Mərhum deputatın əmisi: “Qənirə xanım üç tədbirdən sonra Masazırdakı evində
huşunu itirmişdi” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bir vaxt vardı, deyirdilər ki, “Qənirə Qəzənfər müəllimin qardaşı qızıdır”.
Son 15 ildə isə deyirdilər ki, “Qəzənfər Paşayev Qənirə xanımın əmisidir”.
Bu sözləri Modern.az saytına müsahibəsi zamanı Əməkdar Elm Xadimi, Filologiya
elmləri doktoru və professor, folklorşünas, dilçi, mətnşünas alim Qəzənfər
Paşayev deyib.
Müsahibəni təqdim edirik:
– 87 yaşlı professordan öncə soruşmaq istərdik ki, özünü necə hiss edir?
– Çox sağ olun, Allaha şükür ki, yaxşıyam. Adam yazıb-yaradanda yaxşı olur,
özünü toparlayır. İndinin özündə də mən Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunda işləyirəm. Elmi Şuranın üzvüyəm. 2004-cü ildən Yazıçılar
Birliyinin Təftiş komissiyasının sədriyəm. Yəni ictimai işlər və yaradıcılıqla
məşğulam. Bu gün mənim “525-ci qəzet”də 2 səhifəlik yazım çıxıb. İraqla mədəni,
ədəbi əlaqələrimizin inkişafında rol oynamış Bəndəroğlu barəsində şənbə günü 2
səhifəlik yazım çıxacaq. Bu o deməkdir ki, hələlik hər şey yaxşıdır. Əlim qələm
tutur. Baş az-çox işləyir. Bundan böyük xoşbəxtlik varmı?! Yaradan mənə gümrah
ömür bəxş edib. Mən həmişə yaradana dua edirəm. Deyirəm ki, mənə bundan sonra
da gümrah ömür versin, başqalarının xidmətinə ehtiyacım olmasın. Arzu edirəm
ki, siz də bu yaşa çatasınız. Onda bu yaşın ləzzətini anlayacaqsınız.
– Siz “6 il Dəclə və Fərat sahillərində” kitabının müəllifi kimi
məşhurlaşmısınız. Yəqin ki, Yaxın Şərqdə baş verən prosesləri izləyirsiniz. Bu
gün İraqda, Fələstində fəlakətli günlər yaşanır: terror, qan-qada, ölüm-itim…
Bunlar sizə necə təsir edir?
– Yaxın Şərqdə baş verənlər böyük problemdir. İraqı çox bərbad vəziyyətə
qoydular. Guya ki, orada atom silahı vardı. Əslində, bu, belə deyildi. Hamısı
bəhanə idi. Liviya lideri Müəmmar Qəddafini nə günə saldılar? Liviya dünyanın
elə bir nümunəvi ölkəsi idi ki, orada 5000-dən çox əcnəbi gəlib işləyirdi və
1000 dollardan aşağı maaş yox idi. Eləcə də Fələstin məsələsi tarixi bir
problemdir. Bu, çətin həll olunası məsələdir. İmkan vermirlər ki, problem həll
olunsun. Dünyanın əksər dövlətləri Fələstinin dövlət olmasını istəyir. Bir-iki
güclü dövlət buna imkan vermir. O “yekə” dövlətlər kiçik dövlətləri həmişə
təzyiq altında saxlayırlar. Kiçik xalqların faciəsi böyük olur.
Təbii ki, İraq mənim üçün vətəndir. Mən həm də İraq vətəndaşıyam. Mənim “6 il
Dəclə və Fərat sahillərində” kitabımı bu yaxınlarda yenə ərəbcə buraxıblar.
Kitab 20 ərəb ölkəsinə yayılır. O kiçik ensiklopediya hesab olunur. Ona görə
ki, orada hər şeyi vicdanla yazmışam. Bir kəlmə də o yan-bu yan yoxdur. Bu
yaxınlarda “525-ci qəzet”də biri yazıb ki, “mən Qəzənfər Paşayevin “6 il Dəclə
və Fərat sahillərində” kitabında “Coca-Cola” kimi içkilərə nəsə qatıldığını və
bunun sayəsində insanın ondan davamlı içmək istədiyi ilə bağlı məlumat oxudum.
Mən buna əvvəl inanmırdım. Deyirdim ki, yarım saat yox, lap 10 dəqiqədən bir
içim, təki “Coca-Cola” içim. Yazını oxuduqdan sonra bu içki tərəfə baxmıram”.
Görün, “6 il Dəclə və Fərat sahillərində” kitabından bu adam nələr götürüb.
Çünki Qəzənfər Paşayev məlumatı dəqiq verib.
