Məşqçinin tələbəyə işgəncə verməsi ənənəyə çevrilir? – İdmançıya övladımızı
necə əmanət edək? + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir neçə gün əvvəl Azərbaycanda idmançı Elvin Səfərovun məşq zamanı uşaqlarla
davranışını əks etdirən görüntülər yayılandan sonra ciddi müzakirələrə səbəb
oldu. Belə ki, o, idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına,
bədənlərinə təpiklə ağır zərbələr endirib. Bu zərbələrdən yayınmaq istəyənlərə
isə qapaz vurub. Məşqə gələn uşaqların reaksiyalarından da hiss olunub ki,
onlar bu zərbələrdən əziyyət çəkirlər.
Bəs peşəkar məşqçi necə olmalıdır?
Məşqçi Ceyhun Vəliyev Cixisyolu.com-a açıqlamasında bildirib ki, insanların idman
etmə səbəbi sağlamlıq, özünü qorumaq, formaya düşmək və yaxşı idmançı olmaqdır:
“İlk başlayan vaxtlarda bizə məşqçi köməyi mütləq lazımdır. Çünki praktika
göstərir ki, bizim idmanda etdiyimiz ən böyük səhv məşqçi seçimidir. Ölkəmizdə
idman zalları sürətlə artır. Təbii ki, bu, yaxşı haldır. Amma bu artıma cavab
verəcək qədər peşəkar məşqçi tapmaq çox çətindir. Nəticədə zal sahibləri məcbur
qalaraq peşəkar idmançıları məşqçi kimi təyin edirlər.
Burada belə bir sual yaranır ki, yaxşı idmançı əsl məşqçi ola bilərmi?
Qətiyyən yox! Çünki öyrətmək səbir tələb edir. Hər idmançıda isə səbir yaxşı
ölçüdə olmur”.
C.Vəliyev valideynlərə övladları üçün düzgün məşqçi seçməklə bağlı çağırış
edib:
“Döyüş idman növlərində peşəkar idmançıların psixoloji vəziyyətləri,
sağlamlıqları onların insanlarla, xüsusilə, uşaqlarla işləməyə yararlı
olmadığını göstərir. Dəfələrlə sosial şəbəkələrdə bu tip görüntülərin şahidi
oluruq. Mən valideynlərə çağırış edirəm ki, uşaqlarını idman zalına apardıqda
onların yaxşı idmançı ilə yox, əsl məşqçi ilə məşq etməsinə üstünlük versinlər.
Sizin uşaqlarınıza fiziki şiddət göstərən deyil, onların sağlamlığına zərər
verməyən məşqçi lazımdır”.
Xatırladaq ki, məşqçilərin uşaqlarla əzazil davranışına dair ən rezonanslı
hadisə ötən il baş vermişdi. Belə ki, aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid
Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna
məlumat daxil olmuşdu.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri
ərazisində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq
zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin
xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilmişdi.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Mehman Xəlilov iş üzrə
şübhəli şəxs qismində tutulmuşdu.
Mehman Xəlilovun məhkəmə prosesi davam edir.
Görüntülərdən aydın olub ki, M.Xəlilov təkcə Fərid Bakarova qarşı deyil,
məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb.
İlhamə Əbülfət