Ma Çi: “Çin rəqəmsal iqtisadiyyat sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə
hazırdır” – MÜSAHİBƏ
Azərbaycan üçün əsas idxal bazarlarından biri olan Çin ilə iqtisadi əməkdaşlıq
hər gün dərinləşir. Sentyabrın əvvəlində ölkələr arasında “İstehsal gücləri və
investisiya əməkdaşlığının gücləndirilməsi haqqında” çərçivə sazişi imzalanıb.
Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri
Ma Çi “Report”a müsahibəsində investisiya əməkdaşlığının genişləndirilməsindən,
Orta Dəhlizinin Çin üçün rolundan, Çin və Azərbaycan arasında “Bir kəmər, bir
yol” təşəbbüsü çərçivəsində əməkdaşlıqdan, eləcə də Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində bizneslə məşğul olmaq imkanlarından danışıb.
– Çin və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf
səviyyəsini necə qiymətləndirirsiniz?
– Son illər Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının
Sədri Si Cinpinin şəxsi iştirakı və dəstəyi sayəsində iki ölkə arasında
iqtisadi və investisiya əməkdaşlığı dərinləşməkdə və genişlənməkdə davam edir.
Azərbaycanın statistik məlumatlarına əsasən, 2023-cü ilin yanvar-iyul
aylarında ölkələrimiz arasında ikitərəfli ticarət il ərzində 41,1% artaraq 1,62
milyard ABŞ dolları təşkil edib və bu da Çini Azərbaycanın dördüncü ən böyük
ticarət tərəfdaşı və ikinci ən böyük idxal mənbəyi edir. Hazırda Çinin
Azərbaycana ixrac etdiyi əsas mallar mexaniki avadanlıqlar, elektronika
məhsulları, avtomobillər və qabaqcıl texnologiyalara əsaslanan digər
məhsullardır. Bu qrup mallar ümumi ixracın 50%-dən çoxunu təşkil edir. Bu da öz
növbəsində Azərbaycanın iqtisadi və sosial inkişafına müsbət təsir göstərir,
əhalinin güzəranını yaxşılaşdırır.
İnvestisiya sahəsində ikitərəfli əməkdaşlıq da intensivləşib, özü də bərpa
olunan enerji və “yaşıl” sənaye yeni qarşılıqlı fəaliyyət sahələrinə çevrilib.
COVID-19 pandemiyasının nəticələri aradan qalxdıqca iki ölkənin yerli
hakimiyyət orqanları və müəssisələri arasında təmaslar getdikcə artır. Yerli
biznes şəraitini, bazar imkanlarını və ölkənin sənaye siyasətini öyrənmək üçün
Azərbaycana Çin müəssisələrindən getdikcə daha çox nümayəndə səfər edir. Bu da
öz növbəsində Azərbaycanda investisiya və əməkdaşlığa marağı xeyli artırır.
Yaxın illərdə Çin investisiyaları sayəsində Azərbaycanda daha çox texnoloji və
ekoloji cəhətdən təmiz layihələrin həyata keçiriləcəyi gözlənilir. Çin və
Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində uğurla
əməkdaşlıq edir və bundan sonra da ticari-iqtisadi əməkdaşlığı inkişaf
etdirəcəklər, bununla da ölkə xalqlarının rifahının yaxşılaşdırılmasına mühüm
töhfə verəcəklər.
– “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin və Azərbaycan arasında
əməkdaşlıq haqqında nə düşünürsünüz?
– Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü fəal dəstəkləyən ilk ölkələrdən
biridir. Son 10 ildə iki dövlət başçısının diqqəti və səyləri sayəsində Çin və
Azərbaycan bu təşəbbüsün həyata keçirilməsində mühüm irəliləyiş əldə ediblər.
Ölkələr arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad əsasında inkişaf
etməkdə davam edir və bu gün görünməmiş səviyyəyə çatıb: iki ölkənin siyasi
partiyaları və hökumətləri bütün səviyyələrdə sıx əlaqələr saxlayır, siyasi
əlaqələr daim genişlənir, ikitərəfli münasibətlərin institusional əsasları daha
da möhkəmlənir. 2022-ci ildən Çindən Avropaya dəmir yolu yüklərinin daşınması
baxımından əhəmiyyətli olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu
layihəsinin inkişafı sürətlənib. İkitərəfli ticarət sabit olaraq qalır və sabit
artım tendensiyası nümayiş etdirir ki, bu da öz növbəsində Azərbaycan
məhsullarının Çin bazarına daxil olmasına töhfə verəcək.
