a68a4b01-796a-498c-90bb-cb7090a26959..jpg

“Məzarıma bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin…” – Vaqif Səmədoğlunun ölümündən səkkiz il ötür

Baxış sayı: 1. 011 dəfə baxılıb.

“Məzarıma bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin…” – Vaqif
Səmədoğlunun ölümündən səkkiz il ötür

Azərbaycanın görkəmli xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi,
dramaturq, publisist, Milli Məclisin II və III çağırış deputatı Vaqif
Səmədoğlunun vəfat etməsindən səkkiz il ötür.

Şair 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd
Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonun Yuxarı Salahlı kəndinin
Vəkilovlar soyundadır.

O, Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında təhsil alıb. 1968-1971-ci illərdə Azərbaycan Sovet
Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri,
1992-1994-cü illərdə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

1962-1963-cü illərdə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu
keçib. Sonra 1963-1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında
fortepiano üzrə ixtisas müəllimi, 1982-1985-ci illərdə C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri
vəzifələrində işləyib.

Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi
şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub.
1970-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. 1989-cu ildə
“Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Bundan
sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, 1992-1994-cü illərdə “Oğuz eli”
qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycanın Xalq
Şairi adına layiq görülüb. 2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat
seçilib.

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişib. Bir gün
sonra Birinci Fəxri xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax
rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.

Qeyd edək ki, şair “İstiqlal”, “Şərəf” ordenlərinə, “Humay”, “Nəsimi”
mükafatlarına layiq görülüb. Səməd Vurğunun ev-muzeyinin direktoru onun həyat
yoldaşı Nüşabə Vəkilovadır.

Xalq şairi 2014-cü ildə İsraildə xərçəng xəstəliyindən müalicə olunan zaman
Allaha müraciətlə bir şeir paylaşıb:

Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah, Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü
abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir
neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt
ayaqqabı da qoyulub.

“Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın
geyib getsin…”

Source link