Azərbaycanda daha bir futbolçunun adının danışılmış oyunlarda hallanması artıq bəllidir.
ÇıxışYolu.Com xəbər verir ki, bu vaxtı ilə Premyer Liqada iddialılardan “Qəbələ”də oynamış Ruslan Tağızadədir.
PFL prezidenti Ramin Musayevin bugünkü mətbuat konfransında bu barədə dediyi fikirlərə nəzər salaq:
“Ruslan Tağızadənin atası canımı boğazıma yığıb. And verir ki, oğluma kömək et. Halbuki onun oğlunun adı danışılmış oyunlarda hallanır. Deyir ölkənin bayrağın qaldırmışıq. Harda qaldırıb, bilmirəm”.
25 yaşlı futbolçunun özü zənglərimizi cavabsız qoyduğundan, onun ötən mövsüm I divizionda çıxış etdiyi “Turan Tovuz” və “Qaradağ Lökbatan” komandalarının baş məşqçilərini danışdırdıq.
Əvvəlcə Tovuz klubunun baş məşqçisi Əsgər Abdullayevlə əlaqə saxladıq. Abdullayev bildirdi ki, Ruslandan şübhələnməyib:
“O, məndə I dövrədə oynadı. Demək olar ki, bütün matçlarda onu oynatdım. Amma zəif oynamasını formada olmaması ilə əlaqələndirərdim. Mən əlimdə fakt olmadığından, onun barəsində pis danışa bilmərəm. Özüm də bu kimi şeylərə pis baxıram. Mənə görə, oyun satan futbolçu bu idmanda olmamalıdır. Sonra o bizdən ayrıldı. Amma mən onu komandadan göndərməmişdim”.
II dövrədə “Qaradağ Lökbatan”a keçən Ruslan Tağızadənin ordakı baş məşqçisi Həbib Ağayev də bu futbolçunun danışılmış matçda iştirak etməsindən şübhələnmədiyini bildirib:
“O bizə II dövrənin başlanmasına az qalmış gəldi. Bizdə oynadığı vaxtda ondan mənfi hərəkət hiss etməmişəm. Əksinə “Binə” və “Şüvəlan”la oyunlarda meydana sonradan buraxmışam, girib qol vurub. Ümumiyyətlə, əksər oyunlarda Ruslanı meydana sonradan buraxmışam.
Ona görə mən nə AFFA-ya, nə də prokurorluğa çağırılmışam. Mən də sizin kimi bu gün Ramin müəllimin açıqlamasından sonra bu haqda bildim. Lakin bu elə bir şeydir ki, şəxsən mən bunu hiss etməmişəm deyə onun haqda pis danışa bilmərəm”.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com