a73fa5ad-4295-4697-b9fc-fecd591ac877.jpg

Mərhum bəstəkarın xanımından ETİRAZ: Gənc xanəndə məşhur mahnıya dəyişiklik edib?

Baxış sayı: 198 dəfə baxılıb.

Gənc müğənni, xanəndə Rəvanə Əmiraslanlı tanınmış bəstəkar Tahir Əkbərin
“Dərdin alım” mahnısına əlavələr edərək ifa edib.

Bu haqda Moderator.az-a mərhum bəstəkarın xanımı Aybəniz Əkbərova məlumat
verib.

O iddia edib ki, müğənni mahnını icazəsiz oxuyub.

“Tahir Əkbərin nə tərifə, nə təbliğata, nə də reklama ehtiyacı var. O öz adını
musiqi tariximizə qızıl hərflərlə yazdırıb. Əsərləri göz qabağındadır. Onun
mahnılarını icazəsiz oxuyanların sayı az deyil. Bir də görürsən ki, mahnını elə
hala qoyurlar ki… Sonda başa düşürsən ki, bu, Tahirin mahnısıdır. Özlərindən
nəsə icad edirlər. Tahir professional bəstəkar olub. Tahir Əkbər muğamlarımızı,
klassik musiqilərimizi bilirdi.

Bu paylaşımı dünən gördüm, təsadüfən qarşıma çıxdı. Adını da bilmirdim,
sonradan dedilər ki, Rəvanə Əmiraslanlıdır. “Dərdin alım” illərin mahnısıdır.
Bunu hər kəs əzbər bilir. Hətta gənclərimiz də. Mən anlamıram, bu rəqsi Tahir
Əkbərin mahnısının içinə salıb nə demək istəyirlər?! Belə çıxır ki, Tahir Əkbər
mahnını düzgün bəstələməyib, bunlar yenidən bəstələyirlər? Kimdir onlara bu
ixtiyarı verən?! Birincisi, icazəsiz oxuyursan, problem yoxdur, oxu! Amma Tahir
Əkbərin mahnısına əlavə rəqs salmağa ehtiyac yoxdur. “Dərdin alım” onsuz da
rəqsdir.

Deyirlər ki, Rəvanə xanım teatrda “Leyli”ni oynayır. Yaxşı, aranjimançı bunu
edib, ali savadlı Rəvanə xanım niyə mahnını belə oxuyur? Tahir Əkbərin
əsərlərinin varisi bizik, bu cür əlavələrin olunmasına qətiyyən etiraz edirəm.
Ümumiyyətlə bəstəkar mahnısına toxunmaq olmaz. Mahnı yazmaq istəyirsinizsə,
gedib yazın, içinə də 10 dənə rəqs əlavə edin. Tahir Əkbər zəif bəstəkar deyil
ki, onun əsərinə nəsə əlavə olunsun. Zamanında məsləhət bilsəydi, özü rəqs
salardı. Bir-iki əsərdə kollaj kimi rəqsdən istifadə edib. Arzu Əliyevanın “O
günlərə qayıdaram” və Gülyanaq Məmmədovanın “Məndən sənə yar olmaz”
mahnılarında rəqsdən kollaj kimi istifadə edib və keçid verib. Mahnıları
aranjiman etmək olar, müasirləşdirmək olar. O, özü də inqilabçı bəstəkar idi.
Mən etiraz edirəm, həmin aranjimançı, yaxud da Rəvanə Əmiraslanlı çıxıb buna
aydınlıq gətirsin ki, niyə belə etmişik?! Səbəbini desinlər!” – deyə bəstəkarın
xanımı bildirib.

Source link