Bizim məqsədimiz insanlara mal-mülkün Allaha məxsus olduğunu çatdırmaqdır.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Bakıda “kreativ” reklam çəkilişində rol alan Zahir Nurəliyev bildirib.
Onun sözlərinə görə, insanlar tərəfindən tənqid olunsa da bu cür çəkilişləri davam etdirəcək:
“Mən daşınmaz əmlak işi ilə məşğul oluram. Bir dostum vayn çəkir. Bütün bu çəklişlər onun fikridir.
Bir gün məni dəvət etdi ki, vaynda çəkilim. Bir dəfə çəkildim və xoşuma gəldi. Ondan sonra qərar verdim ki, nə qədər tənqid edilsəm də, bu cür çəkilişləri davam etdirəcəm”.
Zahir Nurəliyev bildirib ki, video çəkməkdə məqsəd insanlara var-dövlətin daimi olmadığı mesajını verməkdir:
“Çəkdiyimiz vaynda bir dəqiqə ərzində müəyyən bir fikiri çatdırmağa çalışırıq.
Təbii ki, bir dəqiqəyə bütün fikirləri sığışdırmaq çətindir. Bəzi insanlar bizi yanlış anlayır, amma videolarımızı normal qarşılayanlar var.
Biz insanlara mal-mülkün Allaha məxsus olduğunu çatdırmaq istəyirik ki, onlar var-dövlətə çox tamah salmasınlar”.
Çəkdiyi videolar insanlar tərəfindən tənqid edilən əmlak vasitəçisi qeyd edib ki, bu cür çəkilişlərin sayını artıracaq:
“Mən iki gündür ki, professional çəkiliş üçün kameralar, montaj avadanlıqları almışam. Videolara peşəkarlıq qatmaq istəyirəm və çəkilişlərin sayını artıracam. Nə qədər tənqid olunsam, o qədər xeyirdir.
Aktyor Fərda Xudaverdiyev məni öz “Facebook” səhifəsində paylaşıb və baməzə status yazıb. Bir nəfər də yazmışdı ki, deməli Zahirin çəkdiyi video tutuzdurub və sən onu öz səhifəndə paylaşmısan.
Ancaq ibrətamiz qısa videolar çəkəcəm. Türkiyədə Samanyolu, bizdə də Zamanyolu”.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com