Sosial mediada mənfi şərhlərə görə həyat yoldaşını bıçaqladı.
Videolar çəkərək sosial media hesabında paylaşmaq Nihadın vərdişinə
çevrilmişdi. Amma iş o yerə gəlib çatmışdı ki, o, hətta həyat yoldaşı Əsmərin
hamilə olmağı ilə bağlı xəbəri də sosial mediada izləyiciləri ilə paylaşdı. Bu
artıq sadəcə video paylaşmaq yox, bir asılılıq halını almışdı.
Nihad hər səhər həyat yoldaşı üçün çay hazırlayır, onunla qəlyanaltı edir və
bunu canlı şəkildə telefonu vasitəsilə paylaşırdı. Daha sonra canlı yayımı
dayandırmadan işə getdiyini bildirir, həyat yoldaşı ilə sağollaşaraq evdən
çıxırdı. Əsmər isə bundan bezsə də, şikayətlənmirdi. Nihad öz fotostudiyasına
gəlir və iş yerində canlı yayımlar açaraq işlərini görürdü.
O, telefonu götürüb canlı yayımda yazılan şərhlərə baxır. Onların içindən bir
şərh Nihadı əsəbiləşdirir, çünki orada “sən əminsən ki, həyat yoldaşın Əsmər
səndən hamilədir?” deyə yazılmışdı. O, əvvəlcə bu rəyə fikir vermir, daha sonra
sözügedən şərhlərin təkrarlandığını görüb əsəbiləşir, canlı yayımı söndürərək
evə gedir. Əsəbi halda mənzilə daxil olan Nihad dərhal Əsmərə yaxınlaşır və onu
özündən çıxaran rəyləri göstərir.
Həyat yoldaşı nə baş verdiyini anlamağa çalışsa da, Nihad onu dinləmək istəmir
və nalayiq sözlərlə təhqir edir. Əsmər mənzildən çıxıb anasıgilə gedir. Anası
ilə görüşür, hal-əhval tutur, özünü heç nə olmamış kimi aparır. Sonra onlar
birlikdə Əsmər və Nihadın qaldıqları mənzilə gəlirlər. Nihad özünə rahatlıq
tapa bilmir. O, iş yerinə qayıtmaq istəyir və binanın həyətinə çıxır.
Skamyada oturur, canlı yayıma yazılan şərhləri oxuyur və həyat yoldaşının onu
aldatdığını düşünür. Daha sonra evə qayıdır və canlı yayımda qayınanasının,
izləyicilərin gözləri qarşısında həyat yoldaşına mətbəx bıçağı ilə zərbələr
endirir. Nihad hadisə yerindən qaçaraq uzaqlaşır. Amma o, bir neçə gün sonra
hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilir.
Əsmər isə anasının təcili tibbi yardım çağırmasından sonra xəstəxanaya
yerləşdirilir. Xəstəxanaya düşən və həyatı xilas edilən Əsmər hakim qarşısında
həyat yoldaşı Nihadı heç vaxt bağışlamayacağını bildirib.
Ətraflı Baku TV-nin süjetində:
arvadına dəhşət yaşatdı
Məşhurlaşmaq istəyən bloqer bir şərhə görə hamilə arvadına dəhşət yaşatdı