1fe43a22-0ffb-4e3a-a3e0-796693f50602..jpg

Mətanət Məmmədova: “Biz qalib xalq kimi başımızı dik tutub öz yurdumuza qayıdırıq”

Baxış sayı: 701 dəfə baxılıb.

Mətanət Məmmədova: “Biz qalib xalq kimi başımızı dik tutub öz yurdumuza
qayıdırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətəndən çıxan 8 yaşlı körpə fidanlar idik, dünyanı dərk etməyən uşaqlar
idik, bu gün amma ömrünün 31 ilini məcburi köçkün həyatı yaşayan, olmazın
müsibətlərini görən, öz doğmalarını itirən müharibə uşaqlarıyıq. Amma sevinirik
ki, bu ağrımıza-acımıza dəydi, biz qalib xalq kimi başımızı dik tutub öz
yurdumuza qayıdırıq”.

Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünMətanət Məmmədova deyib.

O bildirib ki, Füzuliyə qayıdarkən ilk işi Allaha dua etmək, şükür etmək
olacaq:

“Füzulidən çıxanda balaca uşaqlar idik. Həyatımızın travmasını yaşadıq.
Müharibə gördük, itkilər gördük. Başımıza gəlməyən qalmadı, köçkün həyatı
yaşadıq.

Bu gün bizim üçün həm də ona görə özəldir ki, Füzuliyə qayıtmaq atamın da ən
böyük arzusu idi. O bu arzu ilə köçdü dünyadan. Bu gün onun da arzuları çin
olur.

Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı yataqxanada yaşamışıq. Bu
gündən isə öz evimizdə, öz yurdumuzda firavan yaşayacağıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu
mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2 979 nəfərin
daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link