Ermənistanda heyvanlara qarşı qəddarlıq çoxdan adi hal alıb. Zalımlığa meyillilik, az qala, ermənilərin milli xüsusiyyətinə çevrilib.
Bu barədə Lenta.ru saytında dərc edilmiş “Yandırırlar, vururlar, qaynar suya atırlar…” (“ Поджигают, бьют, бросают в кипяток…”) sərlövhəli məqalədə deyilir.
Yazılanlara misal olaraq Eçmiadzin şəhərində baş vermiş hadisə göstərilir:
“Sürücü şəhərdəki trasın kənarında yatmış iti gördükdən sonra idarə etdiyi maşını bilərəkdən onun üzərindən sürür. Sürücü heç nə olmamış kimi hadisə yerindən uzaqlaşır, heyvan isə ciddi xəsarətlər alır. Onun təcili əməliyyat edilməsi üçün 350 dollar tələb olunur”.
Bildirilir ki, sözügedən hadisə Ermənistanda adi haldır:
“Sürücü heç cəza da almayacaq. O tutulsa belə, maksimum 100 dollar məbləğində cərimələnəcək. Bir qayda olaraq, polis belə insanları axtarmır. Məhəllədəki uşaqlar pişik görən kimi ona daş atırlar, böyüklər isə təpiklə vururlar”.
“Sahibsiz itlərin sayını azaltmaq üçün 1990-2000-ci illərdə heyvanları vaxtaşırı güllələyirdilər, bəzən cəsədləri küçələrdən yığışdırmırdılar. Sonradan bu işləri qaydaya salmaq üçün tender keçirilsə də, 2009-cu ildən tenderi ancaq “Unigraf-X” şirkəti qazanıb. Onun təsisçisi Ermənistan parlamentinin sabiq deputatı, ölkənin Gürcüstandakı səfiri Ruben Sadoyandır” , – məqalədə deyilir.
Lakin şirkətin fəaliyyəti qınaq obyektinə çevrilib. Belə ki, küçələrdə sahibsiz itlərin sayı azalmayıb, tutulan heyvanlar isə küçələrə şikəst vəziyyətdə qayıdıblar. Şirkətə qarşı “DINGO Team” ictimai şirkətin liderliyində etirazlar başlayıb. Təşkilatın koordinatoru Qoar Manuşakyanın sözlərinə görə, şirkət itləri sterilləşdirmə adı altında hamilə itin qarnını kəsərək yenidən tikiblər, heç bir sterilləşdirmə olmayıb.
2018-ci ildə polis “Unigraf-X”in fəaliyyəti ilə maraqlanmağa başlayanda məlum olub ki, bələdiyyə büdcəsindən hər il sahibsiz itlər probleminin həllinə ayrılan 200 min dolların böyük qismi mənimsənilib. Məlum olub ki, əməliyyatlar aparılmayıb, itlər yarıac-yarıtox saxlanılıb, pullar isə şirkət sahiblərinin şəxsi ciblərinə gedib. Nəticədə Yerevan meriyası şirkəti “qara siyahı”ya salıb.
Veterinar Hovannes Azatyan deyir ki, heyvanların üzərinə nəsə tökürlər, yandırırlar, döyürlər, qaynar suya atırlar:
“Uşaqlar heyvanla oynadıqdan sonra onu üçüncü mərtəbədən atmaq qərarına gəlir. Hazırda Ermənistanda bir çoxları heyvanlarla əşya kimi davranır”.