Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, İ.Brayoviç səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib.
İ. Brayoviç Azərbaycanın son illərdə artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin önəmini vurğulayıb və sessiya çərçivəsində keçirilmiş məhsuldar müzakirələrin dialoq və əməkdaşlığın inkişafına əsaslı töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanla Monteneqro arasında dostluq əlaqələrinin konstruktiv dialoq və anlaşma mühitində yüksələn xəttlə inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Bu xüsusda, iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə baxışlarının üst-üstə düşdüyü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi bildirilərək Monteneqronun Avro-Atlantik təsisatlarda Azərbaycanın etibarlı tərəfdaşı olduğu diqqətə çatdırılıb.
Monteneqronun Azərbaycanın Expo-2025 namizədliyinin dəstəkləməsinin təqdir olunduğu nəzərə çatdırılıb.
Azərbaycan və Monteneqro arasında dostluğun inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olunub.
Hər iki ölkənin parlament nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.
Monteneqro parlamentinin spikeri ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Minsk qrupu çərçivəsində həllinin tərəfdarı olduğunu deyib.
E. Məmmədyarov Monteneqronun münaqişənin həllinə dair bu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
O, bütün beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. E. Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verib və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərinə nəzər salıb.