d2b8ec15-aedb-4adf-bfcf-5c398fef9b38..jpg

Mərkəzi Bank deputat Vüqar Bayramovun iddiasına aydınlıq gətirdi – YENİLƏNİB + FOTO

Baxış sayı: 586 dəfə baxılıb.

Mərkəzi Bank deputat Vüqar Bayramovun iddiasına aydınlıq gətirdi – YENİLƏNİB +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda edilmiş 2023-cü il
6 iyul tarixli dəyişikliyə əsasən, Mərkəzi Banka interçeyncin tariflərinin
yuxarı həddini müəyyən etmək hüququ verilib. Mərkəzi Bankın İdarə Heyəti
tərəfindən müvafiq hüquqdan istifadə edilərək 25 oktyabr 2023-cü il tarixli
Qərarla ərzaq mağazaları və apteklər, yanacaqdoldurma məntəqələri və bir sıra
digər MCC proqramlar üzrə interçeyncin yuxarı həddi aşağı salınıb”.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, bankların “SMS” məlumatlandırma xidmətinin tarifləri üzrə
etdikləri dəyişikliklərlə interçeync tariflərinin tənzimlənməsi arasında əlaqə
mövcud deyil:

“SMS” məlumatlandırma xidməti müştərilərə aylıq əsasda təqdim olunur və bu
xidmətdən istifadə seçimində müştərilər sərbəstdirlər. “SMS” məlumatlandırma
üzrə banklar tərəfindən kart sahiblərinə tətbiq olunan xidmət haqları
adıçəkilən xidmət üzrə bankların özlərinə təqdim olunan xidmətin dəyəri ilə
əlaqədardır. Eyni zamanda bildiririk ki, “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə
bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon
haqlarını müəyyən etməkdə sərbəstdir”.

Mərkəzi Bankdan bildirilib ki, “SMS” məlumatlandırma xidmətinin müəyyən
komissiya müqabilində təqdim olunmasına baxmayaraq, banklar tərəfindən
kartlarla aparılmış əməliyyatlar haqda mobil bankçılıq həlləri vasitəsilə kart
sahiblərinə real rejimdə pulsuz “push” bildirişlər göndərilir:

“Eyni zamanda, kartlarla aparılmış əməliyyatların tarixçəsinin mobil və
internet bankçılıq həlləri vasitəsilə pulsuz şəkildə əldə olunması təmin
olunur. Bununla da banklar öz xərclərini optimallaşdırmaqla yanaşı, müştəriləri
daha çox rəqəmsal bankçılıq həllərindən istifadəyə təşviq etməklə daha səmərəli
və effektiv bank xidmətlərini təqdim etməkdə maraqlıdırlar”.

09:10

“Mərkəzi Bank bankomatlar vasitəsilə plastik kartlardan vəsaitlərin
nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu xüsusən digər
bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Bu müsbət
haldır. Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət
artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə
çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək
olaraq qalacaq”.

Bunu iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini
gələn aydan 2,5 dəfə artırmaq qərarı veriblər.

“Əvvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan bir manat olacaq. Əslində, belə
artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir.
Çünki nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə
texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyli aşağı salıb.

Belə olan halda isə, bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan
izah etmək mümkün deyil. Bu baxımdan, requlyator kimi Mərkəzi Bank belə kəskin
tarif artımlarının səbəblərinin araşdırması və yöndə interventiv addımlar
atması çox vacibdir. Bəlkə də, sms xidmətinin bir manata çatdırılması yüksək
xərc kimi görsənməyə bilər, amma sistem əhəmiyyətli banklarda müştərilərin
sayını nəzərə alsaq, bu kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da,
liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımların
tənzimlənməsi çox vacibdir”.

İlhamə Əbülfət

Source link