırsan? Adamlar var, gözləyirlər ki, mən İran musiqiləri ifa edim, ondan
sonra məni topa tutsunlar.

– O vaxtlar musiqiyə İran boğazları, çalarları gətirənləri bərk tənqid
edirdilər.

– Məmmədbağır Bağırzadə bəlkə də, Azərbaycanda yeganə müğənnidir ki, Qarabağın
bütün bölgələrində onu çox sevirdilər. Təsəvvür edin ki, atam Ağdamda Yaqub
Məmmədovun qarşısında toy aparırdı. Onun qarşısında ifa etmək hər adamın işi
deyildi. Amma atamın özünü aparması, mədəniyyəti onu sevdirmişdi. Rəhmətlik
Səxavət Məmmədovla əsgərlik yoldaşı olmuşdular. Atamın toyunda Yaqub Məmmədov,
Arif Babayev, Səxavət Məmmədov oxuyub. Yaqub Məmmədovun hər il kəhrəba üzüm
yetişəndə bizə qonaq gəlməyi yadımdadır. Babamın onun üçün açdığı süfrələrin
tayı-bərabəri olmazdı.

– Məmmədbağır həm də çox kövrək adam olub…

– Həddindən artıq kövrək idi. O, “Şur” muğamını çox sevirdi. Hansısa musiqi və
ya bir alətin səsi onun ürəyinə toxunanda görürdük ki, tikəsini uda bilmir,
ağlayır.

– İlk dəfə dondurma yeyəndə də ağlayıb…

– Dondurmanı ilk dəfə əlli bir yaşında yeyib. Yadıma gəlir, bacımın yaşı az
idi. Atam evə zəng vuranda bacım ona dedi ki, gələndə dondurma alsın. Onda anam
təzə dünyasını dəyişmişdi. Atam cürbəcür dondurmalar alıb gətirmişdi. Bacıma
dedi ki, qızım, ürəyin nə qədər istəsə yeyə bilərsən. Sonra o, özü də bizə
qoşuldu, ikisini birdən yedi. Mən onda məəttəl qaldım. Çünki atam səsinə görə
heç vaxt dondurma yeməz, soyuq içki içməzdi. Bir də gördük atam ağlayır. Bacım
ondan ağlamağının səbəbini soruşdu. Atam bacımın başını sığallayıb dedi: “Mən
sizin yaşınızda olanda pulum yox idi dondurma almağa, sonralar da sənətim imkan
vermədi”.

Yaşadığı çətinliklər ona çox təsir edirdi. Atam tək adam olub. Ona nə ata, nə
əmi kömək edib. Hətta, öz kəndçilərinin də köməyini görməyib. O, nə edibsə,
hamısını öz zəhməti sayəsində edib.

– Sizinlə dostluq edirdi…

– Əvvəllər anamla dostluq edirdim. Anam 44 yaşında xərçəng xəstəliyindən
dünyasını dəyişdi. O, dünyasını dəyişəndən sonra məhəbbətimi atama saldım.
Anamın axırıncı cümə axşamında mənim qızım dünyaya gəldi. Atam ağlaya-ağlaya
ona anamın adını qoydu, amma hamımızdan xahiş elədi ki, heç vaxt onun yanında
qızımı öz adı ilə çağırmayaq.

– Atanızla ananız bir-birilərini sevib ailə qurmuşdu?

– Atamla anam qohum olublar. O, anamı həddindən artıq çox istəyirdi. Pis
çıxmasın, mən hələ onun qədər qadınını çox sevən kişi görməmişəm. Ancaq anam da
həmin sevgiyə, istəyə layiq qadın olub. Atamın bütün şıltaqlıqlarına dözməyi
bacarırdı. Atamdan anama o qədər sözlər gəlib deyirdilər ki, onun yerinə
başqası olsaydı, bəlkə də, bacarmazdı. Ona görə də anam dünyasını dəyişəndən
sonra atam deyirdi ki, özümə qəsd edəcəm, gedim görüm, Naibə o dünyada nə edir.
Biz yalvarıb yaxarırdıq ona ki, elə şey eləməsin.

– Ananızdan sonra intihar etmək istəyirdi?

– Bəli, cəhd edirdi. Anamdan sonra onun psixoloji vəziyyətində dəyişikliklər
olmuşdu. Tez-tez deyirdi ki, daha yaşamaq istəmirəm, ölmək istəyirəm.

