Məşğulluqla bağlı qanun qəbul olundu

Məşğulluqla bağlı qanun qəbul olundu

Baxış sayı: 3. 057 dəfə baxılıb.

Milli Məclisdə (MM) “Məşğulluq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

ÇıxışYolu.Com  xəbər verir ki, qanun layihəsi beş fəsil, 34 maddədən ibarətdir.

Layihəni təqdim edən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, sözügedən qanun Azərbaycanda bazar münasibətlərinin inkişafı, bütün səviyyələrdə aparılan iqtisadi, sosial, institusional və siyasi islahatların uğurlu nəticələri işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni tələbləri müəyyən edir:

“Belə ki, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib.

Ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur”.

İclasda iştirak edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qanun layihəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ilk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir:

“Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu həyata keçirilir. Münasib iş təklifi üzrə müddət 11 gündən beş günə endirilir.  

Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünüməşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur. Yeni maddə ilə özünə məşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib.

Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünüməşğulluğa cəlb edilirlər. Layihəyə əsasən, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir”.

Layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub.

Bu məbləğ hazırkı məbləğdən (75 manat) 1.7 dəfə çoxdur. Əgər qanun layihəsi qəbul edilərsə, iş axtaranların iş tapmaq məsələsini praktiki olaraq həll edə biləcəyik”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda konseptual şəkildə səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com