f767ffaa-542c-4b79-a605-8923da7752fe..jpg

Məşhur aktyorun faciəvi taleyi: “Məni sən bədbəxt etdin, ana” – FOTO

Baxış sayı: 519 dəfə baxılıb.

Məşhur aktyorun faciəvi taleyi: “Məni sən bədbəxt etdin, ana” – FOTO

Bu gün aktyor Gündüz Abbasovun anım günüdür.

Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Anası Mələk xanım Cəfər Cabbarlının qardaşı qızı olub. Cəfər Cabbarlının iki
yaşı olanda atası rəhmətə gedib. Onu Gündüz Abbasovun babası Qafar kişi böyüdüb.

İmkanlı ailədə böyüyüb. Gənc vaxtı çox yaraşıqlı olduğundan və zövqlə
geyindiyindən, onu elə küçədə görüb filmə dəvət ediblər. Elə o vaxtdan ard-arda
filmlərə çəkilməyə başlayıb.

Sonralar özündən doqquz yaş balaca olan gələcəyin aktrisası Ofeliya Məmmədzadə
ilə tanış olur. Xanımın yaşı nikaha düşmədiyi üçün onun yaşını üç yaş böyük
yazdırırlar. Bir müddət sonra Gündüz Abbasovun xəyanəti ucbatından ailə
dağılır. Ofeliya Məmmədzadə oğlunu özü ilə aparsa da, qızları aktyorun anasının
yanında qalırlar. Bir müddət sonra Ofeliya xanım da aktrisa kimi fəaliyyətə
başlayır. Qızı Dildar xanımın sözlərinə görə, atası bundan acığa düşür və
prokuror işləyən qardaşının köməyi ilə oğlunu da keçmiş xanımından geri alır.

Sonralar uşaqlarını keçmiş həyat yoldaşının tamaşalarına aparsa da, onların
görüşməyini qadağan edir. Ofeliya xanım uşaqlarını görmək üçün ondan xəlvət
bağçaya gəlirmiş.

Dildar xanım müsahibələrinin birində atasının dövrün məşhur aktrisalarından
biri ilə münasibəti olduğunu qeyd edir:

“Atamın o dövrün məşhur aktrisalarından biri ilə münasibətindən xəbərdar olan
anam ondan ayrıldı. Atam həmin aktrisa ilə anamla ailəli ola-ola tanış olub,
görüşüb. Onlar ayrılandan sonra belə, atamın onunla münasibəti uzun illər davam
edib. Hətta yadıma gəlir ki, biz də hərdən atamla o qadının evinə gedirdik. O,
bizi çimizdirir, bizim üçün yemək hazırlayırdı”.

Aktyor 1969-cu ildə ikinci dəfə ailə qurur. Bu evlilikdən isə onun bir oğlu,
bir qızı olur. Ancaq 10 ildən sonra ikinci evlilik də ayrılıqla nəticələnir.
Aktyor bir də heç vaxt evlənmir. Ömrünün son günlərinə qədər tək yaşayır.

Universitetdə oxuduğu zaman bir qızla tanış olur. Bir-birilərini çox sevirlər.
Gündüzdən bir kurs yuxarı oxuyan sevgilisi onunla eyni kursda oxumaq üçün bir
il kursda qalır. Lakin qızın valideynləri ayrıldığı üçün anası sevdiyi qızı ona
almır. Onlar ayrılmalı olurlar. Sonralar öz taleyi gətirməyəndə aktyor anasını
günahlandırıb deyirmiş: “Məni sən bədbəxt elədin”.

Sonralar başqa adamla ailə quran qadın öz oğluna Gündüzün ən məşhur
obrazlarından birinin adını verir – Elşən.

O qadınla Gündüz uzun illərdən sonra, ahıl yaşlarında cəmi bircə dəfə
görüşürlər. Təsadüfən Gündüzün ata evinin yaxınlığından keçən qadın evin
qapısını döyür. Kiminlə rastlaşacağını ağlına belə gətirməyən aktyor yazı
masasından qalxıb qapını açanda ilk məhəbbəti ilə qarşılaşır.

Sağlamlığı barədə heç vaxt şikayəti olmasa da ölümündən iyirmi gün əvvəl
ayaqları tutulur, yatağa düşür. İlkin həkim müayinəsindən sonra məlum olur ki,
aktyor sirrozdur. Vəziyyəti getdikcə daha da pisləşir, komaya düşür. Ölümünə
bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyib deyir: “Peşman olmuşam”.

Gündüz Abbasovu kinoda “Onun böyük ürəyi” və “Bir qalanın sirri” filmlərində
ifa etdiyi rollar məşhurlaşdırır. Aktyor ciddi rollarla yanaşı, “Mozalan”
kinojurnalının bir çox süjetlərində də iştirak edib.

Aktyorun sonuncu filmi “Yuxu” olub.

O, sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçılar
tərəfindən hər zaman xatırlanır.

Source link