Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib. İki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirən nazir Elmar Məmmədyarov, ölkələrimiz arasında iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırıb.
Nazir mart ayının 15-də Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən bəhs edərək, bu görüşün ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək yeni format olduğunu bildirib.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Levan İzoria Azərbaycan Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. Strateji tərəfdaşlıq və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında müdəfiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülh və sabitliyin təmin olunmasına, xüsusilə ölkələrimizin iştirakı ilə reallaşan iri-miqyaslı nəqliyyat və enerji layihələrinin mühafizəsinin effektiv şəkildə təşkil olunmasına xidmət etdiyi bildirilib.