Mətbəxini müzakirə edənlərə səsləndi: “Kübra xanım kasıb deyil, o ev məni
xəstəliyimdən xilas etdi” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Film və seriallarda yox, amma kiçik səhnəciklər olanda çəkilirəm, etiraz
etmirəm. Böyük rol olsa, çəkilməyəcəyəm, gücüm çatmaz. Film, serial çəkmək
əziyyətlidir. Səhərdən axşama qədər gərək çəkiliş meydançasında olasan, növbəni
gözləyəsən. Nə qədər hörmət edib, sayğı göstərsələr də, can məndən gedir. Buna
qüvvəm yoxdur. Həm də seriala çəkilsəm, gərək 40-50 seriya orada olasan. Dözə
bilmərəm”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.
O daha sonra evinin, mətbəxinin köhnə olduğunu efirdə müzakirə edənlərə də
səslənib.
“İstəyirəm aparıcı xanıma zəng edib deyim ki, qızım, siz bir az şişirtdiniz.
İzləyicilər mənim halıma yanmayıblar, sadəcə deyiblər ki, mətbəxi köhnədir. O
qədər gözəl sözlər yazıblar ki… Verilişdə Xalq artisti Əbdül Mahmudbəyov da
iştirak edib. O məni bu gün tanımır ki, o vaxtdan tanıyır. Özü də mənim nə
zülmlərlə gəlib bu günə çıxdığımı da bilir. Qız evim barədə deyir ki,
“kasıblıqdan da aşağı”. Bundan da betər təmirsiz evlərdə yaşayan insanlardan
artığam?! Nə kasıb? Kübra xanım kasıb deyil. Mən də aktrisayam da. Müğənni
deyiləm ki, toylara gedib pul qazanıb. Kübra xanım öz dəyərlərinə hörmətlə
yanaşır. Heç vaxt ayağımı yorğanımdan bir santimetr də çölə çıxarmamışam. Nə
qədər imkanım var, o cür yaşamışam. Bu gün də elə yaşayıram. 1985-ci ildə
avtomobil almışam. Mən qənaətlə yaşamağı bilən bir qadınam. Adam var ki, bir
şeyi artıqdır və onu tullayır. Mən onun da qədrini bilən insanam. Evim 1920-ci
ildə tikilib. Bu evə əl vurmaq olmur, söküb yenidən təmir etmək olmaz. Etmək
olar. Amma niyə edim ki?! 10 kvadratmetrlik bir mətbəxdir. Bu mənə yetir. Mən
bu balaca mətbəximdə 30 nəfər qonağımı yola salmışam. Hələ 13 il bir qadınla
yaşamışam. Sumqayıtdan Bakıya köçəndə otağın biri rus qadında idi. Qonşulu ev
idi. İllərimi vermişəm. 1976-cı il sentyabrın 20-dən bu evdə yaşayıram.
Kafelləri əllərimlə vurmuşam. Evim bərəkətlidir, hüzurludur. Mənim evimdə gəlib
bir fincan çay içən insan evimin ab-havasından danışır. Ev dəyişmək asandır.
Tərtəmiz evim var. Həmişə dua edib deyirəm ki, rəbbim, heç kəsi kirayədə qoyma.
Hər kəsin bir ocağı olsun… Balaca olsun, amma özünün olsun. Şükürlər olsun,
övladlarımın da evi var, nəvələrimin də. Kübra xanım ayrı bir insandır. Məni
yaxından tanımaq üçün oxumaq lazımdır. Bəzən deyirlər ki, sizə yaxın gələ
bilmirdik, gələndən sonra gördük ki, siz necə sadə insansınız. Bəli, mən sadə
anayam, nənəyəm”, – deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, Prezidentin verdiyi evi xəstəliyinə görə satıb.
“Prezidentim ev vermişdi. Mən heç nəyə görə o evi satmazdım. Sağlığıma görə
satdım. 11 min manat Türkiyəyə pul köçürməli oldum. Sığortam da yox idi,
birdən-birə pul ödəmək lazım oldu. Heç yana əlim çatmadı. Heç kimdən borc
almağı da sevmirəm. Bu günə qədər bir adama da borcum olmayıb. Heç əməliyyat da
olunmadım, amma xəstə olmağımın cavabı orada çıxdı. Mən onu özümə halal edirəm.
Çünki xəstəliyim uzana bilərdi. 12 ildir mən yaşayıram, yaşamaya bilərdim. O ev
məni xilas etdi. Xəstəliyim irəliləmədən üstünə düşdüm. Dövlətimiz biz
sənətkarları qoruyur”, – deyə sənətkar bildirib.