Bu əsərdə çox maraqlı nüanslar var. İraqda imkanlılarla imkansızlar arasında
bir az fərq yaratmışdılar. Xalqı görün necə bölürdülər?! Bir dəfə avtobusla
gedirdim. “Konduktor” mənə dedi ki, sən harada durmusan? Soruşdum ki, necə
yəni? Dedi ki, yox, sən ya belə, ya da elə durmalısan. Bir kərküklü gördüm, o
mənə məsələni izah etdi. Dedi ki, bu tərəf bahalıdır, digər tərəf isə ucuz.
Xarici olduğum üçün bahalı tərəfdə durdum. Bütün bunların hamısı dünyanı bölüb
parçalayanların siyasəti idi. İraqda əvvəllər küçədə meyvə-tərəvəz filan
satılardı. Axşam olanda üzərinə bir brezent-filan çəkib çıxıb gedərdilər.
“Məhsulların oğurlanmasından qorxmursunuzmu?”, – deyə soruşduqda şəhadət
barmaqlarını göyə tutub, “onu qoruyan var deyərdilər”. İndi küçədə bir şey
qoyub gedə bilərsən? İraqda xalqın vəziyyəti çox ağırlaşıb.
– Son illər türkdilli xalqların birliyi istiqamətində mühüm işlər görülür.
Türk Dövlətləri Təşkilatı yaradılıb. Sizcə, bu təşkilat gələcəkdə dünyanın güc
mərkəzlərindən biri ola bilərmi?
– Bilirsiniz, bəzən çox ucadan danışıb çığır-bağır salırıq. Lakin elə etmək
lazımdır ki, çox gözə girməyəsən. Türk dövlətlərinin birləşməsi əlbəttə ki,
yaxşıdır. Hətta mən bu dövlətlərin birləşib hərbi qurum da yaratmalı
olduqlarını düşünürəm. Əlbəttə, güc olanda artıq sənə toxuna bilmirlər. Türkiyə
bu gün çox güclü bir dövlətdir. Ordusu dünyanın ən güclüləri arasında ilk
“onluq”dadır. Türkiyə gəmilər, təyyarələr, silahlar istehsal edir. İstehsal
etdiyi silahları dünyaya satır. Bunu gözü götürməyənlər və mane olmaq
istəyənlər var. Zəlimxan Yaqub deyirdi ki, “Əvvəl-axır dünya türkün olacaq”.
Amma mən belə demirəm. Deyirəm ki, əvvəl-axır dünyada türkün yeri olacaq.
Vaxtilə bu, belə olub. Türk İmperatorluğu olub. İmperatorluğu adi xalqlar
yarada bilmir. İmperiyalar ağılla, idrakla, güclə yaradılır. Biz indi qurulacaq
sistemi birlik adlandıracağıq. Necə ki, Avropa Birliyi, NATO var. Türk Birliyi
də olacaq, inşallah! Mən bunu hiss edirəm.
– Hazırda hansısa araşdırma və ya kitab üzərində işləyirsinizmi? Yaxın
zamanlarda yeni əsərinizin çap olunması gözlənilirmi?
– Hazırda “Həyat düşüncələrim” adlı əsər üzərində çalışıram. Bu da maraqlı
məsələdir. İnsan yaşa dolduqca, xatirələrlə yaşayır və yaddaş bərpa olunur. Bu
baxımdan mən belə bir əsər üzərində işləyirəm. Yoldaşlar da mənə təkidlə
deyirdilər ki, xatirələrini yaz. Allah ömür versə, onu işləyib bitirəcəyəm.
İndi də dayanmadan çalışıram. Akademiyanın nəzdində İraq-türkmən araşdırmaları
üzrə əlaqələndirmə şurası yaradılıb. Akademiyanın nəzdində olduğuna görə
şuranın sədri akademik Teymur Kərimlidir. Sədrin müavini isə mənəm. Yəni böyük
işlər görürük. Bizim birliyimiz barədə ulu öndərHeydər Əliyev “Qardaşlıq”
dərgisinə müsahibəsində münasibət bildirib: “Tarixi araşdıranda görülür ki,
Quzey Azərbaycan, Güney Azərbaycan və İraq Türkmənləri bir bütövün tərkibidir”.
– Qəzənfər müəllim, qardaşınız qızı mərhum Qənirə Paşayeva ilə bağlı da
suallarımız var. Sözsüz ki, həm sizin üçün, həm Azərbaycan üçün böyük itkidir.
Yəqin ki, sizə Qənirə xanımın yoxluğu ilə barışmaq çətindir…
– Mən bunu birinci dəfə açıb deyirəm: biz ailədə 4 qardaş olmuşuq. Birinci
dünyasını dəyişən Qənirənin atası olub. Qardaşım uşaqları arasında ilk
dünyasını dəyişən isə Qənirə olub. Mən 60-dan çox kitab yazmışam. 40 ildən
çoxdur ki, elmlə məşğulam. Əməkdar Elm Xadimiyəm. Bir vaxt vardı, deyirdilər
ki, “Qənirə Qəzənfər müəllimin qardaşı qızıdır”. Son 15 ildə isə deyirdilər ki,
“Qəzənfər Paşayev Qənirə xanımın əmisidir”. Bu o demək idi ki, Qənirə böyük
səviyyədə inkişaf etdi. Onun yoxluğu təbii ki, nəslimiz üçün çox böyük itkidir.