– Atanızın xəstəliyi də qəfil olmuşdu. O vaxta qədər səhhətindən
şikayətlənirdi?

– Atamın xəstəliyi elə anamla başladı. Anam xəstəxanada müayinə olunandan
sonra, həkim atamı çağırıb anamın xəstəliyinin şiddətləndiyini, çox
yaşamayacağını xəbər verdi. Atam həkimlə danışanda qarnını qucaqladı, yerində
ləngər vurdu. Bir dəqiqənin içərisində onun rəngi sapsarı oldu. Dedi ki, o
ölsə, mən nə edəcəyəm? İkinci dəfə isə bacım uşağı ilə pilləkəndən yıxılanda
mədəsindən möhkəm sancı tutmuşdu. Onda atam bərk qorxmuşdu. Qapımıza çatanda
bizim qışqırığımızı eşitmişdi, elə bilmişdi ki, kimsə bizə hücum edib. O vaxtı
qorxulu dövr idi. Atam toydan külli miqdarda pul qazanıb gəlirdi. Hamı deyirdi
ki, Məmmədbağır hər gecə evinə yeşiklə pul aparır. Mən maşın həvəskarı idim.
Atam bahalı maşınlar almağıma razı olmurdu. Deyirdi, olmaz, kənd yeridi,
hamının diqqəti üstümüzdədir.

– Nardarana bağlı adam idi…

– Nardarana da, oranın adətlərinə də bağlı idi. Bir dəfə Norveç də daxil
olmaqla bir neçə xarici ölkəyə uzun müddətli qastrola getmişdi. Orada bığlarını
qırxmışdı ki, təzələnsin. Qastroldan gələndən sonra böyük yeznəsi onunla
görüşmək istəyir. Yadıma gəlir ki, atam əlini dizinə çırpıb dedi ki, indi onun
yanına bığsız necə gedəcəyəm? Görüş vacib olduğu üçün məcbur olub getmişdi.
Amma əvvəldən axıra qədər bığının üstündən dəsmalı götürmədi, yalandan dedi ki,
dişimi çəkdirmişəm.

– Rahim bəy, Zöhrə Abdullayeva ilə atanızın sevgili olması haqqında
söz-söhbətlər uzun müddət səngimədi. Ancaq atanızın ölümündən sonra Zöhrə xanım
şayiələri təkzib etdi. Hətta ananızın sağlığında atanızın başqa bir qadınla
uzun illər münasibəti olduğunu dilə gətirdi.

– Anam hələ sağ olanda atamın həyatında başqa qadın olub. Həmin qadın atam
xəstə olduğu dövrlərdə də onun zəhmətini çox çəkib. Yəni belə bir fakt olub.
Zöhrə xanım haqlı olduğu üçün mən heç bir etiraz edə bilmədim.

– Bəs ananız heç bir etiraz etməmişdi?

– Mən bayaq ona görə deyirdim ki, mənim anam dözümlü qadın olub. O, atamla
bağlı hər şeyə qatlaşıb. Həm də bilirsiniz, o dövrdə gücü, imkanı olan kişilər
üçün iki ailə saxlamaq qəbahət hesab olunmurdu. Əsas o idi ki, kişi öz ailəsinə
yaxşı baxsın.

– Atanız dünyasını dəyişəndən sonra dostları tərəfindən sizə olan münasibət
əvvəlki kimi qaldı, yoxsa etibarsızlıqlarını gördünüz?

