Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri bu il yanvarın 1-nə 22 milyard 635,554 mln. manat təşkil edib.
ÇıxışYolu.Com qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,5% azdır.
2017-ci ildə AMB-nin cəmi öhdəlikləri 18 milyard 122,382 mln. manat, cəmi kapitalı 4 milyard 513,172 mln. manata düşüb.
MB-nin öhdəlikləri 2017-ci ildə 2016-cı illə müqayisədə 8%, cəmi kapitalı 23,15% azalıb.
Qurum 2017-ci ili 3 milyard 513,453 mln. manat xalis mənfəətlə başa vurub. Nəzərə alsaq ki, 2016-cı ildə həmin rəqəm 401,664 mln. manat təşkil edib, bu da 2017-ci ildə bankın mənfəətinin 8,75 dəfə artması deməkdir.
MB-nın xalis faiz zərəri 123,046 mln. manat təşkil edib. Halbuki 2016-cı ili bank xalis faiz gəliri ilə başa vurmuşdu.
Əvvəlki ildən fərqli olaraq, ötən il AMB-nin gəlirlərinin formalaşmasında Azərbaycan Dövlət Neft Fondundan transfertlər rol oynayıb. Başqa sözlə, qurum mənfəətini Fondun hesabına kəskin artıra bilib.
Hesabat dövründə rezident bankların AMB-də qısamüddətli depozitlərinin məbləği azalıb. Belə ki, ötən ilin sonuna qısamüddətli depozitlərin həcmi 4 389,826 mln. manata enib. Bu da 26% azalma deməkdir.
AMB-nin hökumәt idarәlәri qarşısında öhdәliklәri 1 530,229 mln. manata, kredit tәşkilatları qarşısında öhdәliklәri 2 70,918 mln. manata bərabər olub.
Bundan başqa, ötən il AMB-nin Beynәlxalq Valyuta Fondu ilә әmәliyyatlar üzrә öhdәliklәrinin məbləği artaraq 373,299 mln. manata, beynәlxalq maliyyә institutları qarşısında öhdәliklәri isə 4,693 mln. manata yüksəlib.