Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Nazirin bildirdiyinə görə, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.
E. Məmmədyarov bildirib ki, BMT dörd qətnamə qəbul edib və bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan Silahlı Qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir:
“Bir çox təşkilat tərəfindən bu mövqe dəstəklənib.
Qoşulmama Hərəkatı da Dağlıq Qarabağı mənim ölkəmin bir hissəsi hesab edir və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkləyir.
Münaqişə nəticəsində yaranan “status-kvo” heç zaman qəbul edilməyəcək”.
Nazir çıxışında deyib ki, Azərbaycan sülh və təhlükəsizliyin təminatında BMT-nin aparıcı rolunu qəbul edir.
“Azərbaycan BMT-də islahatların aparılmasını və Baş Assambleyanın rolunun artırılmasını dəstəkləyir.
Belə olan halda, BMT üzvlərinin üçdə ikisinin səsi eşidiləcək və hörmət ediləcək.
Münaqişələrin həlli nəinki həmin regionlar, eləcə də, bütün dünyada sabitliyə gətirib çıxarır”, -deyə Məmmədyarov vurğulayıb.