– Mənim müəyyən şəxsi problemlərim oldu. Bu da öz günahlarım və tamahım
ucbatından baş verdi. Düzdür, mən onun adını doğrultmaq üçün həmişə çalışıram.
Amma həyatda hər şey ola bilər. Atamın dostları tərəfindən etibarsızlıq olmadı.
Amma musiqiçilər, müğənnilər tərəfindən vəfasızlıqlar gördüm. İndi də görürəm.
Onun ən yaxın dostlarından biri Zöhrə xanım olub. Həqiqətən də kişi kimi
qadındır. Bizim evə də kişi kimi gəlib gedərdi. Atam hərdən ona “qədeş” də
deyirdi. Bir dəfə Zöhrə xanım atama dedi ki, Məmmədbağır, mən sənin evinə,
xanımının yanına alnıaçıq gəlib-gedirəm, onun yanında gözüm kölgəli deyil. Mən
sözün əsl mənasında Zöhrə xanımda, Cavanşir Məmmədovda sədaqət gördüm. Bu günə
qədər atamın mahnılarından bir qəpik də pul qazanmamışam. Amma müğənnilərdən
bircə xahişim var ki, atamın mahnılarını ifa edəndə onun adını qeyd etsinlər,
bir də onun üslubuna toxunmasınlar. Hər halda onun öz üslubu uğurlu alınmışdı.
1973-cü ildə atam yaradıcılığının zirvəsini yaşamışdı. O vaxtın çörək
satıcıları kaset satıcılarına deyirmişlər ki, Məmmədbağırın valları o qədər çox
satılır ki, heç biz o qədər çörək satmırıq. Atam dəfələrlə toylardan qanıqara
gəlirdi. Onun səsini yazmaqdan ötrü toyda adamlar bir-biri ilə dava edirmişlər,
toy çadırını dağıdırmışlar ki, ağacların başından atamı görə bilsinlər. Amma
atamın düşmənləri də var idi.

– Kimlər idi?

– 1975-76-cı illərdə atam ölkənin ən məşhur müğənnisi hesab olunurdu. Həmin
dövrdə “Kirpi” jurnalında “Məmmədbağır, bir də bağır” başlıqlı yazılarla onu
tənqid eləməyə başladılar. Bunu o vaxtlar bədii şura qəsdən təşkil edirdi.
Ələkbər Tağıyev də o dövrdə həm bədii şuranın üzvlərindən biri, həm də hər şeyə
gücü çatan adam idi. O, atama mane olan insanlardan birincisi idi.

– Səbəb nə idi?

– Səbəb atamın gecə toylarda oxuduğu mahnıların səhər bütün ölkəyə, hətta
İrana, orta Asiya ölkələrinə qədər yayılması idi. Atamın irəli getməsi Ələkbər
Tağıyevin diqqətindən yayınmamışdı. Onun həmin illərdə qılıncının dalı da
kəsirdi, qabağı da. Ələkbər Tağıyev görür ki, onun mahnılarını nə qədər məşhur
müğənnilər oxusa da, Məmmədbağırın şöhrətini ötüb keçmir. Mahnıları o qədər
məşhurluq qazanmır. Atama xəbər göndərir ki, onun bəstələrinə də müraciət
eləsin. Atam isə onun təklifindən imtina edir. Deyir, mən ancaq öz mahnılarımı
oxuyuram. Ələkbər müəllim də deyir ki, mən nə qədər sağam, Məmmədbağır nə
radioya çıxa biləcək, nə də efirə. Mən istəmirəm kiminsə ürəyinə toxunum.
Ələkbər müəllimin oğlu ilə dostluq edirik. Amma mənim də yaşım az deyil,
istəmirəm nə zamansa atama qarşı olunanlar ürəyimdə qalsın.

– Amma sonralar Məmmədbağır Ələkbər Tağıyevin mahnılarını da ifa edib.

– 1977-ci ildə Ələkbər Tağıyev elə bir adamla bizə gəlir ki, atam ondan sonra
onun təklifini qəbul edir. Ələkbər müəllim atama deyir ki, sən hər gün toylarda
oxuyursan, bu sonra sənin üçün nöqsan olacaq. Sən uçuruma doğru gedirsən. Əgər
mənim mahnılarımı oxumaq istəmirsənsə, onda başqa böyük bəstəkarların
mahnılarını oxu. Bu söhbətlər də elə vaxtlara təsadüf edir ki, artıq atamın
getdiyi kişi toylarında davalar çoxalır, adamlar yaralanır. Hətta o dövrdə atam
sosializmə zidd mahnılar oxuduğu üçün üç günlük həbs də olunur. Elə Ələkbər
Tağıyevin vasitəçiliyi ilə atam həbsdən azad olunur. 1977-ci ildən atam artıq
kişi toylarını tərgidir, ancaq kampaniya olan məclislərə gedir. İlk dəfə efirə
Ələkbər Tağıyevin “Azərbaycan oğluyam” mahnısı ilə çıxır. Onda da efirin Gülağa
Məmmədov, Akif İslamzadə, Hüseynağa Hadıyev, Zaur Rzayev kimi kralları var idi.
Ancaq atam orada da öz yerini tapa bilir. Yəni Ələkbər Tağıyev o vaxtı atamın
istedadının toylarda itib-batmasının qarşısını alır. Ölən gününə qədər onun adı
atamın dilindən düşmədi.

