“Arsenal”, “Real”, “Sevilya” klublarının və İspaniya yığmasının heyətində çıxış edən sabiq yarımmüdafiəçi Xose Antonio Reyes ölüb.
“Sevilya” klubunun “Twitter” hesabında yer alan xəbərə görə, 35 yaşlı futbolçu avtomobil qəzasında dünyasını dəyişib.
X.Reyes “Sevilya”nın uşaq komandasına 10 yaşından qoşulub, birinci komandada isə ilk debütü 16 yaşında olub.
2004-cü ildə ispaniyalı “Arsenal”a keçib və komandaya İngiltərə çempionatını qazanmaqda yardımçı olub. Daha sonra Reyes kirayə əsasında Madridin “Real” klubunda çıxış edib. 2007-ci ildə “Arsenal” onu “Atletiko”ya satdı və Reyes bu klubun heyətində iki dəfə Avropa Liqasının qalibi olub.
2012-ci ildə yarımmüdafiəçi “Sevilya”ya qayıdıb və daha üç dəfə Avropa Liqasının qalibi olub. Onun son klubu “Estremadura” olub. Yarımmüdafiəçi İspaniya yığmasının heyətində 21 dəfə meydana çıxıb, dörd qol vurub. 2006-cı ildə keçirilən Dünya Çempionatında iştirak edib.