b045bc33-5d67-4531-9806-6107565a7376..jpg

Mərkəzi Bankın valyuta ehtiyatları artır: Dayanıqlı olacaqmı?

Baxış sayı: 488 dəfə baxılıb.

Mərkəzi Bankın valyuta ehtiyatları artır: Dayanıqlı olacaqmı?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır…

Keçən il ərzində iqtisadi sabitliyə dair ən bariz göstəricilərdən biri
Azərbaycan Mərkəzi Bankının (AMB) öz rəsmi valyuta ehtiyatlarını 2 milyard 617
milyon 300 min ABŞ dolları həcmində artırmasıdır. 2023-cü ilin dekabrında adı
çəkilən qurumun ehtiyatı 997 milyon 100 min dollar artaraq 11 milyard 613
milyon dollara çatıb. Noyabrın sonunda isə 10 milyard 615 milyon 900 min dollar
təşkil edirdi.

Azərbaycan kimi, ölkənin mərkəzi bankının öz valyuta ehtiyatları həcmini bir
ilin ərzində bu qədər artıra bilməsi böyük nəticədir. Bu normalda ilk növbədə,
xarici ticarət dövriyyəsinin müsbət saldoya malik olmasından və bundan irəli
gələrək də tədiyyə balansındakı əlverişlilikdən, həmçinin milli pul vahidinin
məzənnəsinin sabit olmasından və sairədən xəbər verir. İkincisi isə, ölkədə
iqtisadi artımın olduğunu diktə edir, üçüncüsü də, iqtisadiyyatın kənar
təsirlərdən yan olduğunu göstərir.

Ancaq bu belədirmi? İlk baxışda, bəli… Xarici ticarət dövriyyəmizdə müsbət
saldo hökm sürür, ölkənin tədiyyə balansında da vəziyyət qənaətbəxşdir, manatın
məzənnəsi də möhkəmdir, iqtisadiyyatda artım var, ciddi kənar təsir və
təzyiqlər isə mövcud deyil.

Lakin, təəssüf ki, bunlar kövrək xarakter daşıyır. Hər şey, hər an “relsdən”
çıxa bilər. Söhbət nədən gedir, qeyd edim.

Ölkəmizin ixracının əsasını neft və neft məhsulları təşkil edir. 2023-cü ilin
yanvar-oktyabr ayları ərzində 29 milyard 345 milyon 994 min dollarlıq ixracın
26 milyard 633 milyon 463 min dollarını və ya 90,76%-ini neft-qaz sektoruna aid
mallar təşkil edib ki, yalnız 2 milyard 712 milyon 531 min 270 dolları, başqa
sözlə desəm, cəmi 9,24%-i qeyri neft-qaz sektorun payına düşüb. Sözüm bunda
deyil.

Göstərilən rəqəmlər 2022-ci ilin eyni dövründəki ilə müqayisədə ixracın 15,5%
azalaraq 29 345 milyon ABŞ dolları, idxalın isə 22,3% artaraq 14 174 milyon
dollar təşkil etdiyini deyir. Nəticə etibarı ilə də, xarici ticarətdə 15
milyard 171 milyon dollarlıq müsbət saldo yaransa da bu, əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 34,3% az təşkil edib.

Başqa sözlə desəm, xarici ticarətdə idxal ilə ixrac arasında fərq birincinin
xeyrinə həm özünün artması, həm də ikincinin azalması hesabına xeyli dərəcədə
mənfi istiqamətdə dəyişib.

Sual olunur, niyə? Çünki neft-qaz üzrə ixrac həm həcm, həm də dəyər
nöqteyi-nəzərindən azalıb və azalır. Ölkədə xam neft hasilatının həcmi
azalmaqda olduğundan, bu, davamlı xarakter daşıyır. Digər tərəfdən, idxalda
artımın və genişlənmənin ardıcıl və dayanıqlı xüsusiyyət kəsb etməsi xarici
ticarətdə müsbət dinamikanı əldən verəcəyimiz təhlükəsini bir az da
yaxınlaşdırır.

AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi indikindən də artıq olub. 2014-cü
ilin 1 avqust tarixində 15 milyard 193 milyon 400 min ABŞ dolları təşkil
edirdi. Lakin həmin ilin ikinci yarısından etibarən enerji daşıyıcılarının
dünya qiymətlərinin düşməsi nəticəsində AMB manatın məzənnəsini qorumaq
məqsədilə valyuta bazarına satış yönlü müdaxilələr etməyə başladı ki, nəticədə
qısa müddət ərzində 11 milyard dollar vəsait satılmaqla yanaşı, rəsmi olaraq
iki dəfə devalvasiya qərarı da qəbul edildi.

Odur ki, xarici ticarətdə müsbət saldonun hökm sürməsi, ölkənin tədiyyə
balansında qənaətbəxş vəziyyət, həmçinin manatın məzənnəsinin möhkəmliyi nisbi
göstəricilərdir, o aspektdə ki, manatın məzənnəsi üzən rejim əsasında deyil,
inzibati yolla tənzimlənir. Bu, çox ciddi faktordur.

Qeyd etmək istədiyim əsas qayə ondan ibarətdir ki, milli pul vahidi sərbəst
üzən məzənnə rejimi əsasında tənzimlənməyən ölkədə iqtisadi sabitlik
göstəricisi mərkəzi bankın valyuta ehtiyatları baxımından xüsusən, nisbi
xarakter daşıyır.

O baxımdan ki, ticarət və tədiyyə balansı mənfi dinamikaya doğru dəyişdiyi
təqdirdə, daxili valyuta bazarında alış yönümlü tendensiya istər-istəməz dərhal
satışa çevrilməlidir. Yəni bu, qaçılmaz xarakter daşıyır.

Üzən məzənnə rejiminin tətbiqi isə bizdə hələ mümkün deyil. Ona görə ki,
sərbəst üzən məzənnə rejimi milli pul vahidinin sərbəst alqı-satqı prosesinə,
ölkədə valyuta çoxluğu və azlığına, valyutaya olan tələbə, ölkəyə daxil olan
valyuta həcmi ilə ölkədən çıxan valyuta həcmi arasındakı nisbətə, xarici
ticarət dövriyyəsinə, tədiyə balansına əsasən müəyyən olunur.

AMB isə manatın məzənnəsini inzibati əsasda nəzarətdə saxlayır ki, bu da bəlli
bir nöqtəni – 1 manat 70 qəpik səviyyəsini ehtiva edir. Bu, 2017-ci ildən bəri
davam edir. Səbəb isə ondan ibarətdir ki, ölkədə valyuta satan təkcə Dövlət
Neft Fondudur. Başqa qurum yoxdur. Valyutaya tələbi olan isə çoxlu sayda
subyekt – banklar, idxalçı şirkətlər, əhali var. Satan isə bir subyektdir.

Odur ki, Mərkəzi Bankı qınamağın yeri də yoxdur. AMB valyutanı sərbəst üzən
məzənnə rejiminə buraxa bilməz. Ona görə də manatın məzənnəsini inzibati
qaydada saxlamaq siyasəti o vaxta qədər davam edəcək ki, ölkənin ixracının
50%-dən çox hissəsini qeyri-neft-qaz sektoruna aid istehsal məhsulları təşkil
edəcək.

Ona çatmağımıza isə görülən işlərlə bərabər minimum hələ 4-5 il var.

Source link