– Xəstəliyi kimi ölümü də qəfil oldu.

– Atamın mədəsi ilə bağlı müəyyən problemlər olurdu. Arada kömür içirdi,
sakitləşirdi. Amma, sən demə, daxildə proses gedirmiş. Onda mədəaltı vəz
zədələnib bədəni zəhərləmişdi. Oktyabrın 10-da Zöhrə xanımla bir toyda ifa
edirmişlər. Toydan sonra Zöhrə xanım ağladı, mənə dedi ki, mən Mamedi bu günə
qədər elə görməmişdim. Toyun sonuna qədər stoldan yapışıb oxudu. Sonra Zöhrə
xanım, mən, bir də atamın dostu Baxşəli əmi ilə atamı xəstəxanaya apardıq.
Atamı yoxlayıb evə buraxdılar. Oktyabrın 23-də səhər vaxtı atam mənə zəng vurub
dedi ki, Rahim ağzımdan köpük gəlir. Onda ilk dəfə atamın o qadınla yaşadığı
evə getdim. Atamın otağına girdim, o, məni görən kimi ağladı. Onu tez
xəstəxanaya gətirdik. Həkim yoxladı, mənə dedi, atan təcili əməliyyat olunmasa,
iki saatdan çox yaşamayacaq. Ayağı ilə gedən adama belə bir diaqnozun qoyulması
məni şoka saldı. Təxminən iyirmi dəqiqəyə atamı əməliyyata hazırladılar. Amma
bütün məsuliyyəti mənim boynuma qoydular. Atam məni çağırdı, öpdü qucaqladı,
dedi, Rahim, mənim ağzımdan yenə köpük gəldi, məni burdan apar.

– Özü ölümü hiss edirdi?

– Bacıları, qızları ilə, bir də dostu Baxşəli əmi ilə görüşəndə ağladı.
Qolundakı saatı açıb mənə verdi. Mənimlə görüşmək istəyəndə razı olmadım.
Dedim, mən səninlə görüşməyəcəm, əməliyyatdan sağ-salamat çıxacaqsan, səni
gözləyirəm. Əməliyyat olunan otağın qapısına qədər onunla getdim. Əməliyyatdan
dərhal sonra da məni xüsusi geyimdə onun yanına buraxdılar. Mən sonra bildim
ki, atamın öləcəyini həkimlər bildiyi üçün mənə bu icazəni veriblər. Həmin
anlarda atamın çarəsizliyini, yaşadığı qorxuları gördüm.

– Əməliyyatdan sonra şüuru açıq idi?

– Yox. Yeddi gün mən onu bir saat da tək qoymadım. Amma özündə deyildi. Bircə
dəfə özünə gəldi. Dedi, bibimlə danışmaq istəyirəm. Zəng vurdum bibisi ilə
danışdı. Ağlaya-ağlaya dedi ki, bibi, gör məni nə günə qoydular, içimi
yardılar. Ondan sonra ikinci dəfə əməliyyat olundu, aparatlara qoşuldu. Onun da
heç bir köməyi olmadı. Həkimlər dedilər ki, atan artıq yaşamır, fiziki cəhətdən
çürüyür. Atamın yaxınlarından kimsə onun aparatdan ayrılmasına qərar verməli
idi. Heç kim buna razılıq vermirdi. Hətta öz doğma atası, qardaşları da razı
ola bilmirdilər. Mən də razılaşa bilmirdim.

– Son qərarı siz verdiniz?

– Bəli. Hamı dedi ki, oğlu sənsən, bu işi ancaq sən edə bilərsən. Hər gecə
atamın göz qapaqlarını qaldırıb gözlərinə baxırdım. Sonuncu dəfə baxanda
gördüm, gözünün qarası yoxdur, ancaq ağı qalıb. Aparatların hesabına nəfəsi
gedib-gəlirmiş. Sonra xaricdən bir professor gəldi, atamı müayinə elədi, dedi
ki, yazıqdır, ona işgəncə verməyin, aparatdan ayırın. Ondan sonra mən
razılaşmağa məcbur oldum. Atam oktyabrın 30-da dünyasını dəyişəcəyini yuxuda
görmüşdü. Həmişə də bu tarixdən qorxurdu. Elə oktyabrın 30-da dəfn olundu.

Source link