Mərhum xalq artisti Rauf Babayevin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanın xalq artisti, mərhum müğənni Rauf Babayevin anadan olduğu
gündür.
Cixisyolu.com xatırladır ki, Rauf Babayev 1937-ci il dekabrın 30-da Qərbi
Azərbaycanda anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o,
1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub, 1957-1962-ci
illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb
alətləri sinfində ali musiqi təhsili alıb. 1957-ci ildən Azərbaycan Dövlət Rus
Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev
1960-1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində
solist-vokalçı, 1962-1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının,
1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışıb. O,
1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlayıb,
1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının
vokalçısı, 1968-1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində
“Qaya” kvartetinin, 1972-1987-ci illərdə “Qaya” dövlət ansamblının,
1987-2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət
estrada-simfonik orkestrinin solist-vokalçısı olub, 2001-ci ildən “Qaya” dövlət
orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun
direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləyib.
Rauf Babayev ötən əsrin 60-80-ci illərində Azərbaycan estradasının ən məşhur
qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının
yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə
çıxış edib, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını
qazanıb. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri
zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi
mədəniyyətini uğurla təmsil edib. “Qaya” ansamblının fəaliyyətinin 2001-ci
ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır.
Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq,
repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq
təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanıb.
Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi
məktəbində pedaqoji fəaliyyətlə məşğul olub, vokal sinfində istedadlı ifaçılar
nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi
kadrların formalaşdırılması işinə töhfələr verib. O, “Qaya” kvartetinin
dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii
rəhbəri olub.
Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf
Babayevin xidmətləri layiqincə qiymətləndirilib. O, 1978-ci ildə Əməkdar
artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb, 2017-ci
ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan
“Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının
bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq
artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində
vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.