81a7f2dd-88f4-438e-9c0f-0a24df8abd29..jpg

Məşhur mason bəstəkarın evində Azərbaycan adı: “Fiqaronun toyu”nun yazıldığı məkandan REPORTAJ + FOTO

Baxış sayı: 628 dəfə baxılıb.

Məşhur mason bəstəkarın evində Azərbaycan adı: “Fiqaronun toyu”nun yazıldığı
məkandan REPORTAJ + FOTO

Vyanada Motsartın ömrünün bahar çağında xəzan fəslini yaşadığı evi ziyarət
etmək çoxdankı arzum idi. Çünki mədəniyyəti danışaraq, dinləyərək hiss etmək
heç də həmişə yetərli olmur, bəzən insan gözündə ucaltdığı şeylərin dəyərini
ölçmək üçün onları görmə ehtiyacı duyur. Bir çox hallarda onları gördüyümüz an
elə ucaltdığımız binanın təpəsindən yerə atıb özümüzə göydələnlərimizi
bəzəyəcək yeni fiqurlar axtarırıq. Bəzən də qəhrəmanlarımızın dəyəri o ucalığı
işığa qərq edir. Elə buna görə də klassik musiqinin paytaxtında klassik
musiqinin atasının izlərini görməyin daxilimdə hansı duyğuları oyadacağını
öyrənmək maraqlı idi. Bu marağın izi ilə Pasxa tətilində Motsartın Vyananın
simvollarından olan Müqəddəs Stefan kafedralının arxasında, “Domgass, 5”
ünvanında yerləşən evinə üz tutdum.

Bildirim ki, Motsart bu evdə cəmi iki il yarım – 1784-1787-ci illər arasında
yaşayıb və ən məşhur əsəri olan “Fiqaronun toyu” operasını burada bəstələyib.
Əslində, bəstəkarın Vyanada bir çox evləri olub, məşhurluğun zirvəsində olduğu
üçün ona daima ən dəbdəbəli evlərdə yaşamaq təklif edilib, ancaq onun Vyanada
yaşadığı evlərdən sadəcə “Mozarthaus” günümüzə qədər gəlib çatıb və 1941-ci
ildə Motsartın ölümünün 150-ci ildönümündə onun xatirəsinə muzey statusu
qazanıb. Motsart əsərlərinin böyük bir qismini məhz burada bəstələdiyi üçün bu
gün muzey Vyanada olduqca məşhur bir məkandır. Muzeyi məşhurlaşdıran digər
məqam isə il ərzində orada daimi sərgilər, xüsusi tədbirlər və konsertlərin
keçirilməsidir.

Motsartın 1781-1791-ci illər arasındakı Vyana həyatının təsvir edildiyi məkanı
gəzməyə muzey işçilərinin tövsiyəsi ilə üçüncü mərtəbədən başladım. Üçüncü
mərtəbədə, əsasən, Motsartın yaxın çevrəsində yer alan insanların, eyni zamanda
1780-ci illər Vyanasının görüntüləri əks olunur. Ancaq bununla yanaşı, maraqlı
tarixi eksponatlar kolleksiyası da var. Bu mərtəbədə diqqətimi çəkən
məlumatlardan biri Motsartın 1787-1791-ci illərdə Osmanlı-Avstriya müharibəsi
dövründə dövlət təbliğatında xüsusi rol oynamasının qeyd edilməsi oldu. Mətndə
bildirilirdi ki, Habsburq monarxiyası fəal şəkildə müharibəyə girəndə Motsart
hələ yeni imperator və kral sarayı bəstəkarı təyin edilibmiş. Həmin vaxt onun
öhdəliyi möhtəşəm rəqs zallarında rəqslər bəstələməkmiş. Motsart “La Bataille”
(Döyüş) kimi təsvir edilən bir kontredansı da 1788-ci ilin karnaval mövsümündə
hələ II İosif rəsmi müharibə elan etməzdən əvvəl yazıbmış.

Məkanda məni təəccübləndirən və sevindirən digər məqam isə dünyada məşhur
muzeydə Azərbaycan adına rast gəlməyim oldu. Belə ki, Motsartın hərbi marşdan
istifadə etməklə və onu dəyişdirməklə səhv bir şey edib-etmədiyinin
sorğulandığı bir mətndə plagiatdan söz açılırdı. Bildirilirdi ki, “Le Nozze di
Figaro” operasının ədəbi modelinin yaradıcısı fransız dramaturq Pyer Bomarşenin
təşəbbüsü ilə Fransa Milli Məclisi ilk dəfə 1791-ci ildə ədəbi müəlliflik
hüququnun qorunması haqqında qanun qəbul edib və bu qərar musiqi üçün çox
mürəkkəb mahiyyət daşıyıb. Çünki yüz illər boyu bəstəkarın yaradıcılıq
cəhdlərinin mərkəzində melodiya ixtirası yox, onun mümkün qədər bədii formada
uyğunlaşdırılması dayanıb. XVIII əsrdən etibarən isə hər şey dəyişib.
Başqalarının musiqi ideyalarından sui-istifadə kimi qəbul edilən addımlara
qarşı ittiham irəli sürmək hələ mümkün olmasa da, plagiatlıq ləyaqətsizlik kimi
qiymətləndirilməyə başlayıb. Ona görə də başqalarının əsərlərindən müəyyən bir
melodiyanı istifadə edərkən icazə alma ənənəsi yaranıb. Ancaq buna həmin dövrdə
heç də hər kəs riayət etmirmiş. Mətndə məsələni izah etmək məqsədilə
bəstəkarların əsər yaratmaq üçün başqa əsərlərdən istifadəsinə dair bir sıra
nümunələr göstərilirdi. Həmin nümunələrdən birində qeyd edilirdi ki, “II İohann
Ştraus özünün “Fars marşı” triosunda orijinal fars mövzusundan istifadə etmək
istəyib və Mixail Qlinkanın “Ruslan və Lyudmila” (1842) operasındakı “Fars
xoru”ndan bəhrələnib. Xorun guya fars şahzadəsi tərəfindən ötürülən mövzunu
əsas aldığı iddia edilir, amma reallıq odur ki, Azərbaycan xalq mahnısı olan
“Qalanın dibində” əsasında bəstələyib”. Fikrimcə, Avropa məkanında, sözsüz
həqiqətin evində əks olunan bu bir cümlə belə Azərbaycan mədəniyyətinin,
musiqisinin necə qədim, dərin və ecazkar olduğunu sübut etmək üçün yetərlidir.

