a7aa534a-8c7e-498c-bd9f-b12a3021f3ac..jpg

Mətbuat Şurası “Euronews” və “Le Figaro”ya müraciət etdi

Baxış sayı: 4. 776 dəfə baxılıb.

Mətbuat Şurası “Euronews” və “Le Figaro”ya müraciət etdi

Azərbaycan Mətbuat Şurası (MŞ) “Euronews” telekanalına və “Le Figaro” nəşrinə
müraciət edib.

Bu barədə Cixisyolu.com-a MŞ-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı
kontingentinin müvəqqəti nəzarət zonasında olan Xankəndi şəhərində dekabrın
25-də keçirilmiş aksiya zamanı çıxış etmiş bəzi şəxslərin nitqlərindəki
məzmunun “Le Fiqaro” qəzetində və “Euronews”un Fransa xidmətində birtərəfli
qaydada və qərəzli səkildə yayımlanması dərin təəssüf hissi doğurur. Bütövlükdə
Azərbaycan jurnalistlərinin haqlı narazılığını ifadə edən Mətbuat Şurasının
yanaşması bundan ibarətdir ki, medianın zorakılığa, bölücülüyə və qarşıdurmaya
xidmət edən təbliğat üçün tribunaya çevrilməsi yolverilməzdir, jurnalistikanın
peşə prinsiplərinə ziddir:

“Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış suveren ərazisi, Xankəndi qədim
Azərbaycan şəhəri, orada yaşayan əhali isə Azərbaycan vətəndaşlarıdır. Amma “Le
Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti dekabrın 25-də keçirilən
aksiyasını işıqlandırarkən, nəinki Azərbaycanın suveren hüquqlarını, hətta
Qarabağ bölgəsində yaşayan sıravi erməni əsilli vətəndaşların belə mənafelərini
nəzərə almayıblar. Onlar məsələni otuz ilə yaxın müddətdə Azərbaycan
torpaqlarını işğalda saxlamış cinayətkarların və onların əməllərinin
davamçılarının maraqları kontekstində təqdim ediblər.

Təəssüflə bildiririk ki, “Le Fiqaro” və “Euronews”un Fransa xidməti Cənubi
Qafqazda sabitliyin təmin olunması, xalqların dinc, yanaşı yaşamaları üçün
göstərilən səyləri deyil, bölücülüyə xidmət edən, bölgədə sülh gündəliyinin
əleyhinə fəaliyyət göstərənlərə meydan verdilər. Jurnalistika dəyərlərinə
münasibətdə belə etinasızlığın göstərilməsi yolverilməz və qəbuledilməzdir.

“Le Fiqaro” və “Euronews” jurnalistikanın tərəfsizlik və obyektivlik kimi
mühüm prinsiplərinə uyğun olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti
nümayəndələrinin Laçın-Xankəndi yolunda, artıq, 15 gündür ki, davam edən
aksiyası ilə maraqlana və məsələnin əsl mənzərəsini bütün tərəflərin mövqeyi
nəzərə alınmaqla, təsvir edə bilərdilər. Əfsus ki, biz bu peşəkar yanaşmanı
görmədik.

“Le Fiqaro” nəşri Fransanın tanınmış ictimaiyyət nümayəndələrinin Azərbaycana
qarşı qeyri-obyektiv müraciətini təşkil edərək və yayaraq, belə bir təsəvvür
formalaşdırmağa çalışır ki, guya, Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik
təmizləmə siyasəti həyata keçirir. Aydındır ki, bu bəyanat, Fransadakı erməni
lobbisinin səyləri nəticəsində ərsəyə gəlib və onun maraqlarına xidmət edir.
Qeyd etməyi vacib sayırıq ki, KİV qurumunun hansısa materialı siyasi
konyunktura uyğun olaraq işıqlandırması, “Jurnalistlərin hüquq və vəzifələrinə
dair Beynəlxalq Münhen Bəyannaməsi”nin prinsiplərinə ziddir. Jurnalist və KİV
qurumu bundan çəkinməli, ictimaiyyətin həqiqəti bilməsi üçün çalışmalıdır.

Belə mənfi meyillər, Azərbaycan və Fransa xalqları arasında münasibətlərə də
ciddi zərər gətirir, Azərbaycan ictimaiyyətində Fransa haqqında mənfi rəyin
yaranmasını sürətləndirir”.

Öz sıralarında Azərbaycanın məşhur media orqanlarını, jurnalist təşkilatlarını
birləşdirən Azərbaycan Mətbuat Şurası “Le Fiqaro” qəzetini və “Euronews”un
Fransa xidmətini Qarabağ həqiqətlərinə həssas yanaşmağa çağırır, beynəlxalq
hüququn norma və prinsiplərinə, Fransa dövlətinin də tanıdığı müstəqil
Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmağa
dəvət edir.

Şura hesab edir ki, bu media orqanları, ümumən, Fransa mediası Cənubi Qafqazda
yenidən siyasi avantüra planlarını reallaşdırmaq istəyənlərə tribuna verməməli,
reallığı görməli, ədalət prinsiplərinə əsaslanmalıdırlar. Yalnız bu yolla
bölgədə davamlı sülhün yaradılmasına, Azərbaycan və erməni xalqlarının birgə
təmsil olunduqları coğrafiyada inkişafa və tərəqqiyə, insan hüquq və
azadlıqlarının qorunmasına töhfə vermək mümkündür:

“İnanmaq istərdik ki, müraciətimiz səmimi qəbul ediləcək, müvafiq nəticə
çıxarılacaq, vurğuladığımız məqamlar kifayət qədər həssas daxili təbiətə malik
Cənubi Qafqaz bölgəsinə ədalətli yanaşmanı təmin etmək meyarı kimi, “Le Fiqaro”
qəzeti və “Euronews”un Fransa xidməti də daxil olmaqla, bütövlükdə Fransa və
Avropa mediasının gələcək fəaliyyətində nəzərə alınacaqdır”.

Source link