Çin və Azərbaycan şirkətləri neft və qaz yataqlarına texniki xidmət,
informasiya-kommunikasiya texnologiyaları, yeni energetika və tikinti
materiallarının istehsalı sahəsində artıq bir sıra layihələri uğurla həyata
keçiriblər. İnvestisiya əməkdaşlığı inkişaf etdikcə maliyyə inteqrasiyası da
intensivləşir. İki ölkənin yerli hakimiyyət orqanları, gəncləri və mediası
arasında təmaslar getdikcə çoxalır, mədəni-humanitar mübadilələr açıq şəkildə
vüsət alır. Mənzərənin gözəlliyini qiymətləndirmək və “Odlar yurdu”nun ləziz
milli mətbəxini dadmaq üçün Azərbaycana getdikcə daha çox çinli turist gəlir və
bu da xalqlar arasında əlaqələrin möhkəmlənməsinə kömək edir. Çin tərəfinin
“Bir kəmər, bir yol” layihəsinin birgə həyata keçirilməsinin onilliyini
yaddaqalan etmək üçün Azərbaycanla müxtəlif sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığı daha da dərinləşdirmək arzusu və inamı var.
– Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes
qurmaqda maraqlıdırlarmı? Hazırda hansı layihələr planlaşdırılır? Çin bu
istiqamətdə Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədirmi?
– Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa
işlərinin gedişini diqqətlə izləyirlər. Bir sıra müəssisələrin nümayəndələri bu
ərazilərdə olub, “ağıllı kənd” kimi layihələrin həyata keçirilməsində və hava
limanları üçün avadanlıqların təchizatında iştirak ediblər. Onlar hazırda
investisiyaların təşviqində və orada fotoelektrik stansiyaların inşasında fəal
rol oynayırlar. Çin müəssisələri işğaldan azad edilmiş ərazilərdə infrastruktur
layihələrinə diqqəti cəlb etmək, investisiya və biznes mühitini yaxşılaşdırmaq
üçün Azərbaycan hökumətinin qəbul etdiyi investisiya təşviqi siyasətini diqqətə
alıblar. Bu müəssisələr Azərbaycan tərəfi ilə bərpa olunan enerji mənbələri,
infrastruktur, tikinti materiallarının istehsalı, informasiya-kommunikasiya
texnologiyaları və s. sahələrdə konkret layihələri müzakirə etməyə hazırdır.
– Azərbaycan bu yaxınlarda Pekində ticarət evi açıb. Sizcə, bu, ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın inkişafına necə təsir edəcək?
– Pekindəki Azərbaycan Ticarət Evi Çində sayca dördüncüdür və ticari-mədəni
mübadilə platforması kimi mühüm rol oynayacaq. O, həmçinin Azərbaycanın milli
imicinin formalaşmasına, “Made in Azerbaijan” brendlərinin tətbiqinə və
populyarlaşmasına, Azərbaycan və Çin arasında ticarət əlaqələrinin daha
səmərəli təşviqinə töhfə verəcək. Beləliklə, Azərbaycan məhsulları çoxlu sayda
çinli istehlakçı üçün əlçatan olacaq. Bundan əlavə, ticarət evi ixtisaslaşmış
Azərbaycan məhsullarının Çinə tədarükünü asanlaşdıracaq və bir çox çinli
sahibkara Azərbaycan bazarı və istehsal sahələri haqqında intuitiv anlayış
vermiş olacaq. Düşünürəm ki, böyük Çin bazarı və böyük istehlak tələbi
Azərbaycan üçün çoxlu inkişaf imkanları açacaq.
– Çin tərəfi Azərbaycanla yeni əməkdaşlıq layihələri həyata keçirməyi və
sənaye təcrübəsini bölüşməyi planlaşdırırmı?
– COVID-19 pandemiyasının başa çatmasından sonra Çin və Azərbaycan “itirilmiş
üç ili” kompensasiya etmək üçün çox səy göstərdi. Azərbaycanda əməkdaşlıq
imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır. Hazırda bərpa olunan
mənbələrdən elektrik enerjisinin istehsalı, enerjinin saxlanması, kimya
sənayesi, kənd təsərrüfatı, logistika və nəqliyyat kimi geniş spektrli
layihələr üzrə fəal danışıqlar və məsləhətləşmələr aparılır.