Tək nəslimiz üçün yox, Azərbaycan xalqı və Türk dünyası üçün də böyük itkidir.
Çünki o həyatını yalnız xalqa həsr etmişdi. Öz həyatı yox idi. Ailə həyatı
qurmadı. Onun xoşbəxtliyi onda idi ki, Heydər Əliyev məktəbi keçdi. O məktəbin
də amalı xalqa, dövlətə sədaqətlə xidmət etmək idi. Qənirə buradan başladı.
Özülü quruldu, təməli də vardı. Sonra inkişaf etməyə başladı. O yazıçı kimi,
alim kimi tanındı. Eyni zamanda, şairə idi. Millət vəkili idi, hətta komitə
sədri də seçilmişdi. Tovuzda Heydər Əliyevə həsr olunan yığıncaqda mən də,
Qənirə xanım da iştirak edirdik. Mən məruzə etdim. Məruzəmdən sonra o, 40
dəqiqə danışdı. Danışandan sonra dedim ki, mən yenidən yazdıqlarıma baxıb
düzəlişlər edəcəyəm. Yığıncaq bitən kimi maşına mindi, dedi ki, “mən Tovuza
getməliyəm”. Dedilər ki, “bir qismət çörək ye, çay iç, sonra gedərsən”. Dedi
ki, “yox, Bakıda şəhidə həsr olunmuş film var, mən onun məsləhətçisiyəm, gedib
çatmalıyam, yoxsa film başlamayacaq”. Bax belə ömrünü mədəniyyətimizə,
elmimizə, xalqımıza həsr edirdi.
– Hamı Qənirə xanımı çılğın və emosional insan, hadisələrə çevik reaksiya
verən deputat kimi xatırlayır. Siz Qənirə xanımın əmisi olaraq onun bizim
bilmədiyimiz hansı digər xüsusiyyətlərindən danışa bilərsiniz?
– Qənirə cəmi 48 il yaşadı. Bu 48 ilin 18 ilini çıx. Çünki o oxudu,
universitetə daxil oldu. Tibb İnstitutuna daxil oldu, daha sonra Bakı Dövlət
Universitetinin Hüquq fakültəsində təhsil aldı. Biz belə rahat danışırıq, lakin
bütün bunlar üçün vaxt və enerji, eləcə də ömür gedir. O, sutkada 3-4 saatdan
artıq yatmırdı. Tarixdə 3-4 saat yatan bir siyasətçi də Böyük Britaniyanın Baş
naziri olmuş, “Dəmir ledi” ləqəbli Marqaret Tetçer olub. Qənirə xanım məhz 3-4
saat yatmağın hesabına bütün bu uğurları qazanıb. Yoxsa onun gördüyü işlərə
ömür çatmaz. Yaşamağı yaratmaqda görürdü. Çox deyirdim ki, belə olmaz, özünə
fikir ver. Deyirdi ki, “əmi, məndən asılı deyil. Mən özümlə bacarıb, özümə
qalib gələ bilmirəm”. Onun atasının sinə daşı üzərində Səməd Vurğunun, Üzeyir
Hacıbəylinin dəfn mərasimində söylədiyi şeir bəndini yazmışdılar. Qənirənin
sinə daşında da eyni şeir bəndinin yazılmasını çox istərdim. Həmin şeir
bəndində bu sözlər deyilir:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Amma öz yazdığı şeir bəndi sinə daşında qeyd olundu.
– Adətən dünyadan köçən insanların yaxınları ondan qalan yadigarlara baxıb
təsəlli tapırlar. Amma təəssüf ki, Qənirə xanım heç zaman ailə həyatı qura
bilmədi. Ondan heç bir nişanənin qalmaması sizə necə təsir edir?
– Əslində, ondan nişanələr qaldı. Fikir verdinizsə, Qənirənin vəfatına görə
təəssüf hissini ən çox gənclər keçirdi. Mən belə hesab edirəm ki, o, elə
gənclərin müəllimi idi. Gənclərin ürəyində məskən salmışdı, onların məhəbbətini
qazanmışdı. Hətta deyirdilər ki, gənclərimiz anasız qaldı. Qənirə çox yüksək
səviyyədə tapşırıqla son mənzilə yola salındı. Buna görə şəxsən mən Qənirə
xanımın böyük qardaşı Hüseynlə birlikdə Prezidentİlham Əliyevə və Birinci
vitse-prezidentMehriban Əliyevaya təşəkkür məktubu ünvanladım. Nə qədər əklil,
gül-çiçək göndərilmişdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva da əklil göndərmişdilər. Fövqəladə Hallar Nazirliyindən gələn
olmasına baxmayaraq, nazir Kəmaləddin Heydərov da ayrıca əklil göndərmişdi.
