cf34b514-1435-449b-8f3c-099579708a0f..jpg

“Məsələnin erməni “mədəni irsi”nin məhv edilməsi kimi qiymətləndirilməsi absurddur” – ŞƏRH + FOTO

Baxış sayı: 529 dəfə baxılıb.

“Məsələnin erməni “mədəni irsi”nin məhv edilməsi kimi qiymətləndirilməsi
absurddur” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndidə separatçıların tikdikləri binalar sökülür. Bunlardan biri “Artsaxı
azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır. Zirzəmi, yarımzirzəmi və mezonin
mərtəbədən ibarət binanın ümumi sahəsi 1 886 kvadratmetrdir, yuxarıdan baxdıqda
xaç işarəsini xatırladır. Binanın adı üçün seçilən ifadə Azərbaycanın tarixi və
suveren ərazilərinin adlarını təhrif edir, elə tikilmə forması da təxribatdır.

Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il
tarixində baş tutub. Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan
və qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak ediblər.

İkinci separatizm simvolu vaxtı ilə mövcud olmuş qondarma rejimin “parlament”
binasıdır. Ümumi sahəsi 1 350 kv.m olan binanın açılışı separatçı rejimin elan
olunmasının 16-cı ildönümü günü – 2 sentyabr 2007-ci ildə olub.

Mərasimdə iştirak edən Ermənistan parlamentinin ozamankı spikeri Tiqran
Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən
növbəti sübut” və “gözəl hadisə” adlandırıb.

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz
Məhərrəmovun sözlərinə görə, Xankəndidə ötən ilin sentyabrına qədər mövcud
olmuş qondarma rejimdən qalan binanın, habelə şəhərsalma və tikintiyə dair
normativ sənədlərin tələblərinə uyğun olmayan digər tikililərin sökülməsi
yenidən qurulan Qarabağın tarixi-mədəni siması və şəhərsalma ənənələrinin
bərpasına xidmət edir:

“Ermənistan və havadarlarının məsələni siyasiləşdirməsi və erməni “mədəni
irsi”nin məhv edilməsi kimi qiymətləndirməsi absurddur. İlk növbədə, hər bir
ölkədə, o cümlədən Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti sahəsində
dövlət siyasətinin konkret məqsədləri var.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci
maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin müəyyənləşdirdiyi
tələblərə uyğun olmalıdır. Məlumdur ki, Azərbaycanın ayrılmaz parçası olan
Xankəndi şəhərinin Baş Planı hələ sovet dövründə, ulu öndərin hakimiyyəti
illərində qəbul edilib. Lakin separatizmin baş qaldırması ilə bölgəyə
Azərbaycan dövlətinin nəzarəti itirməsindən sonra Xankəndi və ətraf yaşayış
məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi, fərdi maraqların
qorunması, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak
maraqlarına təhlükə yaranması və ya zərər vurulmasının qarşısının alınması,
ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və
mədəniyyət abidələrinin qorunması kimi nüanslar nəzərə alınmadan, heç bir
memarlıq və təhlükəsizlik tədbirlərinə məhəl qoyulmadan məqsədli şəkildə
kortəbii tikintilərə rəvac verilib”.

O bildirib ki, burada əsas məqsəd bölgədə tarixi Azərbaycan şəhərsalma irsinin
süni erməni irsi ilə əvəzlənməsi olub:

“Nəticədə, şəhərsalma və tikinti fəaliyyətinin qəbul olunan prinsiplərinə
zidd, şəhərsalma sənədlərinə uyğunluğu təmin edilməyən, tarixi landşaft və
mədəni irsə zərbə hesab olunan bir mənzərə ortaya çıxıb.

Qarabağ və Şərqi Zəngəzuru azad etdikdən sonra Azərbaycan, heç şübhəsiz ki,
işğal və təcavüzün nəticələri qismində Xankəndi və digər ərazilərdə
planlaşdırılma sənədləri, norma və qaydaları, habelə şəhərsalma
əsaslandırılması ilə bağlı texniki qaydalara zidd mövcud situasiyanı da aradan
qaldırmalı idi. Bu gün Xankəndidə aparılan söküntü ilk növbədə bu proseslər
çərçivəsində həyata keçirilir”.

“Məsələnin süni şəkildə “erməni irsi” ilə mübarizə kimi təqdim edilmə
cəhdlərinə gəlincə, əksinə, bölgədə 30 il ərzində məhz Azərbaycan-müsəlman irsi
Ermənistanın dövlət siyasəti çərçivəsində məhv edilib. Qarabağ və Şərqi
Zəngəzurda mövcud olmuş 67 qədim məsciddən 63-ü yerlə bir edilib. Ağdam,
Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı kimi tarixi şəhərlər yer
üzündən silinib, ona görə də “mədəni irs keşikçiləri” ilk növbədə bu barədə
danışmalıdırlar.

Azərbaycan öz ərazisində tarixi xarakter daşıyan bütün tikililərə, o cümlədən
30 il ərzində erməniləşdirilməyə çalışılan alban xristian dini abidələrinə öz
irsi kimi yanaşır və qoruyur. Bütün bunların fonunda Xankəndidə zövqsüz,
memarlıq adına ləkə olan bir neçə qanunsuz tikilinin söküntüsü müzakirə mövzusu
ola bilməz. Bu söküntü, eyni zamanda, tarixi ədalətin bərqərar edilməsi kimi
bizim üçün mənəvi əhəmiyyət daşıyır. Biz qalib dövlət olaraq ərazimizdə
separatizmin heç bir nişanəsinin qalmasına yol verə bilmərik. Necə ki Şuşada
separatçıların “parlament binası” yerlə bir edildi, eləcə də Xankəndidə
separatçıların ucaltdığı və suverenliyimizə zidd məzmun ifadə edən heç bir
tikili qala bilməz. Necə ki Almaniya faşizmi, ABŞ quldarlığı, Polşa kommunizm
quruculuğunu təşviq edən simvol və abidələrdən imtina edib, biz də bölgədə
separatizm ənənələrini təbliğ edən heç bir işarəni saxlamayacağıq”, – deyə
B.Məhərrəmov əlavə edib.

Nəzrin Vahid

Source link