Maaşından pul tutulanlara vacib xəbər - Problem yarandıqda mütləq XƏBƏR VERİN

Maaşından pul tutulanlara vacib xəbər – Problem yarandıqda mütləq XƏBƏR VERİN

Baxış sayı: 1. 759 dəfə baxılıb.

Son günlər vətəndaşlar arasında İcbari Tibbi Sığorta xidməti ilə bağlı narazılıq halları artıb. Xüsusən də sosial şəbəkələrdə tez-tez şikayət xarakterli postlarla rastlaşırıq. Vətəndaşlar əməkhaqqlarından sığorta haqqı tutulduğunu, lakin klinikalara yaxınlaşan zaman onlara, “Xidmətlər paketi hələ tam dəqiqləşmədiyi üçün köməklik göstərə bilmərik”,- cavabının verildiyini qeyd edirlər.

Maraqlıdır, xidmətlər paketi nə vaxt dəqiqləşəcək? Prosesin yubanmasına səbəb nədir?
Məsələ ilə bağlı “yenisabah.az”ın sorğusunu cavablandıran İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bildirilib ki, icbari tibbi sığorta hazırda bütün respublika ərazisində tətbiq edilir:
“2021-ci il 1 aprel tarixindən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərən dövlət tibb müəssisələrində sistemin tətbiqinə hazırlıqla bağlı optimallaşdırma işləri aparılıb.
Belə ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, ambulator-poliklinik xidmətlərin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər görülüb.
Hazırda bütün vətəndaşların icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə etmək hüquqları vardır. İcbari tibbi sığortanın Xidmətlər Zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib.
Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfi çərçivəsində əhaliyə 2550 sayda müxtəlif tibbi xidmət göstərilir”.
Agentlik Xidmətlər Zərfinə nələrin daxil edildiyini də diqqətə çatdırıb:
“Buraya ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər aiddir.
Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.
Agentlik tərəfindən tibbi xidmətlərin hamı üçün əlçatan olması və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür.
Vətəndaşın icbari tibbi sığorta sistemi ilə bağlı sualları yaranarsa, Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, qurumun internet səhifəsində “Elektron müraciət” bölməsinə müraciət edə bilər.
Qeyd edək ki, həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişlərin verilməsi ilə bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş Agentliyə müraciət edə bilər”.
Qurum qeyd edib ki, vətəndaş göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir:
“Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, info@tabib.gov.az elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər”.