4796a8bc-5bb6-4626-aae8-16cba26f37ba..jpg

Macarıstanın Lakitelek şəhərində Nizami Gəncəvinin büstü açılıb – FOTO

Baxış sayı: 491 dəfə baxılıb.

Macarıstanın Lakitelek şəhərində Nizami Gəncəvinin büstü açılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 19-da Macarıstanın Lakitelek şəhərində yerləşən Hungarikum parkında
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi
keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə fəxri qonaq qismində Milli Məclisin sədrinin
birinci müavini, Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun
rəhbəri Əli Hüseynli dəvət olunub. Tədbirdə, həmçinin Macarıstan Milli
Assambleyasının vitse-spikeri Şandor Lejak, Macarıstanın Mədəniyyət
Nazirliyinin Dövlət katibinin müavini Yanoş Sentmartoni, Türk Dövlətləri
Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin, yerli hakimiyyət
orqanlarının, ictimaiyyətin və ali təhsil ocaqlarının nümayəndələri,
azərbaycanlı və macar tələbələr iştirak ediblər.

Y. Sentmartoni çıxışında Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə
ətraflı məlumat verib, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın
uğurla inkişaf etdiyini bildirib.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Nizami Gəncəvinin “Xosrov və
Şirin” əsərində tərənnüm olunan dostluğa istinad edərək, ölkələrimiz arasında
genişləndirilmiş strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrindən danışıb. Ortaq
tarixi köklər, Azərbaycan və Macarıstan liderləri arasındakı dostluq
münasibətləri, iki ölkənin üzləşdiyi bənzər təhlükəsizlik təhdidləri,
energetika sahəsində əməkdaşlıqla yanaşı, Macarıstanın Avropa İttifaqının üzv
dövləti olaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına göstərdiyi müstəsna
dəstək xüsusi vurğulanıb.

Əli Hüseynli ölkəmizin bu günlərdə tarixi qələbəsini qeyd etdiyini, Qarabağda
Azərbaycanın suverenliyi tam bərpa olunmaqla ərazilərimizin işğalına son
qoyulduğunu diqqətə çatdırıb. O, Azərbaycan poeziyasının inkişafında tarixi
rolu olan Nizami Gəncəvinin büstünün Lakitelek şəhərində ucaldılmasına görə
Macarıstan Milli Assambleyasının vitse-spikeri Şandor Lejaka minnətdarlığını
bildirib.

Eyni zamanda, Macarıstanın həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq
platformalarda ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyəti yüksək
qiymətləndirilib. Milli Məclis sədrinin müavini, eyni zamanda, Ş. Lejakın cari
ildə ölkəmizə səfərini və parlamentdəki çıxışını xatırladıb, iki ölkənin
parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini
qeyd edib.

Şandor Lejak çıxışında Hungarikum parkda görülən işlər barədə məlumat verib.
O, Türk dövlətlərinin mədəniyyət xadimlərinin abidələrinin ucaldılması
istiqamətində işin davam etdiriləcəyini, Qazaxıstan, Qırğızıstan və
Azərbaycanla yanaşı, Türkiyə və Özbəkistan təmsilçilərinin büstlərinin də bu
parkda yerləşdiriləcəyini bildirib.

Rəsmi hissədən sonra Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin
gənclərindən ibarət ansambl Azərbaycana və digər türk xalqlarına məxsus
mahnılar səsləndirib.

Sonda tədbir iştirakçıları Nizami Gəncəvinin büstü önünə əklillər və gül
dəstələri qoyub, xatirə şəkilləri çəkdiriblər.

Source link