a441d8cf-2e94-407f-a813-09c29058c9f6..jpg

Mərhum Xalq artistinin oğlu: “Hamı atamın yerinə danışır” – FOTO

Baxış sayı: 935 dəfə baxılıb.

Mərhum Xalq artistinin oğlu: “Hamı atamın yerinə danışır” – FOTO

“Allah atama elə rahat ölüm verdi ki, vəsiyyət belə edə bilmədi. Çox rahat
şəkildə, özünün xəbəri olmadan həyatdan köçdü. Atam reanimasiyada, demək olar
ki, yuxulu vəziyyətdə rəhmətə getdi. Bəlkə də, ürəyində deyəcək sözləri var
idi”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun oğlu,
aktyor Cavidan Novruzov atası barədə danışarkən deyib.

O bildirib ki, atası həyatda heç kimə əziyyət verməyib. Ona görə vəfatı belə
rahat olub:

“İnsanların ondan ötrü narahat olmalarını istəmirdi. Qəribə burasındadır ki,
atamın cənazəsini yudurtmağa aparanda, yas məclisini təşkil edəndə, torpağa
tapşırılanda da hər şey elə bil qabaqcadan hazırlanmışdı. Çox rahatlıqla oldu.

Vəsiyyətini deyə bilməsə də, təxmini bilirik ki, nələri deyəcəkdi. Biz artıq
buna əməl etməyə çalışırıq ki, onun ruhu şad olsun. Əsas istəyi bu idi ki,
övladları bir-biri ilə mehriban olsunlar. Həmişə mənə məsləhət görürdü ki,
sənətimlə bağlı fitnəyə getməyim, intriqadan uzaq olum. Mənə deyirdi ki, başımı
salıb işimi görsəm, hər şey bir o qədər də yaxşı olacaq. Özü də elə adam idi”.

Aktyor atasının ölümündən sonra bir daha səhnəyə çıxmayacağı barədə yayılan
şayiələrə aydınlıq gətirərək, haqqında deyilənləri təkzib edib:

“Mən, ümumiyyətlə, elə söz deməmişəm. O məlumatı kim götürüb elə yayıb, özüm
də başa düşə bilmirəm. Belə vəziyyətdə elə bir açıqlama verməmişəm, boş
məlumatdır. Onu demişəm ki, atamın 40 mərasiminə qədər nə səhnəyə çıxacağam, nə
də sosial şəbəkədə görünəcəyəm. Belə demişəm. Bütün işlərimi, çəkilişlərimi və
s. dayandırmışam. Nəyə görə səhnəyə çıxmayım?! Atamın sənətini yaşadıram. Elə
şey olar?!”

Cavidan Novruz, həmçinin sağlığında və həyatdan köçəndən sonra atasına
göstərilən diqqətə görə dövlətdən, Mədəniyyət Nazirliyindən razı qaldığını
bildirib:

“Bir aktyora nə vermək lazım idisə, atama hamısını veriblər. Heç vaxt demədi
ki, yaşım keçir, məni diqqətdən kənar qoyurlar. Vaxtında Xalq artisti adını
aldı. Prezident təqaüdünə layıq görüldü, ev verdilər. Son mənzilə belə yola
salınanda layiqincə oldu. Hamı atamın yerinə danışır, nə istəyir deyir. Amma
ailəsi qalıb kənarda. Bizim ailəmiz şəxsən dövlətdən narazı deyil. Bizə lazım
deyildi atamı son mənzilə teatrdan yola salsınlar, ya da başqa yerdən
götürsünlər. Onsuz da teatrlardan belə şeyləri yığışdırırlar. Xalqın onu
sevərək yola salmağı ailəmizə bəs edir. Sənətkarla vidalaşmaq istəyənlər
qapımızadək gəldilər. Yasda millət dolu idi”.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra ötən
günlərdə dünyasını dəyişib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkib.

Şəlalə Babayeva

Source link