Məşhur azərbaycanlı bloqerə qarşı Rusiyada əlavə yoxlamalar başlanıldı
Rusiya hüquq-mühafizə orqanları məşhur azərbaycanlı bloqer Hüseyn Həsənova
qarşı əlavə yoxlamalar aparırlar.
Bu barədə rusiyalı ictimai xadim, Təhlükəsiz İnternet Liqasının direktoru
Yekaterina Mizulina bildirib.
“Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə
görə (Yeqor) Krid, (Hüseyn) Həsənov, (Yuri) Xovanski və digər bloqerlərə qarşı
əlavə yoxlama aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin
açılmasının rədd edilməsi ilə bağlı qətnamədən prokurorluğa şikayət etməsindən
sonra baş verib”, – deyə E.Mizulina əlavə edib.
İctimai xadim vurğulayır ki, Moskva Şəhər Prokurorluğu əvvəlki yoxlamada
prosessual qanun pozuntularını müəyyən edib və buna görə də cavab tədbirləri
görülür.
Qeyd edək ki, “Instagram”da ən populyar azərbaycanlı Hüseyn Həsənovun (27,3
milyon izləyici) qanunsuz reklama görə cəzalandırıla biləcəyi barədə məlumat bu
il fevralın sonunda yayılmışdı, may ayında isə bloqerin adı Rusiya Daxili İşlər
Nazirliyinin tərtib etdiyi “qara siyahı”ya salınıb.
Mənbə: sportclan.ru