Bu cümlədən xoşhallanmış şəkildə ikinci mərtəbəyə endikdə Motsartın bəstələri,
məşhur “Qırxıncı simfoniyası”, tamamlanmamış “Requiem”i və əlyazısı ilə yazdığı
yazılarla rastlaşdım. Audiobələdçi vasitəsilə bəstəkarın əsərlərini orijinal
notlara baxaraq dinləmək olduqca zövqvericiydi. İkinci mərtəbədəki otaqların
divarlarında həm də Motsartın arzularına, fikirlərinə və başqalarının onunla
bağlı düşüncələrinə yer verilib. Divarda rastlaşdığım bir yazıdan öyrəndiyim
qədərilə, Motsartın arzu və ümidi şərəf, şöhrət və sərvətə sahib olmaqmış. Bu
yerdə ən bəyəndiyim detal isə operalarının nümayişi idi. Musiqidən, sənətdən
heç anlayışı olmayan, kübarlıqdan uzaq, olduqca kobud təbiətli bir şəxs həmin
operaları izləsə, yəqin, o da riqqətə gələrdi deyə düşünürəm.

Ümumi ziyarətimin yarım saatını həmin operaları izləməklə keçirdikdən sonra
Motsartın üçmərtəbəli binada yaşadığı əsas hissəyə-birinci mərtəbədə doğru
irəlilədim. Orada Motsartın nadir portretləri kolleksiyası nümayiş olunur.
Bundan əlavə, ev və geyim əşyalarına yer verilib. Ancaq həmin əşyaların heç də
hamısı Motsarts məxsus deyilmiş, sadəcə həmin dövr haqqında təsəvvür yaratmaq
və hansı otağın nə üçün istifadə edildiyi barədə fikir formalaşdırmaq üçün
əşyalar oraya sonradan yerləşdirilib. Bununla belə əşyaların tarixi olmasına və
həmin dövrə uyğun gəlməsinə xüsusi diqqət ayrılıb.

Muzeydə Motsartın belə bir evə köçmə və Vyanada ən çox orada yaşama səbəbi
onun şöhrəti ilə izah edilir. Belə ki, bəstəkar ün sahibi olduqdan sonra
qonaqları, ziyarətçiləri çoxalmağa başlayır və qonaqlar bəzən aylarla onun
evində qalırmış. O da gələnlərin və özünün rahatlığı üçün çıxış yolunu daha
böyük bir evə köçməkdə tapır. Qonaq otağının divarında bəstəkarın məşhur
qonaqlarından bir neçəsi haqqında məlumat əks olunub. Hətta Leopold Motsartın
qızı Mariya Annaya Vyanaya səyahəti və oğlunun mənzildə keçirdiyi ilk günləri
barədə yazdığı məktub da oradan asılıb. Bildirim ki, Leopold Motsart daha çox
Motsartın atası kimi tanınsa da, o həm də məşhur bəstəkar və Motsartın musiqi
müəllimi olub.

Muzeyin bəyəndiyim tərəflərindən biri Motsartın mason fəaliyyətinin
gizlədilməməsi oldu. Otaqlardan birində açıq şəkildə mason bayrağı və işarələri
nümayiş olunur. Həmçinin Motsartın masonik ruhlu əsərləri barədə də məlumat
verilir. Çünki Motsart elə bu evdə yaşadığı dövrdə-1784-cü ildə Vyanadakı Mason
Lojasına qatılır. Həmin ildən bir mason kimi o, loja yığıncaqlarında,
rituallarda və mərasimlərdə iştirak edir. Bəstəkarın bu təşkilatda iştirakı
onun həm şəxsi, həm də musiqi həyatına ciddi təsir göstərir. Motsart bir sıra
əsərlərində, o cümlədən məşhur “The Magic Flute” operasında mason
mənsubiyyətini göstərməkdən çəkinmir.

Qeyd edim ki, piano sehrbazı qardaşlıq, bərabərlik, xeyriyyəçilik
prinsiplərini əsas götürərək bu təşkilata qatılmış olsa da, onun masonlarla
əlaqəsi heç də hamı tərəfindən yaxşı qarşılanmayıb. Belə ki, katolik kilsəsinin
bəzi üzvləri təşkilata təhlükə kimi baxıblar və masonluğun dövlətin nüfuzunu
sarsıtdığını düşünüblər. Ancaq Motsartın mason mənsubiyyəti onun həyatında
mühüm yer tutduğu üçün o inanc və seçimindən vaz keçməyib. Bu gün onun masonik
ruhda əsərləri dünyanın hər yerində masonlar və musiqisevərlər tərəfindən ifa
olunur.

“Report” İnformasiya Agentliyi

Source link