27ac69a3-5ef9-4e17-836a-e14ce2ffb8fb..jpg

Məşhur pianoçu Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edib – FOTO

Baxış sayı: 493 dəfə baxılıb.

Məşhur pianoçu Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edib – FOTO

Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda
artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə
musiqi proqramı təqdim edilib.

“Report” xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı
çərçivəsində baş tutan tədbir ümummilli lider Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunub.

Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinin
təntənə ilə qeyd edildiyini bildirən Gürcüstanın Azərbaycandakı səfiri Zurab
Pataradze deyib ki, ulu öndərin müasir Azərbaycanın güclənməsində çox böyük
rolu olub. Diqqətə çatdırıb ki, ümummilli liderin Gürcüstan-Azərbaycan
əlaqələrinin inkişafında, uğurunda müstəsna xidmətləri var.

Diplomat tədbirin təşkilinə görə minnətdarlığını bildirib, Azərbaycanla
Gürcüstan arasında münasibətlərin bundan sonra da inkişaf etməsini arzulayıb.

Tədbirdə çıxış edən gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti,
Gürcüstan parlamentinin mədəniyyət komitəsinin sədri Elisso Bolkvadze ulu öndər
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etməkdən
məmnunluğunu ifadə edib.

Gürcüstanlı pianoçu iki ölkənin parlamentləri arasında mədəniyyət sahəsində
memorandumun imzalanması ilə Azərbaycan-Gürcüstan münasibətlərinin yeni
mərhələyə yüksələcəyinə ümidvar olduğunu bildirib.

Heydər Əliyev Mərkəzindəki gecədə Azərbaycan və xarici ölkə klassiklərinin
əsərləri səslənib.

Qeyd edək ki, Tbilisidə anadan olan Elisso Bolkvadze çox erkən yaşlarından
fortepianoda ifa etməyə başlayıb. Orkestrlə ilk konsertini isə 7 yaşında
olarkən verib. Tbilisi Konservatoriyasında təhsil alan, sonradan pianoçu kimi
peşəkar fəaliyyətini Fransa və Avstriyada davam etdirən Elisso Bolkvadze Avropa
və ABŞ-nin ən möhtəşəm konsert salonlarında dünyanın məşhur orkestrlərinin
müşayiəti ilə çıxış edib.

Source link