“Neftçi”nin baş məşqçisi Roberto Bordin ÇıxışYolu.Com-a eksklüziv müsahibəsində cari mövsümlə bağlı planlarını bölüşüb və Avropa liqasındakı acı məğlubiyyətdən sonra komandanı necə kökləməsindən danışıb.
– Çempionat bir müddət əvvəl başlasa da, artıq belə fikirlər səslənir ki, əsas mübarizə “Neftçi” və “Qarabağ” arasında olacaq. Bununla razısınızmı?
– Xeyr, çünki hələ çox vaxt var. Əslində, düşünmürəm ki, çempionluq uğrunda təkcə “Neftçi” və “Qarabağ” mübarizə aparacaq. Bütün komandalar yüksək yerlər uğrunda mübarizə apara bilər.
– Legionerlərdən bəziləri optimal formasını yığa bilməyib. Qış transfer pəncərəsi zamanı heyəti gücləndirməyi düşünürsünüz? Hansı mövqeləri gücləndirmək lazımdır?
– Hələ ki, bununla bağlı danışmaq tezdir. Hazırda komandanın və heyətin hazırlıq səviyyəsi məni sevindirir. Düşünürəm ki, dekabrda heyətin gücləndirilməsinə ehtiyac olub-olmaması ilə bağlı qərar verəcəyik.
– “Neftçi” həmişə ambisiyalı klub olub, ancaq Avropa liqasında “Uypeşt”ə məğlubiyyət birmənalı qarşılanmadı. Siz öz futbolçularınızı ölkə çempionatı üçün necə köklədiniz?
– Biz futbolçuların əhval-ruhiyyəsini qaldırmağa və komandada xoş atmosfer yaratmağa çalışdıq.
– Siz Azərbaycan futbolunda ilk italyan mütəxəssissiniz. Necə düşünürsünüz, gələcəkdə sizin həmyerliləriniz Azərbaycanda karyerasını davam etdirə biləcək?
– Bu suala cavab vermək çətindir. Azərbaycan futbolunda başqa italyanın olacağını deyə bilmərəm, ancaq bu fakt əsasdır ki, mən birinciyəm. Axı, bundan sonra İtaliyada Azərbaycan haqqında daha çox danışacaqlar.
– Premyer Liqada cəmi 8 komanda var. Bu fakt sizə hər hansı çətinlik törədirmi?
– Çempionatda daha çox komandanın iştirak etməsi yaxşı olardı, ancaq mövsümlərdə komandalar arasındakı 4 oyun Premyer Liqadakı komandaların sayını kompensasiya edir.
– Siz Moldovanın “Şerif” klubunun baş məşqçisi olan zaman “Qarabağ”la qarşılaşmısınız və hər iki oyunun nəticəsinə görə məğlub olmusunuz. “Neftçi”nin baş məşqçisi kimi sizdə şəxsi revanş fikri yaranıbmı?
– Xeyr, bu barədə düşünməmişəm. İndi mənim bütün fikirlərim “Neftçi” ilə bağlıdır.
– Son vaxtlar ölkənin idman ictimaiyyəti Azərbaycan yığmasında “Neftçi”nin futbolçularının olmamasını müzakirə edir. Bu barədə nə deyə bilərsiniz.
– Hamı yığmanın baş məşqçisinin qərarlarına hörmət etməlidir. Ancaq o, kimi dəvət etməyə qərar verir. Futbolçularımızın milliyə dəvət alması bizim üçün xoşdur. Bu, futbolçular üçün xeyirlidir.
– “Neftçi”də əsas hədəfiniz nədir? Çempionluq, avrokuboklar və ya…?
– Bizim bir məqsədimiz var – hər qarşılaşmada yaxşı oynamaq və mövsümün sonuna qədər maksimum nəticəyə nail olmaq.