b91bf026-3e4b-4657-9e43-6a92f64d6907..jpg

Mərkəzi Bank: “Şirkətlərin avtomobilləri sığortalamaqdan imtina etmək hüquqları yoxdur”

Baxış sayı: 812 dəfə baxılıb.

Mərkəzi Bank: “Şirkətlərin avtomobilləri sığortalamaqdan imtina etmək
hüquqları yoxdur”

“Azərbaycan Respublikası Mərkəzi Bankının (Mərkəzi Bank) əsas fəaliyyət
istiqamətlərindən biri də sığorta sektorunda tənzimləmə və nəzarət
funksiyalarının həyata keçirilməsidir. Bu istiqamətdə son dövrlərdə, xüsusilə
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
(avtoicbari) sahəsində həyata keçirilən tədbirlər və tətbiq edilən yeniliklər
haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətin diqqətinə təqdim edilir”.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, sığorta sahəsində görülən islahat tədbirləri sığorta
xidmətlərinin ölkəmizdə inkişaf edirilməsinə, sığortalıların hüquqlarının
qorunmasına və sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsinə xidmət edir.

“Qəbul edilən qərarlar üzrə son yeniliklərdən biri də avtoicbari sığorta üzrə
sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni
tələbin müəyyən edilməsidir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr
2022-ci il tarixli, 60/5 nömrəli qərarı ilə “İcbari sığorta növlərinin
aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də (Tələblər) dəyişikliklər
təsdiq edilmişdir. Həmin dəyişikliklərə əsasən, avtoicbari növünün aparılmasına
icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta
müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun
olaraq bağlanması imkanına malik olmalıdır. Müvafiq sığorta növünün
aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki
imkanlarını Tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində
həmin tələbə uyğunlaşdırmalıdırlar.

İnformasiya və kommunikasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi,
bütün dünyada olduğu kimi ölkəmizdə də internetə çıxışın genişləndiyi və
rəqəmsallaşma texnologiyalarının tətbiq edildiyi müasir dövrümüzdə zamanın
tələbi nəzərə alınaraq qeyd edilən dəyişikliyin Tələblərə əlavə edilməsi zəruri
hesab olunub. Bu dəyişiklik avtoicbari sığorta növü üzrə sığorta
şəhadətnamələrinin şirkətlərin rəsmi veb-səhifələri üzərindən müştərilər
tərəfindən onlayn qaydada rahat şəkildə əldə edilməsini təmin edəcək.

Eyni zamanda qeyd etmək lazımdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanuna, eləcə də onun tətbiqi ilə bağlı müvafiq Fərmana son
dövrlərdə edilən dəyişikliklər də bu məqsədə xidmət edir. Bütün bu
dəyişikliklər sığorta sahəsində informasiya və kommunikasiya texnologiyalarının
tətbiqini nəzərdə tutmaqla icbari sığorta növərinin tam olaraq
elektronlaşmasına, nəticə etibarilə bu sahədə həyata keçirilən bütün
xidmətlərin rəqəmsallaşmasına şərait yaradacaq.

Sığorta xidmətlərinə əlçatanlığın maksimal şəkildə təmin olunması və sığorta
fəaliyyətinin rəqəmsallaşdırması istiqamətində islahatlar Mərkəzi Bank
tərəfindən mütəmadi həyata keçiriləcək.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə
sığorta müqavilələrinin bağlanması ilə bağlı bir daha qeyd olunmalıdır ki,
qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək
üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta
edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri
sığortalamaqdan imtina etmək hüququna malik deyil. Belə ki, “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən,
sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta
marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi
təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə
müraciət etməklə Mərkəzi Banka öz şikayətlərini bildirə bilərlər. Daxil olan
bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək müraciətdə qeyd edilən
məsələlər dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi
sığortaçı tərəfindən icbari sığorta şəhadətnaməsinin buraxılması təmin edilir.

Hal-hazırda avtoicbari sığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud
problemlərin həlli məqsədilə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən ciddi
şəkildə monitorinqlər həyata keçirilir, hərtərəfli təhlillər və
qiymətləndirmələr aparılır. Qiymətləndirmələrin nəticələri əsasında Mərkəzi
Bank tərəfindən zəruri addımların atılması davam etdiriləcək”, – məlumatda qeyd
edilib.

Source link