Yəni Qənirə həm xalqın, həm də dövlət adamlarının sevgisini qazanmışdı.
– Qənirə xanımın ölümünü bir çoxları bu gün də müəmmalı və qəfil hadisə kimi
qiymətləndirirlər. Bu məsələyə hansı aydınlıq gətirmək olar? Onu xilas etmək
niyə mümkün olmadı?
– Qənirə xanımın ölümünün müəmmalı olması ilə bağlı söylənilən fikirlərin
hamısı əfsanədir. Qənirə xanım 3 yığıncaqdan sonra Masazırda yaşadığı evə
gedib. Yeməyən, içməyən adam… Orada huşunu itirib. Evi qəsəbənin çox ucqar
yerində idi, gölün yanında. Təcili Tibbi Yardım çox gec gəlib. Vaxtında iş
görülmədiyi üçün belə oldu. Bundan başqa söylənilənlər əfsanədir. O boyda
şəxsiyyət, xalqına xidmət edən insan üçün bunları demək ədalətsizlikdir.
– Bu günlərdə mərhum deputatımızın qəbirüstü abidəsinin şəkli yayıldı. Sosial
şəbəkələrdəki müzakirələrdə çoxları belə sadə abidənin qoyulmasına
təəssüfləndi. Əksəriyyət hesab edir ki, Qənirə xanımın qəbirüstü abidəsi də
onun özü kimi çılğın, emosiyalı, danışan olmalı idi. Siz necə düşünürsünüz?
– Turqay, görürsən necə yalan danışırlar. Abidənin necə olması ailəsinin
xahişi ilə olub. Sinə daşına vurulan foto da ailəsinin xahişi ilədir. Proyekti
də qardaşları xahiş edib, onun üzərində işləyiblər. Ona görə də sinə daşı
gecikdi. Bu cür söz deyənlər niyə belə edir, anlamıram. İnsafları yoxdur. Bəzən
insafsızlıq edirlər. Dünyasını dəyişmiş adamın ruhunu incitmək olmaz.
– Onun adının əbədiləşdirilməsi üçün hansı digər işlər görülə bilər?
– Mən istərdim ki, sinə daşında “professor və millət vəkili” sözləri yazılsın.
Qənirə xanımın böyük qardaşı Hüseynlə bu məsələni danışdım, sinə daşının niyə
sadə hazırlandığını soruşdum. Dedi ki, “onsuz da hamı Qənirə xanımın kim
olduğunu tanıyır, bilir. Bunların hamısı özümüzün işidir, belə istəmişik”.
Görün indi nələr yazır, nələr danışırlar.
– Qəzənfər müəllim, Qarabağ işğaldan azad ediləndən sonra heç oralara səfər
edə bilmisinizmi, hansı təəssüratlarınız var?
– Mən hələ Qarabağa gedə bilməmişəm. Avtobusla o qədər yolu gedib, bir gün də
qayıda bilmərəm. Mən Qarabağa yalnız öz maşınımla gedəcəyəm. İndi buna imkan
yaranmır. İmkan olan kimi gedəcəyəm.
– Sonda müsahibəni özünüzlə bağlı sualla yekunlaşdırmaq istərdik: boş
vaxtlarınızda istirahətinizi necə keçirirsiniz?
– Vallah boş vaxtım olmur. Boş vaxt nə deyən şeydir? Mən o saat darıxıram.
Bilmirəm nə edəm. Qarşıma məqsəd qoyuram ki, bunu etməliyəm. Ona mən girişənə
qədər vaxtım keçir. Özümü çox pis, xəstə hiss edirəm. Boş vaxtımda yalnız
filmlərə baxıram. Türklərin “Möhtəşəm Yüzyıl”, “Diriliş Ərtoğrul” filmlərinə
baxmışam. İndi isə “Gənc Osman”a baxıram. Bunlar bizim keçmişimizdir.
Bayaq Qənirə xanımdan söhbət etdik. Onun “Addım-addım Türkiyə” filmini də
verdilər. Hətta onu Nizami adına kinoteatrda göstərdilər. O filmdə mən
Qənirənin Ərtoğrulun qəbrini tapdığını görəndə dəhşətə gəldim. Mən elə bilirdim
ki, Ərtoğrul əfsanədir. Ancaq bu, tarixi bir şəxsiyyət imiş. Sonra Osmanın
qəbrini gedib tapdı. Elə bildim Qənirə xanım dünyanı mənə verdi.