Çin Bakı Enerji Həftəsində iştirak etmək üçün yüksək səviyyəli nümayəndə
heyəti göndərməklə yanaşı, həm də Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası
və Çin Beynəlxalq İdxal Sərgisi kimi platformalar vasitəsilə Çin
investorlarının cəlb edilməsində Azərbaycana fəal dəstək verir. Çin, həmçinin
Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresindən kosmik
texnologiya, rəqəmsal iqtisadiyyat və digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığı inkişaf etdirmək üçün istifadə edəcək. Çin müəssisələri
Azərbaycanın biznes mühiti və bazar potensialına nikbin yanaşır və qeyri-neft
sektorunda yeni əməkdaşlıq layihələrinin yaxın gələcəkdə öz bəhrəsini
verəcəyinə inanırlar.
– Bərpa olunan enerji mənbələri istehsalçısı olan “Dongfang Electric” şirkəti
Azərbaycanla əməkdaşlığı genişləndirəcəkmi?
– “Dongfang” energetika şirkəti hazırda 230 MVt gücündə Qobustan fotoelektrik
stansiyası layihəsini həyata keçirir. Qobustan Azərbaycanda yeni enerji
sahəsində ilk irimiqyaslı layihələrdən biridir. Bu, həm də Çin şirkəti
tərəfindən Azərbaycanda həyata keçirilən bu qəbildən olan ilk irimiqyaslı
layihədir. O, qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi və
qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət
kəsb edir. Çin şirkəti bir sıra çətinlikləri aradan qaldırdıqdan sonra cəmi bir
neçə ay ərzində təxminən 5 kvadrat kilometr ərazidə səhranı “tükənməz sərvət
mənbəyinə” çevirib. Hazırda layihə tamamlanma mərhələsinə qədəm qoyub və yaxın
gələcəkdə onun enerji şəbəkəsinə qoşulması gözlənilir ki, bu da Azərbaycanın
enerji strukturunun transformasiyasında müsbət rol oynayacaq. Düşünürəm ki, bu
irimiqyaslı layihənin uğurla həyata keçirilməsi fonunda Çin şirkətləri öz
səylərini davam etdirəcək və Azərbaycanın iqtisadi inkişafına daha böyük töhfə
verəcəklər.
– Çinin Orta Dəhlizdən istifadə etmək və onun potensialını artırmaq maraqları
barədə məlumat verə bilərsinizmi?
– Orta Dəhliz “Bir kəmər, bir yol” layihəsinin ideyasına uyğundur. O, regional
kommunikasiyaların və iqtisadi inkişafın gücləndirilməsi, eləcə də qlobal
logistika və istehsal zəncirlərinin sabitliyinin təmin edilməsi üçün böyük
əhəmiyyət kəsb edir. Orta Dəhliz Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa marşrutu üzrə
dayanıqlı və fasiləsiz tədarükü təmin edir və Çin-Avropa istiqamətində dəmir
yolu ilə yük daşımalarının diversifikasiyasına töhfə verir. Çin layihənin
maddi-texniki təchizatını davamlı olaraq təkmilləşdirmək, nəqliyyat
dövriyyəsini qısaltmaq, nəqliyyat xərclərini azaltmaq və mümkün qədər çox mal
cəlb etmək üçün Orta Dəhliz ölkələri, o cümlədən Azərbaycan ilə əməkdaşlığı
bundan sonra da gücləndirməyə hazırdır. Çin Azərbaycanla imkanları bölüşməyə və
qarşılıqlı fayda əsasında qarşılıqlı fəaliyyət göstərməyə hazırdır.
– Rəqəmsal iqtisadiyyatda əməkdaşlığın perspektivləri necədir?
– Çin Azərbaycanın son illər iqtisadiyyatını şaxələndirmək üçün həyata
keçirdiyi konstruktiv tədbirlərə diqqət yetirir. Rəqəmsal iqtisadiyyat
texnologiyalarının səviyyəsi və onların tətbiqi miqyasına görə Çin dünya
liderləri sırasındadır. Biz müvafiq təcrübəni bölüşməyə və şəbəkə
infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşmanın inkişafı və
kibertəhlükəsizliyin təmin edilməsində Azərbaycana fəal dəstək verməyə hazırıq.
Tərəflər Azərbaycanın iqtisadi transformasiyasına yeni təkan vermək üçün 4-cü
sənaye inqilabı, blokçeyn, süni intellekt, rəqəmsal biznes, “ağıllı” kənd
təsərrüfatı və rəqəmsal hökumət sahələrində əməkdaşlıq imkanlarını araşdıra
bilərlər.