9231dbca-caa9-4c0a-b27c-827109f17b5f..jpg

Mənzilini kirayə verənlər niyə müqavilədən YAYINIRLAR?

Baxış sayı: 424 dəfə baxılıb.

Mənzilini kirayə verənlər niyə müqavilədən YAYINIRLAR?

“Bir çox hallarda mənzil kirayə götürənlə kirayə verən arasında müqavilə
imzalanmır. Bununla da tərəflər vergidən yayınırlar. Halbuki, həm ev sahibi,
həm də ortada vasitəçilik edən makler əldə etdikləri gəlir müqabilində dövlətə
vergi ödəməlidirlər. Bunu etməmək üçün ev sahibləri kirəyə götürənlə
qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili ona verirlər”.

Bu sözləri “Bizim.media”ya açıqlamasında daşınmaz əmlak məsələləri üzrə
ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əgər tərəflər arasında müqavilə bağlanarsa, o zaman həm
makler, həm də mülkiyyət sahibi, sahibkar öz fəaliyyətini hüquqi müstəviyə
daşıyacaq:

“Beləliklə, onların gəlirləri barədə məlumat əldə olunur və bundan da vergi
tutulur. Ancaq müqavilə olmadığı üçün gələcəkdə çox ciddi problemlər yarana
bilər. Bəzi hallarda makler tərəfləri aldadır. Yaxud, kirayəçinin əslində evin
öz sahibi olmadığı ortaya çıxır.

Buna görə də, kirayə götürmək istəyən şəxs ilk növbədə evin sənədlərinə
baxmalı və birbaşa evin sahibi ilə görüşməli, onunla müqavilə bağlamalıdır.
Əgər başqa bir şəxs evin sahibini əvəz edirsə, o zaman mütləq onun adına
etibarnamə verilməlidir. Ona görə ki, başqa bir şəxsin kiminsə evini kirayə
vermək hüququ yoxdur.

Digər tərəfdən, əgər hər şey hüquqi cəhətdən həll olunursa və müqavilə
bağlanırsa, o zaman onların vəzifə və öhdəlikləri də əks olunmalıdır. Rəsmi
müqavilə olarsa, gələcəkdə tərəflər aralarında hansısa problem yarandığı halda
onların şikayət etmək, mübahisəni məhkəmə səviyyəsində həll etmək hüququ da
yaranır. Amma tərəflər qeyri-rəsmi razılaşma əldə ediblərsə, bu hüquq olmur”.

Müsahibimiz vurğulayıb ki, bu kimi problemlərin aradan qalxması üçün əhalinin
iqtisadi və hüquqi maariflənməsinə ehtiyac var:

“Evini kirayə verən şəxs başa düşməlidir ki, sənədsiz və hüququ əsas olmadan
belə addım atmaq ona baha başa gələ bilər. Belə ki, kirayənişin evinə zərər
vura və ya digər məqsədlər üçün istifadə edə bilər. Hətta mənzilində hansısa
cinayət hadisəsi baş verə bilər”.

Problemin inzibati cəhətdən də həlli olduğunu söyləyən müsahibimiz, bunun
uzunmüdddətli məsələ olduğunu diqqətə çatdırıb:

“Əslində bunun yoxlamasını müvafiq dövlət qurumları həyata keçirməlidir. Əgər
ev şəxsə kirayə müqaviləsi olmadan verilirsə, ev sahibi cərimə olunmalıdır.
Vətəndaşlar da bunu anlamalı və gələcəkdə problemin olmaması üçün bütün
razılaşmalar sənəddə əksini tapmalıdır.

Beynəlxalq təcrübədə bu cür nümunə var. Belə ki, vətəndaş öz mənzilini kirayə
verən zaman müqavilədə əşyaları qeyd edir, hətta təzminatla bağlı məbləğ
müəyyən olunur. Əgər kirayə qalan şəxs evdən çıxan zaman əşyalara və ya mənzilə
zərər vurarsa, bu, həmin məbləğdən çıxılır. Məhz bu istiqamətdə müəyyən
təkmilləşdirmələrin aparılmasına ciddi ehtiyac var. Tərəflər üçün ən doğru yol,
vergini vermək və müqaviləni qanuni şəkildə bağlamaqdır”.

Kirayə müqaviləsində nəzərdə tutulan verginin 14 faiz həcmində olduğunu
söyləyən ekspert hesab edir ki, müvafiq dövlət qurumları bunu bir qədər azalda
bilərlər:

“Əslində, bu həcm elə də böyük məbləğ hesab edilmir. Ona görə ki, mənzili
kirayə vermək də sahibkarlıq fəaliyyəti hesab olunur. Mövcud qanunvericiliyə
əsasən, sahibkarıqla məşğul olan istənilən şəxs dövlətə vergi verməlidir”.

V.Oruc onu da vurğulayıb ki, müqavilə olmadığı üçün bəzi hallarda ev sahibi
kirayədə qalan şəxsi ya səbəbsiz evdən çıxarır, ya da evin qiymətini artırır:

“Yaxud da ayın sonuna yaxın kirayənişin növbəti ayın pulunu ödəmədən və
xəbərdarlıq etmədən evi tərk edir. Belə hallarla bağlı bizə də müraciətlər
edilir. Biz onları polis orqanlarına yönəldirik. Bu zaman araşdırma aparılır,
müvafiq şahidlər dinlənilir və ona uyğun qərarlar verilir. Ancaq müqavilə
olarsa, araşdırma aparmaq daha rahatdır, çünki, sənəddə hər şey əks olunub.
Müqavilə müddətində ev sahibi səbəbsiz yerə şəxsi evdən çıxara, yaxud
kirayəhaqqını artıra bilməz. Deməli, müqavilə hər iki tərəf üçün uğurlu
variantdır”.

Source link